III MƏQALƏ
Müxtəlif ibrətverici tarixçələrin cəmləşdirilməsi böyük zənginlikdir.
İ.Höte
Böyük şair İ.Hötedən iqtibas gətirdiyimiz bu fikir hər bir insan və ölkə üçün ibrətamiz ola biləcək tarixi hadisələri ümumiləşdirib, onlara müasirlik prizmasından baxmağın əsl zənginlik olması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev də daim öyrədirdi ki, tarix çətin imtahançıdır, onun sınaqlarından çıxmağı öyrənmək lazımdır. Bunun üçün tarixin ibrət dərslərini yaxşı mənimsəmək gərəkdir.
Azərbaycan Respublikası bugünkü fəaliyyəti ilə sübut edir ki, Avrasiyada tarixin ibrət dərslərindən düzgün nəticə çıxaran müstəqil dövlətdir. Azərbaycanın Türkiyə və Rusiya ilə geosiyasi müttəfiqliyi bu tezisin işığında çox maraqlı və əhəmiyyətli görünür.
Yeni mərhələnin geosiyasəti
Məsələ, sözün həqiqi mənasında, dünyanın geosiyasi və mədəni taleyi ilə bağlıdır. İndi elm adamları və xüsusilə filosoflar dünyanın gələcək obrazının mənzərəsini proqnozlaşdırmağa çalışırlar. Müxtəlif ssenarilərdən bəhs edirlər. Lakin bütün hallarda bəşəriyyətin mövcudluğunu saxlamaq, müəyyən sosial nizama nail olmaq və davamlı inkişaf etmək ön plana çıxarılır. Burada “davamlı inkişaf” termini insan həyatının bütün aspektlərini əhatə edən və müsbət həyat şəraiti yaradan tərəqqi kimi başa düşülür. Ona mane ola biləcək faktorlar sırasında isə yeni texnologiyalar, süni intellektin daha yüksək səviyyədə funksional özəlliklərə sahib olması və təhlükəsizliklə bağlı meydana gələ biləcək risklər ayrıca yer tutur.
Məsələn, Henri Kissincer həmmüəllif olduğu (həmmüəlliflər yeni texnologiyalar üzrə tanınmış mütəxəssislərdir, biri “Google”ni yaradandır) son kitabında süni intellektin dünya üçün təhlükəli ola biləcəyindən bəhs edir. Səbəb ondan ibarətdir ki, müasir hərbi sənaye süni intellekt komandaları yarada bilir ki, müəyyən vaxtdan sonra onlar insanı eşitməyib özləri müstəqil qərarlar qəbul edə bilərlər. Bu süni varlıqlar kollektiv halda avtonom fəaliyyət göstərsələr, dünya təhlükəyə düşər.
Bunun qarşısını necə almaq olar? H.Kissincer siyasi liderlərin yeni fəlsəfəyə əsaslanmalarını tövsiyə edirdi. Bu “yeni xilasedici fəlsəfə” isə hələ yoxdur. Ancaq konkret və lokal məkanlarda onun ilk əlamətləri və cizgilərindən danışmaq olar. Həmin əlamətlər isə başlıca olaraq yeni liderliyin tərkibində özünü göstərir. Deməli, Azərbaycanın yeni geosiyasi kursunun sistemli və ardıcıl aspektini xarakterizə edən faktorlar, əslində, yeni xilaskarlıq fəlsəfəsinin parametrləri sayıla bilər. Burada ön plana bir neçə məqam çıxır.
Ədalətli və açıq qonşu
Prezident İlham Əliyev ADA-da keçirilən tədbirdə çıxışı zamanı Azərbaycanın ədalətli və açıq qonşuluq siyasəti yeritdiyini bəyan etmişdir. Bu iki özəllik, bütövlükdə, Azərbaycan xarici siyasətinin mühüm elementləridir. Dövlətin ədalətli olması qonşuları necə varsa, elə qəbul etməkdən başlanır. Yəni qonşuya onu dəyişmək mövqeyindən deyil, dialoqa girmək, qarşılıqlı fayda verə biləcək əməkdaşlığa cəlb etmək məqsədilə yanaşmaq doğru sayılır. Rusiya böyük və güclü dövlət kimi qonşudursa, bu reallıq fonunda onunla münasibət qurmaq lazım gəlir. Bu zaman, Azərbaycanın cəlbediciliyi daha da artır. Çünki ədalətliliklə yanaşı, açıq olmaq, hər bir məsələni səmimiyyət və şəffaflıqla müzakirə etmək əməkdaşlığa aparan yoldur. Həmin kontekstdə ədalətliliklə açıqlığın sintezi etibarlılıq səviyyəsini yüksəldir. Nəticədə dövlətlər arasında qarşılıqlı etimad yaranır. Məhz bu aspektdə Azərbaycanla Rusiya arasında Cənubi Qafqazla bağlı ümumi baxışların formalaşması qlobal miqyasda geosiyasət üçün vacib faktordur. Onun ayrıca səbəbləri də mövcuddur.
