Erməni lobbisi beynəlxalq hüquq dələduzunu yenidən ortaya salıb
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, ekspert və vəkil Luis Moreno Okampo yenidən peyda olub. Daha doğrusu, dünya erməniliyi yenidən onun “xidmətlərinə” baş vurmaq qərarına gəlib. Bu, həmin Morenodur ki, ötən il çox “aktiv” idi və xüsusən də Laçın yolu ilə bağlı məsələni qabardaraq, Qarabağın erməni əhalisinə qarşı, guya, soyqırımı reallaşdırıldığını iddia edirdi. Ancaq bütün bunların heç bir faydası olmadı. Ortada argentinalı vəkilin korrupsioner, hüquq dələduzu obrazı canlandı. Görünür, o, hazırda öz obrazındakı mənfi çalarları bir qədər də zənginləşdirmək fikrindədir.
Beləliklə, L.M.Okampo rəsmi Bakını “soyqırımı”na görə beynəlxalq məsuliyyətə cəlb etmək məqsədi ilə 28 səhifəlik yol xəritəsi hazırlayıb. Əlbəttə, dələduzun erməni lobbi və diaspor təşkilatlarından aldığı maliyyəni doğrultmaq üçün nələrsə gerçəkləşdirməli olduğunu anlamaq mümkündür. Ancaq belə yox. Məsələ ondadır ki, onun göstərdiyi mexanizmlərin heç birinin təcrübədə tətbiqi imkanları yoxdur. Ümumən, argentinalı vəkilin irəli sürdükləri bir daha onu göstərir ki, beynəlxalq hüququn köməyi ilə Azərbaycana qarşı mübarizə aparmaq fayda verməyəcək.
Bir məqamı da vurğulamağa ehtiyac var. Hazırda Okamponun açıqladığı Azərbaycanın “soyqırımı”na görə məsuliyyətə cəlbi mexanizmlərindəki ayrı-ayrı bəndlər Bakı – İrəvan münasibətlərinin tənzimləməsinə də mənfi təsir qazandırmaq potensialındadır. Nə qədər olmasa, xüsusən son vaxtlar sərhədlərin delimitasiyası prosesində müəyyən müsbət dinamika müşahidə olunmaqdadır. Mövcud məqam həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən vurğulanır və pozitiv qiymətləndirilir. Pozitivlik isə vahid təbiətə malik olmalıdır.
Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl sülh prosesindən danışarkən, onun hər iki ölkənin beynəlxalq miqyasda bir-birinə qarşı iddialardan geri çəkilməsinə şərait yaradacağına inandığını dilə gətirmişdi. Belə olan halda okampolara ehtiyac varmı? Ancaq, görünür, kimlərsə, daha doğrusu, hansısa beynəlxalq qüvvələr ehtiyacın olduğu qənaətindədirlər. İstər-istəməz şübhə yaranır ki, Paşinyan və komandası da onlarla işbirliyi içərisindədir. Hər halda, Okampo ortaya elə-belədən düşmür.
Bəli, BCM-nin keçmiş prokuroru hüquq adına tam cəfəng məsələləri gündəmə gətirir. Beynəlxalq ekspertlər də vəkilin Azərbaycanı məsuliyyətə cəlb etmək üçün irəli sürdüyü tezislərin hansısa əhəmiyyətinin olmadığını, sifarişlə, əvvəlcədən göndərilmiş təlimata uyğun hazırlandığını bildirirlər. Onlar vurğulayırlar ki, Okamponun işlətdiyi ifadələr erməni media orqanlarının redaksiya məqalələrindəki fikirlərdən o yana keçmir, faktlara deyil, fərziyyə və fantaziyalara əsaslanır. Məsələn, argentinalı dələduz “davam edən erməni soyqırımı” tezisini ortaya atır. Aydındır ki, bunun təsdiqi baxımından heç bir dəlil-sübut yoxdur, belə deyimlər yalnız təbliğat vasitəsidir. Başqa heç nə və peşəkar hüquqşünas bu cür sərsəm ritorikaya üstünlük verməməlidir.
