BSU-da Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan beynəlxalq elmi konfrans

post-img

Bakı Slavyan Universitetində (BSU)  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda XVI beynəlxalq elmi konfrans keçirilib. Konfransda BSU-nun rektoru Anar Nağıyev, Milli Məclis sədrinin müavini Musa Qasımlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Akaki Sereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze, Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, təqaüddə olan general, Şuşa Azərbaycan Evi İdarə Heyətinin üzvü Yücel Karauz iştirak ediblər. 

Əvvəlcə Fəxri Xiyaban ziyarət edilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil və gül dəstələri qoyublar. 

Sonra tədbir iştirakçıları BSU-da təşkil olunan Ulu Öndər Heydər Əliyevə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. 

Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

BSU rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” şüarı altında keçirilən beynəlxalq konfransın Ulu Öndər Heydər Əliyevin yaratdığı milli və dövlətçilik irsinin öyrənilməsi, tədqiqi məqsədini daşıdığını qeyd edərək qlobal səviyyədə diskussiya platforması kimi fəaliyyət göstərdiyini bildirib. Rektor Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlar kontekstində yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz və daha geniş coğrafiyanın gələcəyinin də müzakirə mövzusuna çevrildiyini vurğulayıb. 

A.Nağıyev bildirib ki, Azərbaycanın regional liderliyə doğru gedən yolu, bu liderliyin yaratdığı etibarlı tərəfdaşlıq və əməkdaşlıq mühiti siyasi elmin əsas tədqiqat istiqamətlərindən birinə çevrilib. Rektor qeyd edib ki, ölkənin qazandığı uğurların ideoloji əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Ulu Öndər Heydər Əliyevin milli ideologiyası – xalqımızın tarixi, mədəni və mənəvi dəyərlərinə söykənən bu konsepsiya müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. 

A.Nağıyev yeni dövrün qarşıya qoyduğu mühüm məsələlərdən biri kimi Cənubi Qafqazın təhlükəsizlik kompleksinin mərkəzində yer alan Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələlərinin ciddi müzakirə mövzularından olduğunu vurğulayıb. 

Milli Məclis sədrinin müavini Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamı olaraq mümkün olmuşdur. O vurğulayıb ki, bu siyasi kursun davam etdirilməsi müasir Azərbaycanın qurulması ilə yanaşı, dövlətin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına gətirib. 

BANM-in rektoru Elmar Qasımov Heydər Əliyevin bizə miras qoyduğu ən dəyərli ideyalardan birinin Azərbaycançılıq fəlsəfəsi olduğunu bildirib. E.Qasımov qeyd edib ki, hər bir azərbaycanlı ölkəmizin davamlı inkişafı və növbəti zəfərləri üçün çalışmalı, gənc nəslin dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi, ali təhsil müəssisələrində isə dövlət siyasətinin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin və onun ideyalarının həyata keçirilməsinin ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirərək ölkəmizə ardıcıl qələbələr bəxş etdiyini qeyd edib, xalqımızın doğma yurdu olan Qərbi Azərbaycana da qovuşacağına inamını ifadə edib.

BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, zəngin etnik tərkibə malik Azərbaycanda birgəyaşayış və multikultural dəyərlər milli birliyin əsas rəmzinə çevrilmişdir. O, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası prosesində xalqımızın “dəmir yumruq” kimi birləşməsi ilə bağlı fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən tarixi missiyaların önəmini vurğulayıb. Rektor BSU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. 

Sereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze Azərbaycan və Gürcüstan arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirərək Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevə olan sevgisi və ehtiramını böyük rəğbətlə vurğulayıb. 

General Yücel Karauz Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü sistemli və ardıcıl işlərdən danışıb. O, Azərbaycan-Türkiyə arasında mövcud hərbi əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi təhsil istiqamətində də davam etdirildiyini və uğurla inkişaf etdiyini vurğulayıb.

Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb. İki günlük konfrans daha sonra işini bölmə iclasları ilə davam etdirib.

Rizvan FİKRƏTOĞLU
XQ





Elm