Sülh, yoxsa silahlanma?

post-img

Ermənistanı silahlandıranlar həm də sülhdən dəm vururlar...

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıq­ların getməsinə, paralel olaraq, delimitasiya və demarkasiya üzrə komissiyala­rın iclasında müəyyən nəticələrin əldə olunmasına baxmayaraq, bəzi ölkələr Hayastanı revanşizmə sürükləmək siyasətindən əl çəkmirlər. Onların arasında üç ölkəni xüsusi qeyd etmək lazımdır. Bunlar Fransa, Hindistan və Yunanıstan­dır. Onlar Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadıqlarını hər vəchlə nümayiş etdirirlər.

Diqqəti çəkən həm də odur ki, bu ölkələrdən biri – Fransa uzun illər Er­mənistanla Azərbaycan arasındakı mü­naqişənin həlli üçün vasitəçilik edən, ta­rixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olub. Heç kəsə sirr deyil ki, bu başabəla qrup münaqişənin həllinə deyil, əslində, həll olunmamasına xidmət edib. Onun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi uzun illər ər­zində Bakıya, İrəvana, həmçinin Xankən­diyə səfərlər edərək, ölkəmizi təslimçi sül­hə sürükləməyə, yaranmış status-kvonu qəbul etdirməyə çalışıb. Həmsədrlərin fəaliyyəti, o cümlədən onların bölgəyə səfərləri Azərbaycan cəmiyyətində haqlı narazılıqla qarşılanıb. Rəsmi Bakı isə əra­zilərinin işğal altında qalması ilə barışma­yacağını dəfələrlə bildirib. Həmin ifadələr 2020-ci ilin payızında real həyata vəsiqə qazanıb. Ölkəmiz 44 gün ərzində düşmə­ni darmadağın edərək onu təslimolma ak­tına imza atmağa məcbur edib.

Yeri gəlmişkən, qeyd edək ki, həm­sədrlər və ATƏT-in fəaliyyətdə olan səd­rinin şəxsi nümayəndəsi Anji Kaspşik müharibənin başa çatmasından az sonra – 2020-ci il dekabrın 12-də Bakıya səfər etmişdi. Həmin görüşdə çıxış edən Pre­zident İlham Əliyev demişdi: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllin­də heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. La­kin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yara­dıcı olmaq istiqamətində müəyyən fəaliy­yəti olsa da, bunlar heç bir nəticə vermə­mişdir. Reallıq bundan ibarətdir”.

Ermənistanın müharibədəki məğ­lubiyyəti, Fransanın da, necə deyərlər, üzündən maskasının düşməsinə səbəb oldu. Əslində, Paris elə müharibənin getdiyi günlərdə açıq ermənipərəstliyə keçmişdi. Fransanın bütün dövlət apa­ratının müharibə günlərində Azərbaycan əleyhinə fəaliyyət göstərdiyini desək, yəqin ki, mübaliğəyə yol vermiş olma­rıq. Fransa dövlət başçısı, Xarici İşlər Nazirliyi dəfələrlə bəyanatlar verdilər. Paris bizə BMT-də həmlələr etdi. Ölkə­nin media orqanlarının müharibə ilə bağlı Azərbaycanın ünvanına atmadığı böhtan qalmadı. Azərbaycanın, guya, xaricdən, əsasən Suriyadan muzdlular cəlb etməsi feyk xəbərini ilk dəfə məhz Fransa medi­ası yaymışdı.

Fransa BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvündən biri kimi, Cənubi Qafqazda müsbət rol oynamaq üçün geniş potensiala malik ol­masına baxmayaraq, həmin imkanlardan destruktiv məqsədlər üçün istifadə edir. Paris Ermənistana silah-sursat tədarük edir. Aydın məsələdir ki, bu silahlar Azər­baycana qarşı istifadə üçün verilib.

Şəxsən prezident Emmanuel Makro­nun “səyləri” nəticəsində Fransa–Azər­baycan münasibətləri hazırda 1991-ci ildən bəri ən soyuq dövrünü yaşayır. Bu­nun bariz göstəricisi aprelin 16-da Makro­nun Azərbaycandakı səfir Ann Buayonu məsləhətləşmələr üçün geri çağırması olub. Fransa burada da səmimiyyətdən uzaq, daha doğrusu, riyakar hərəkət edib. Səfirin geri çağırılması ilə bağlı məlumat yayan Fransa Xarici İşlər Nazirliyi bunun təqsirini Azərbaycanın üzərinə atmağa uğursuz cəhd edib.

Məlumatda deyilirdi: “Azərbay­can tərəfindən son aylarda ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar (?) Fransa Azərbaycandakı səfi­rini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Respublika prezidenti bu gün səfirimizi bununla bağlı qəbul edib. O, Azərbaycanın hərəkətlərindən təəssüf­ləndiyini bildirib və Bakının niyyətlərinə aydınlıq gətirməsini (?) istəyib”.

Məlumatın sonrakı hissəsi də Fransa­nın utanıb-qızarmadığından xəbər verir: “Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan ara­sında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bir daha bəyan edir. Bu yanaşma həm iki ölkəyə, həm də bü­tün regiona fayda verəcək”.