Məlumdur ki, Okamponun, daha doğrusu, erməni lobbi və diaspor təşkilatlarının, elə Ermənistan hakimiyyətinin özünün də istədiyi Azərbaycana qarşı beynəlxalq miqyasda təzyiqlərin artması, sanksiyaların tətbiqidir. “Soyqırımı” məntiqi isə hazırda qondarma iddianın ildönümü baxımından tutarlı görünə bilər. Yəni, ümumi ab-havanın əlverişliliyi nöqteyi-nəzərindən. Ancaq hüquq bu sayaq isti yanaşmaları, sentimentallığı qəbul etmir, onun sərt və soyuq sifəti var. Deməli, erməni diasporunun “təşəbbüskarlığı” faydasızdır. Prinsipcə, indiki məqamda erməni lobbi və diaspor təşkilatları yalnız Ermənistan hakimiyyətinin bəyan etdiyi məsələlər üzrə hərəkət etməlidirlər. Ancaq birincilər tam mənasız yerə Okamponu dövriyyəyə atırlar.
Paşinyan iqtidarının xaricdəki erməni lobbisi ilə əlaqəsi kəsilmiş durumdadır. Daha doğrusu, tərəflər arasında müştərək fəaliyyət elementləri bir o qədər nəzərə çarpmır. Diaspor müəyyən mənada keçmişin qalığı kimi çıxış edir, erməni iqtidarı isə belə demək mümkünsə, yenilikçidir. Əlbəttə, demək olmaz ki, Paşinyan və komandasının yenilikçiliyində avantürizm elementləri istisnadır. Ancaq birincilər məsələni daha dramatik qoyurlar və müqayisəli yanaşsaq, erməni iqtidarına nisbətdə reallıqdan daha uzaqdırlar. Uzaqlığın, bütövlükdə, Ermənistana ziyan vurması da var. Məsələn, 2020-ci ilin iyul hadisələri və 44 günlük müharibə zamanı erməni diasporunun kütləvi isterikasını yada salaq. Səs-küy, aqressiya, müzakirələr, qınaqlar baş alıb getdi, amma nəticə olmadı. İndi də durum aşağı-yuxarı eynidir. Amma yenidən bildirək ki, Azərbaycana qarşı beynəlxalq miqyasdakı istənilən əks davranışın Bakı – İrəvan münasibətlərinin nizamlamasına mənfi təsir yükü aktualdır. Yəni, bütün hallarda durumdan zərərli çıxacaq tərəf Ermənistandır. Ötən müddətdə baş verənlər də fikrimizin təsdiqidir. Deməli, Okamponun hazırkı canfəşanlığına ehtiyac yoxdur.
Qeyd edək ki, çox yaxın keçmişdə Ermənistan Azərbaycanla danışıqlar prosesini saxta “erməni soyqırımı” iddiası ilə pozmağa çalışıb və yenə ön planda Okampo olub. O, ötən ilin avqustunda “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı saxta və sifarişli hesabat hazırlamışdı. O zaman Okamponu erməni əsilli amerikalı pornoulduz Kim Kardaşyan və amerikalı klinik professor Erik İsraelyan gündəmə gətirmişdi. Birincinin hazırladığı sənəd Qərb nəşrlərində geniş yayılmışdı. Hətta, “Vaşinqton post” kimi hesabatın üzərində xüsusi dayanmış media orqanları da meydana atılmışdılar.
Əlqərəz, Okampo həmin vaxt təfəkkürünün mücərrəd guşəsində bəslədiyi “keyfiyyətlərini” işə salaraq bildirmiş və xəbərdarlıq etmişdi ki, Azərbaycan, guya, Qarabağ ermənilərinin soyqırımına hazırlaşır. Karyerası ərzində qalmaqallarla yadda qalmış Luis Morenonun hazırladığı saxta sənədə istinad edən “Vaşinqton post” BMT-nin Təhlükəsizlik Şurasına müraciətin ünvanlanmasını və “erməni soyqırımı” məsələsinin beynəlxalq platformalarda müzakirə mövzusuna çevirməyin zəruriliyini açıqlamışdı. ABŞ nəşri, həmçinin Okamponun beynəlxalq konvensiyalarda soyqırımının digər məsələlərlə yanaşı, “yaşayış şəraitinin qəsdən dəyişdirilməsi” kimi təzahürünün mövcudluğu tezisinə söykənərək, “soyqırımının həyata keçirildiyini güman etmək üçün ciddi əsaslar var” deyə “həyəcan təbili” çalmışdı. Qəzetin “aclıq soyqırımının görünməz silahıdır. Təcili kəskin dəyişikliklər edilməsə, bu erməni qrupu yaxın həftələrdə məhv ediləcək” sayaq fikirlərin yer aldığı məqaləsində Qarabağ münaqişəsinin tarixindən qısa şəkildə bəhs edilməklə bərabər, Ermənistanın Laçın – Xankəndi yolunun üzərində qurduğumuz Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsinə yaxın zonada hazırladığı “tır şousu”na da yer verilmişdi.