Məsələ Rusiyanın Qərbdə yaradılmış imici ilə bağlıdır. Etiraf edək ki, bu imic müsbət təsir bağışlamır. Buna görə də Qərb Rusiya ilə əlaqələr quran hər bir dövləti günahkar sayır və ona qarşı müəyyən addımlar atır. Deməli, faktiki olaraq, söhbət Rusiya istiqamətində qətiyyətli siyasi mövqedən və müstəqil siyasətdən gedir. Həm də bu xətt elə aparılmalıdır ki, heç bir tərəfin ciddi müqavimətinə tuş gəlməsin. Yalnız belə bir siyasəti davamlı olaraq yürüdən müstəqil dövlət əsl mənada dünyanın yeni geosiyasi nizamına və təhlükəsizliyinə töhfə vermiş olur.
Bu mənada Azərbaycanın Rusiya ilə konstruktiv əlaqələri Qərbin ciddi müqaviməti olmadan həyata keçirməsi unikal geosiyasi faktordur. Burada maraqlar balansını Azərbaycan dəqiq yaratmışdır. Bakının Qərblə əməkdaşlığı konkret proqramlara, layihələrə və açıq siyasi-diplomatik fəaliyyətə əsaslanır. Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıq sazişi vardır. ABŞ-la müxtəlif sferalarda əməkdaşlığı real ehtiyaclar üzərində qurulmuşdur. Avropanın bir neçə dövlətinin enerji təhlükəsizliyində Azərbaycan ciddi rol oynayır. Avropalı rəsmilər açıq bəyan edirlər ki, Bakı enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi üzvi surətdə birləşdirən layihələrin təşəbbüskarı və həyata keçirənidir. Son illər bu istiqamətdə əməkdaşlıq yeni səviyyəyə yüksəlmişdir. İndi Azərbaycan Avropanın “yaşıl iqtisadiyyat”ının formalaşdırılmasında iştirak edir.
Bunlarla yanaşı, Azərbaycan Rusiya ilə əməkdaşlığı real müstəvidə qurur və inkişaf etdirir. Bura müxtəlif sferalar daxildir. Nəticədə Qərbin konfiqurasiyasına qarşı olmayan yeni geosiyasi güc formalaşır ki, orada Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə də vardır. Bu geosiyasi konfiqurasiyaların bir-biri ilə ortaq mövqeyə gəlməsi əsas strateji məqsəddir. Avtomatik olaraq onların ünsiyyətini qura biləcək liderlərə və dövlətlərə ehtiyac yaranır. Məhz bu keyfiyyətdə Azərbaycanın şansı çoxdur. Azərbaycan – Rusiya – Türkiyə geosiyasi konfiqurasiyasının qlobal miqyasda perspektivi həm də bu imkanla bağlıdır. Burada məsələnin çox əhəmiyyətli və maraqlı bir cəhətinə yaxınlaşmış oluruq.
Müstəqil dövlətin tarixi şansı
Son 300 ilin Avrasiyadakı geosiyasi tarixinə nəzər yetirsək, görərik ki, bu müddətdə Azərbaycan ağır bir mərhələ keçmişdir. Əvvəlcə, milyon kvadratkilometr ərazisi olan ölkəni iki yerə böldülər, sonra bölünmələrin sayı çoxaldı. Faktiki olaraq möhtəşəm və güclü bir imperiyanı parça-parça etdilər. Bunun azərbaycanlıların dövlətçilik psixologiyasına zərbəsi ağır oldu.
Sonra cəmi 23 ay demokratik müstəqil dövləti Azərbaycanın coğrafi-siyasi və mədəni məkanının kiçik bir hissəsində qura bildik (Şimali Azərbaycanda). Onu yaşamağa qoymadılar. Nəticədə SSRİ tərkibindəki 70 illik dövr.
Bu barədə o qədər yazılıb ki, bir daha üzərində dayanmayaq. Nəhayət, bütün bunlardan sonra müstəqilliyini bəyan edən Şimali Azərbaycana qarşı təcavüzlər davam etdi. Onda ümumiyyətlə, dövlətçiliyi itirmək təhlükəsi yarandı. Faktiki olaraq, bütöv Azərbaycanın kiçik bir hissəsi də müstəqillikdən məhrum olmağın astanasına gəlmişdi.
Xilaskar lider Azərbaycan Respublikasını müstəqil dövlət kimi qoruyub saxlaya bildi. Geosiyasi, siyasi, iqtisadi, mənəvi-əxlaqi və ideoloji baxımdam indiki Azərbaycan Respublikası “öz külündən” yenidən yarandı. Ulu öndər Heydər Əliyev buna nail oldu.
