Apreldə Avropa anbarlarına qaz vurulması son üç ilin ən yüksək səviyyəsinə çatıb

post-img

Aprel ayında Avropanın yeraltı anbarlarına qaz vurulması son üç ilin ən yüksək səviyyəsinə çatıb və ayın sonunadək mavi yanacaq ehtiyatları 39,5 faizə yüksəlib.

AZƏRTAC xəbər verir ki, eyni zamanda, isti havalar və rekord həcmdə maye qaz idxalı fonunda anbarlardan qaz götürülməsi təxminən iki dəfə azalıb.

Apreldə anbarlara qaz vurulması 7,3 milyard kubmetr, qaz götürülməsi isə 1,5 milyard kubmetr təşkil edib.

Ötən ayın sonuna olan məlumata görə, Avropa anbarlarında qaz ehtiyatları 39,52 faizə çatıb ki, bu da son beş ilin orta göstəricisindən 10,15 faiz azdır. Hazırda anbarlarda 43 milyard kubmetrdən çox qaz var.

Bir müddət öncə “Qazprom” Avropanın qışadək anbarları qazla doldurmaqda çətinlik çəkəcəyini proqnozlaşdırıb. Regionun bu il ehtiyatlarını artırmaq üçün daha çox qaza ehtiyacı olacaq. Brüssel bu sahədə tələbatı durmadan artan Asiya ilə rəqabət aparmalıdır. Qaz ixrac edən ölkələr forumu Avropa İttifaqının qışadək yeraltı qaz anbarlarını 90 faizədək doldurmaqda ciddi çətinliklərlə üzləşəcəyini və yayda qiymətlərin daha baha olacağını gözləyir.

Avropada 151 gün davam edən və martın 28-də başa çatan istilik mövsümü ərzində anbarlardan 74 milyard kubmetrdən çox qaz çıxarılıb.

Aprel ayında Avropada min kubmetr qazın orta qiyməti təxminən 409 dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Elektrik enerjisi istehsalında külək generasiyasının payı isə 14 faizə enib.

Dünya