Yeri gəlmişkən, Luis Moreno Okampo həyata keçirdiyi cəfəng işə ictimai məzmun qazandırmaq cəhdi ilə K.Kardaşyanı və E.İsraelyanı “Qarabağ xalqının” səsini ABŞ Dövlət katibi Antoni Blinkenə çatdırmağa çağırmışdı. O bildirmişdi ki, Blinken vəziyyəti dəyişdirə və bölgə ermənilərinin soyqırımını dayandıra bilən insanlardandır.
Argentinalı vəkilin belə bir “dəst-xətt” seçməsi Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarının ölkə rəhbərliyini şantaj etmək cəhdidir. Belə çıxırdı ki, əgər qaldırılan məsələ reallaşmasa, Blinken soyqırımın gerçəkləşməsinə göz yuman şəxsə çevriləcək. Əslində, eyni “yol” bu gün üçün də aktualdır. Bildirdiyimiz kimi, Morenonun hazırkı aktivliyi “soyqırımı” mövzusunu əldə bayraq edərək sülh prosesinə maneçilik törətmək istəyidir.
Sırf Okampoya gəldikdə isə o, pul üçün hər cür vicdansızlığa hazırdır. Dünyanın müxtəlif media orqanları onun karyerasındakı qaranlıq məqamlara kifayət qədər çox toxunublar. Bu baxımdan ilk növbədə 2017-ci ildə Fransanın rəqəmsal “Mediapart” nəşri naməlum mənbələrdən Morenonun bütün elektron poçt yazışmalarının surətini əldə etməyə müvəffəq olmasını vurğulaya bilərik. Almaniyanın “Der Spiegel” nəşri isə bu materiallar əsasında müəyyənləşdirmişdi ki, ekspert 2003-cü ildən bəri Argentinada vergi vermir.
Məsələ ondadır ki, alman nəşri Moreno Okamponun ofşorlarda hesab və kampaniyalarının mövcudluğunu da üzə çıxarmışdı. Vəkilin özü həmin qeyri-leqal zonalarda “işlədiyini” etiraf etmək məcburiyyətində qalmış və demişdi ki, Argentinada yaşamadığı üçün vergi ödəmir.
Elə sözügedən tədqiqat əsasında Avropanın jurnalist şəbəkəsi olan EIC xəbər vermişdi ki, Moreno Okamponun Hasan Tatanaki adlı müştərisi olub. Tatanaki liviyalı maqnat idi və ölkəsindəki hərbi cinayətlərdə ittiham edilirdi. Necə alındısa, Beynəlxalq Cinayət Məhkəməsi heç vaxt maqnatı qeyri-insani əməllərdə şübhəli bilmədi. Əlbəttə, bu, argentinalı hüquq dələduzunun 2012-ci ilədək çalışdığı qurumdakı baş prokuror “fəaliyyətinin” nəticəsi idi.
Qaranlıq hüquq fəaliyyəti ilə ad çıxarmış Luis Moreno Okamponun daha bir kriminal dələduzluq əməlini isə “Sunday Times” nəşri üzə çıxarmışdı. Nəşr müəyyənləşdirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindən çıxan elektron məktublarda Moreno məhşur kino ulduzu Ancelina Coli və çox güman, onun o zamankı həyat yoldaşı, tanınmış aktyor Bred Pittin köməyi ilə uqandalı hərbi rəhbər Cozef Konini nahara dəvət etmək, onun həbsinə nail olmaq və irəli düşmək istəmişdi.
Bəli, Okampo müxtəlif cinayətkar kriminal dairələrin, belə demək mümkünsə, haqlı çıxarılması, cəzadan uzaq tutulması üzrə dünyanın say-seçmə hüquq mütəxəssislərindəndir. O, saxta hesabat məntiqinə baş vuraraq, Azərbaycanın Qarabağ ermənilərinə qarşı, guya, soyqırımı həyata keçirməsi ilə bağlı iddianın beynəlxalq hüquq müstəvisinə özünə yer tapmasına çalışır. Əlbəttə, istəyinə çatmağı bacarmayacağı tam aydındır.
Ə.CAHANGİROĞLU
XQ