İndi təsəvvür edək: faktiki olaraq 30 il bundan əvvəl məhv olmağın həddinə gəlmiş bir müstəqil Qafqaz dövləti dünyanın iki nəhəng geosiyasi güc mərkəzini ortaq mövqeyə gətirə biləcək güclü dövlət səviyyəsinə yüksəlmişdir. Azərbaycan bir qədər əvvəl Rusiya – Türkiyə münasibətlərinin müsbətə istiqamətlənməsində ciddi rol oynamışdır. İndi isə Qərb – Rusiya və ya Qərb – qeyri-Qərb geosiyasi məkanı üçün birləşdirici rol yerinə yetirməkdədir. Bu tərəqqinin tarixi və geosiyasi əhəmiyyətini ola bilsin dərk etməyənlər və ya qəbul etməyənlər vardır. Lakin tarix faktları sevir və gerçəklik hər şeydən üstündür! Bakı bütün aspektlərdə və istiqamətlərdə birləşdirici faktordur.
Bura Qərb, Türk dünyası, Şərq, Uzaq Şərq, İran, Gürcüstan istiqamətləri eyni dərəcədə daxildir. Son zamanlar bura çox maraqlı bir istiqamət də daxil olmuşdur. O istiqamət, paradoksal olsa da, Ermənistanla bağlıdır.
Azərbaycan və Türkiyə ilə geosiyasi konfiqurasiya Rusiyaya da Ermənistan və Gürcüstanla olan soyuqlaşmanı müsbət məcraya yönəltməyə imkan verəcək. Bunun təbii səbəbi Rusiyanın bölgə ilə qonşu olmasıdır. Hazırkı geosiyasi şərtlər daxilində qonşuların uzun müddət düşmən olması mümkün deyildir, deməli, haradasa ortaq mövqe yaranmalıdır. Bu mövqeni yarada biləcək yeganə dövlət isə Azərbaycandır. Səbəb?
Çünki vurğulanan bu üç ölkə üçün son yüz illər ən yaxın dövlət Azərbaycandır. Tarixin ironiyasıdır və ya onların bəxtinin gətirməsidirmi – fərqi yoxdur, bir zamanlar hər üçünün qəbul etmədiyi Azərbaycan indi onlara müdriklik dərsi keçir. Faktiki olaraq Rusiya, Ermənistan və Gürcüstan bir-biri ilə yola getmirlər. Rusiyanın hər iki Cənubi Qafqaz dövləti ilə problemi var. Gürcüstan da Rusiyanı ərazilərinin bir hissəsini işğal etməkdə ittiham edir. Ermənistan Moskvadan küsüb ki, niyə Azərbaycana qarşı hərbi güc işlətmədin. Gürcüstanla Ermənistan arasında zahirən normal görünən münasibətlərin “yeraltı riskləri” kifayət qədərdir.
Bütün bunların fonunda Azərbaycanın Rusiya, Gürcüstan və hazırda Ermənistanla heç bir problemi yoxdur. Rusiya strateji müttəfiqdir. Gürcüstan strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə yüksəlməkdə olan dost qonşu dövlətdir. Ermənistan da yavaş-yavaş Azərbaycanı qəbul etməli olan dövlət olduğunu anlamaqdadır. Yəni hər üç istiqamətdə Bakı birləşdirici və əməkdaşlıq yaradıcı rolundadır. Bunlara görə, Azərbaycanın Cənubi Qafqazda Türkiyə və Rusiya ilə birgə yeni geosiyasi konfiqurasiya yarada bilməsi tarixi sıçrayışdır. Azərbaycan dövlətçiliyinin möhtəşəm uğurudur.
Buradan növbəti aktual geosiyasi nəticə çıxır. Azərbaycan – Rusiya – Türkiyə geosiyasi konfiqurasiyası daha geniş geosiyasi məkanda əməkdaşlıq, təhlükəsizlik formulu üçün baza rolunu oynaya bilər. Bura Gürcüstan və İranla yanaşı, Cənubi Asiya və Yaxın Şərq ölkələri də daxil ola bilər. Yəni faktiki olaraq əsrlərdir davam edən böyük Şimal-Cənub qarşıdurmasına son qoyulur.
Bu çoxfunksiyalı və potensiallı geosiyasi konfiqurasiya, bütövlükdə, dünyanın yenidən nizamlanmasında aparıcı rol oynaya bilər. Azərbaycanın burada əhəmiyyətli rolu qonşu ölkələr siyasi miqyasından qonşu regionlar miqyasına və oradan da regionlararası miqyasa siyasi-diplomatik transformasiya ilə bağlıdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru