Əmin Əfəndiyevin 90 illik yubileyi qeyd edilib

post-img

Bu gün filologiya elmləri doktoru, dosent, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan Əmin Əfəndiyevin 90 illik yubileyi qeyd edilib. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.

Sərgidə Ə.Əfəndiyevin tərtib etdiyi biblioqrafik göstəricilər, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və tarixinin ən görkəmli simalarına həsr edilmiş “Anar. Ömür yolu. Yaradıcılığı”, “İlyas Əfəndiyev”, “Qələmə sarılmış ömür – İsmayıl Qarayev”, “M.F.Axundzadə-200", “Bəkir Nəbiyev” monoqrafiyaları, o cümlədən dövri mətbuatda çıxan elmi yazıları, “Mühafizə məqsədilə qəzetlərin mikrofilmləşdirilməsi qaydaları”, “Kitabxana fondlarının mühafizəsi və istifadəsi haqqında əsas qaydalar” kitabları öz əksini tapıb. 

Bundan əlavə, sərgidə təqdim edilən alimin üç ildən çox üzərində işlədiyi “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu QƏXTMT /SMOMPK/ izahlı biblioqrafiya” əsəri Azərbaycan biblioqrafiyasında analoqu olmayan vəsaitdir. Həmçinin,  Ə.T.Əfəndiyevin tərtibçi-müəllifi olduğu “Azərbaycan tarixçiləri” iki cildlik biblioqrafik göstərici (2010-2011) Azərbaycan tarixşünaslıq biblioqrafiyasına dəyərli töhfədir. 

Xatırladaq ki, alim 1997 - 2002-ci illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərlik etdiyi illərdə Azərbaycan kitabxanasının fəaliyyətində böyük dönüş əmələ gəlmiş, qurumda yeni struktur islahatları aparılaraq “Nadir nəşrlər”, “Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Elmi kütləvi informasiya” və s. kimi müasir dövrün tələblərinə cavab verən şöbələr yaradılmış və gənc mütəxəssis kadrlar irəli çəkilmişdir. 

Anar ƏLİ,
“Xalq qəzeti”

Elm