Fransanın, Hindistanın və Yuna­nıstanın Ermənsitanı silahlandırması məsələsi aprelin 23-də ADA Universite­tində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum­da Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri oldu. Dövlətimizin başçısı ABŞ-nin Prinston Universitetinin professoru, Diplomatiya Tarixi və Təcrü­bəsi Proqramının direktoru Maykl Rey­noldsun sualına cavab olaraq bildirdi ki, bizim üçün təsəvvür etdiyiniz kimi, əsas narahatlıq Ermənistanda potensial və mövcud revanşist meyillərdir. Qeyd etdi ki, bizim narahat olmağa tam haqqımız var, çünki Ermənistan bizə qarşı təcavüz edib, ərazimizi işğal edib, bir milyon in­sanı öz evlərindən qovub, torpaqlarımızı talayıb və hər şeyi dağıdıb, ərazimizin 20 faizini yerlə-yeksan edib: “Beləliklə, Er­mənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə müna­sibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qa­rışmırıq və bunu bütün qonşularımız bi­lir. Amma bu, bizim milli təhlükəsizliyi­mizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığı­nı görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumə­tinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bə­ziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Er­mənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənista­na mesajım budur ki, bunu etməyin...”

Hayastanı silahlandıran digər dövlət Hindistandır. Nyu-Dehlinin son illərdə bu istiqamətdə aktiv fəaliyyətə başlaması təəssüf doğurur. Narendra Modinin haki­miyyətdə olduğu 10 il ərzində dörd pillə irəliləyərək iqtisadiyyatına görə dünya­nın beşinci ən iri ölkəsinə çevrilən, 2027-ci ilədək ABŞ və Çindən sonra dünyanın üçüncü ölkəsinə çevriləcəyi proqnozlaş­dırılan Hindistan Azərbaycanla əmək­daşlıq üçün də, necə deyərlər, əl yeri qo­yur. Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Ceysval bu­günlərdə keçirdiyi brifinqdə bildirib ki, Nyu-Dehlinin həm Ermənistanla, həm də Azərbaycanla çox yaxşı münasibətləri var. “Lakin bizim Hindistanın müdafiə ixracını stimullaşdırmaq siyasətimiz də var” – deməklə dolayısı ilə biznesin Hin­distan üçün əsas məsələlərdən biri oldu­ğunu vurğulayıb.

Yunanıstan isə Azərbaycan–Tür­kiyə münasibətlərinin yeni inkişaf mər­hələsinə qalxması, o cümlədən Bakının Şimali Kiprlə əlaqələri daha da sıxlaş­dırması səbəbindən ölkəmizin əleyhinə addımlar atır. Yunan əsilli amerikalı konqresmen Dina Taytusun bugünlərdə Azərbaycana “sanksiya tətbiqi” ilə bağ­lı layihə hazırlamasına da bu çərçivədən yanaşmaq doğru olardı.

Ancaq Prezident İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda dediyi kimi, Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansı yoxdur. İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi. Cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bil­mədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tama­milə məhv etdik. Zənnimizcə, İrəvanda rahat kürsülərdə əyləşənlər həmin günlə­ri yaddan çıxarmamalıdırlar.

İlyas HÜSEYNOV,
politoloq

– Hazırda Ermənistanın silah­landırılması prosesi gedir. Fransa, Hindistan və Yunanıstanın Hayastana silah verməsi bölgədə təhlükəsizlik təhdidlərini bir qədər də artırır. Azər­baycan buna hələ ki, siyasi-diploma­tik müstəvidə cavab verir. Ancaq biz də özümüzə təhdid hiss etdikdə dər­hal hərəkətə keçəcəyik. Yaranacaq vəziyyətə görə məsuliyyət isə İrəvan­la yanaşı, onu silahlandıran ölkələrin də üzərinə düşəcək. Bu səbəbdən Ermənistanı silahlandıran dövlətlər düşünməlidirlər ki, İrəvanı çox pis vəziyyətə sala bilərlər.

Azərbaycan bu gün güclü hərbi potensiala malikdir. Ermənistana ve­rilən silahlar isə bölgədəki qüvvələr balansını dəyişmək iqtidarında deyil. Buna baxmayaraq biz 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış ölkənin silahlandırılmasına biganə qala bilmərik.

Vətən müharibəsində Azərbay­canın gücünü, qüdrətini, xalqımızın iradəsini və hərbçilərimizin peşəkar­lığını bütün dünya gördü. Ona görə də Ermənistanın silahlandırılması, ona hərbi-siyasi dəstəyin verilmə­si yalnız revanşizm iştahını artırır. Lakin reallıqda nəyəsə nail olmaq mümkün olmayacaq. Digər tərəfdən bu addım Cənubi Qafqazda təhlükəli tendensiya formalaşdırır. Rusiya–Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda yeni cəbhə açmaq, yeni münaqişə ocaqları yaratmaq və bu­nunla beynəlxalq nizamı pozmaq, əl­bəttə, yalnız məkrli qüvvələrin işidir. Həmçinin, bölgədəki yeni reallıqları qəbul etməyən güc mərkəzlərinin fəaliyyətinin tərkib hissəsidir.

Bu gün bölgəmizdə və qlobal miqyasda müharibələr, silahlı mü­naqişələr olsa da, Azərbaycan öz təh­lükəsizliyini təmin edən dövlət kimi geniş coğrafiyada sabitliyin yaran­ması üçün əlindən gələni edir. Bakı bölgənin, necə deyərlər, sabitlik ada­sına çevrilməsində maraqlıdır. Lakin Ermənistanın destruktiv yanaşmaları və onun arxasnda olan qüvvələrin bu cür “həmlələri” sabitlik üçün böyük təhlükələr yaratmaqdadır.

Səxavət HƏMİD
XQ



Siyasət