"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

post-img

Aprelin 26-da "Ədibin evi"ndə görkəmli yazıçı Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva görkəmli ədibin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, “Ədibin evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi istifadəyə verilib.

Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov çıxışında Mir Cəlal Paşayevin həyat və yaradıcılığından söz açıb, onun alim kimi Azərbaycan ədəbiyyatındakı əvəzolunmaz mövqeyindən bəhs edib. Qeyd edib ki, görkəmli ədib zəngin bədii yaradıcılığı ilə hər zaman gənclərə örnək olub.

Xalq şairi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Təhsin Mütəllimov və Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli yazıçının həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək, Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına, elminə müstəsna xidmətlər göstərdiyini, həmçinin alim kimi tələbələrinə hər zaman dəstək olduğunu qeyd ediblər. Bildirilib ki, Mir Cəlal Paşayev fəaliyyəti, yaradıcılığı ilə ölkə ədəbiyyatının, təhsilinin inkişafına böyük töhfələr verib.

Sonra ADA Universitetinin rektoru, professor Hafiz Paşayev atası ilə bağlı xatirələrini bölüşüb. Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də nümunə olduğunu diqqətə çatdırıb.

Hafiz Paşayev "Ədibin evi”nin yaradılmasındakı məqsədin bu yeri mədəniyyət ocağına çevirmək və bununla da Mir Cəlal irsini davam etdirmək olduğunu vurğulayıb. Qeyd edib ki, Mir Cəlal Paşayev ən yaxşı əsərlərini "Ədibin evi"ndə yazıb.

Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin ürək sözlərini iştirakçılara çatdırıb. Həmçinin Arif Paşayev adından “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevaya xatirə hədiyyələri təqdim olunub.

Tədbirdə MAA-nın tələbələri İlknur Musayeva, Mələk Bağırova, Lamiyə Qubatova, Nazim Əzimli və Aydan Mirzəbəyova Mir Cəlal Paşayevin xatirəsinə həsr olunan şeir və musiqilər səsləndiriblər. Həmçinin tələbələr Nicat Şiriyev, Aqşin Əhmədli, Cəfər Sadıq, Turan Seyfullayev və Hüseyn Nəsirov görkəmli yazıçının ədəbi yaradıcılığından səhnə canlandırıblar.

























Mədəniyyət