Dünyaya gələn hər kəs öz yerinə gəlir. Gedəndə də öz yerini boş qoyub gedir. Kəndimizdə çoxlarının Ağ atlı oğlan kimi tanıdığı bir Telman vardı. Öz ömrünü həyat eşqiylə yaşardı. Bir gün də öz yerini boş qoyub köçdü bu dünyadan. Ona həyat eşqi aşılayan, Tanrı töhfəsi kimi ilahidən gələn, yanğısı ilə könülləri göynədən məlahətli səsi, bir də vəfalı atı idi. Onun zəngulə-zəngulə dağlarımızda əks-səda verən o səsi qəlbimdə həsrətdən yuva qurub. Uşaq yaddaşımı qanadan, yanıqlı “Cəlili” havası üstündə oxuyurdu:
Yaxın sirdaş kimi, əziz dost kimi,
Qollarını boynuma saldı bu yerlər.
Mənim bir nisgilim vardı əzəldən,
Oxşayıb könlümü aldı bu yerlər.
...Kim minir Qazağın Dilboz atını,
Götürür toyların şal- xalatını.
Şeirin, sənətin mükafatını
Hər zaman, hər yerdə aldı bu yerlər...
Bu şeir onun səsinin boyuna biçilmişdi elə bil... Səsinin vurğunu olanların xahişi ilə, bir də təklənəndə oxuyardı. Səsi dağların sinəsini ilğım kimi bürüyürdü:
Vaxt olub ki, bu yerləri dolanıb,
Bir ov üçün min sorağa gəlmişəm.
Düşüb arxasınca, başı alovlu
Boz arandan göy yaylağa gəlmişəm.
Nə çəkmədim hələ cavan yaşımda?
Oda düşdüm min bir sevda başımda.
Xatirəm var torpağında, daşında,
Mənə tanış bir oylağa gəlmişəm.
Onun səsi qulağıma gələndə xəyalım dağlar dolanır. Səsinin zəngulələri zirvəli dağlarda qərar tutmuşdu. Dağları, dərələri, çölləri dilə gətirirdi. Ruhları yerindən oynadan ifaları atlını yolundan edirdi.
Əlim qələm, dilim söz tutanda bildim ki, onun içdən duyub oxuduğu şeirlər, özünün də bir dəfə görüb tanıdığı sevimli şairimiz Osman Sarıvəllinindir. Mən hələ körpə uşaq olanda Osman Sarıvəlli bizim Faxralı kəndində qonaq olub. O zamandan şairin bir çox şeirləri kəndimizdə saz-söz sevdalılarının–aşıqların, “dəftərqələm tanımayan” urvatlı nənələrin, babaların dilinin əzbərinə dönmüşdü.
Ağ atlı oğlanın ifasını dinləyib səsinə salavat çəkən yaylaqlar yaraşığı nənələr, babalar görmüşdüm kəndimizdə. Onlara elə gəlirdi ki, şair bu şeirləri bizim yerlərin, allı-güllü yaylaqlarının, and yerimiz olan dağlarının eşqinə yazıb. Doğrudan da, Osman Sarıvəllinin qoşma dili necə də qənirsizdir. Qoşmaları anadilli şeirimizin çox gözəl nümunələridir. Onun şeirləri üstündə Telmanın səsi ilə bağlı illərin arxasından keçib gələn bir xatirə də yaddaşımda yuva qurub.
...Günlərlə, həftələrlə başsız biçənəklərdə yeyib sinirən, boynu qantarğa, ağzı yüyən görməyən Ağ at meşələrin dərinliyində itmişdi. Hamı Ağ atın qurda-quşa yem olduğunu düşünürdü.
...Qübarlı bir payız gecəsində ulduzlar göyün yeddinci qatında bərq vururdu. Ay da göyün tən ortasında gün kimi nur saçırdı. “Qızılqaya” yaylağının səfalı qoynunda payız binəsinə köç etmişdik. Binə qonşularımız bizim dəyənin qənşərindəki ocağın başına cəm olub, onun Ağ atı soraqlayan yanıqlı səsinə heyranlıqla qulaq kəsilmişdi.
O səs İsgəndər quşları kimi dağları, daşları öz həzin nəğməsinə bələmişdi. Elə bil, ilahilər səsinə səs qatmışdı. Birdən sanki möcüzə baş verdi. Qarşı dağın o üzündən Ağ atın kişnərtisi eşidildi. Kişnərti yavaş- yavaş yaxınlıqda eşidilməyə başladı. Ceyran yerişli Ağ at dəyəmizin qənşərinə gəlib sahibinin səsinə sarı boylandı...
O səsin həsrətindən indi də könlüm sızlayanda gecələr yuxumda qantarğalı, yəhərli, yüyənli köhlənlər kişnəyir.
Sevinci bölüşməyə nə var ki? Hanı elə bir adam ki, həsrəti bölüşə bilsin?! İnsan ömrünün sonunadək həsrətdən gözdolusu, könüldolusu “kamını alanadək” yaşayır. Həsrət də könüllərin bir qismətidir. Dağın da dağ dərdi var. Həsrətində olduğum o səs, o yaylaqların mahnısı sanki dağların dərdini dilə gətirirdi.
Həzi HƏSƏNLİ,
şair-publisist