Akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşinlə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli çoxəsrlik Azərbaycan-Rusiya elmi-mədəni əlaqələrinin hər iki ölkənin elmi qurumları arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaratdığını söyləyib.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası (REA) arasında tarixi ənənələrə əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur və müstəqillik illərində də bu münasibətlər qorunub, əməkdaşlıq müqavilələri imzalanıb. Ötən il REA-nın 300 illiyi münasibətilə keçirilən tədbirlər zamanı isə gələcək tədqiqatlar üçün birgə yol xəritəsi müəyyənləşdirilib.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin isə çıxışında AMEA ilə REA arasında elmi əlaqələrin qarşılıqlı etimada, dostluğa və uzunmüddətli əməkdaşlıq ənənələrinə əsaslandığını vurğulayıb. O bildirib ki, bu əməkdaşlıq çərçivəsində gələcəkdə daha genişmiqyaslı tədqiqatların aparılması üçün böyük potensial mövcuddur. Qonaq, həmçinin diqqətə çatdırıb ki, müasir çağırışlar fonunda elmin rolu daha da artır və bu baxımdan beynəlxalq tərəfdaşlıq elmi innovasiyaların sürətlənməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Akademik Sergey Aldoşin, həmçinin Rusiyada elm və təhsil sahəsində aparılan islahatlar və Rusiya EA-nın bu islahatlar çərçivəsində yeni mövqeyi və vəzifələri barədə məlumat verib.



Elm