Milli-mənəvi irsimiz qəsdlərdən etibarlı qorunur
Dünən Bakıda Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfrans keçirildi.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilən məclisdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov məruzəsində bildirdi ki, 9 ildir ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” devizi ilə keçirilən və hər il “və ya” sözləri ilə yeniləşən bu konfrans ölkəmizdə böyük maraqla qarşılanır və ictimai rəydə geniş əks-səda doğurur. Qurumun nümayəndələri əqli mülkiyyət məsələləri ilə bağlı müxtəlif instansiyalarda 50-yə yaxın iş üzrə 80-dək məhkəmə iclasında iştirak edib: “Hər bir işə dair ekspert rəyi hazırlanıb və hüquq sahibləri üçün maarifləndirmə tədbirləri keçirilib. Hesabat ilində sənaye mülkiyyəti ilə bağlı cavabdeh qismində agentliyə qarşı inzibati icraat qaydasında məhkəmələrdə qaldırılan və 2024-cü ildə yekunlaşmış 17 iddiadan 15-i rədd edilərək, agentliyin mövqeyinin qanuni və əsaslı olması barədə müvafiq qərarlar qəbul olunub”.
Agentliyin rəhbəri qeyd etdi ki, agentliyin sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı mübahisələrə baxan Apellyasiya Şurasına 269 müraciət (2023-cü ildə 275) daxil olub: “Ötən dövrdə əmtəə nişanlarına dair 121 ərizə cavablandırılıb, 43 ərizə isə qismən təmin olunub. Digər müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydada baxılmaqdadır”.
Professor daha sonra söylədi ki, agentlik erməni saxtakarlıqlarının və plagiatçılığının ifşası istiqamətində də xeyli iş görüb: “Bu məqsədlə 2016-cı ildən “Don bəzəyər də, ifşa edər də” seriyasından kitab və broşurlar nəşri davam etdirilib. 2024-cü ildə bu seriyadan hazırlanmış “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT-analiz” adlı kitabı yeni (müəllif K.İmanov) Azərbaycan və rus dillərində nəşr olunaraq yayılıb.
Bundan başqa, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsini və Azərbaycan musiqi irsinin digər nümunələrini ermənilərin mənimsəməsi ilə bağlı agentliyin Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı yayılıb. Sənəddə komediyanın musiqisinin bir hissəsinin erməni bəstəkarı Arno Babacanyanın “müəllifliyi” ilə “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilməsinə ciddi etiraz bildirilib. Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsi, habelə Ermənistanda və ya onun subyektlərndə Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını aradan qaldırmaq və görülən tədbirlər barədə məlumat verilməsi tələb olunub.
Eyni zamanda, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərini erməni ifaçısı Gor Yepremyan dəyişdirmiş və onu ifa edərək “Sirun jan” adı ilə “erməni xalq mahnısı” kimi “Youtube” platformasında yerləşdirmişdi. Agentliyin gördüyü tədbirlər nəticəsində oğurluq mahnı “Youtube” platformasından və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib. Bu məsələ ilə əlaqədar agentlik 2024-cü il 9 iyulda geniş şərh, 10 iyulda isə Mədəniyyət Nazirliyi ilə Birgə Bəyanat yayıb.
Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözlərini isə erməni ifaçı Minas Ovanesyan (Mino) dəyişdirərək ifa edib və “Youtube” platformasında yerləşdirib: “Agentlik bu erməni oğurluğunun da qarşısını alıb və mahnı “Youtube” platformasında 5 səhifədən silinib”.
Erməni saxtakarlıqlarının və plagiatçılığının bununla bitmədiyini bildirən Kamran İmanov diqqəti “Youtube” platformasının “BehrooZ Abshar” adlanan səhifəsinə çəkdi. Bu səhifədə erməni musiqi nümunələri kimi yerləşdirilmiş Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi, yar” (musiqisi Adil Gəraya, sözləri Əli Kərimə məxsusdur), “Töhfə” (musiqisi Firəngiz Babayevanın, sözləri Baba Vəziroğlunundur), “Getmə amandır” (musiqisi Hacı Xanməmmədovun, sözləri Aşıq Ələsgərindir), “Yavaş-yavaş” (musiqisi Nazil Qəmərlinskinin, sözləri Bəxtiyar Vahabzadənindir) və “Bayram şamları” (musiqisi Cahangir Cahangirovun, sözləri Şıxəli Qurbanovundur) mahnıları da agentliyin gördüyü tədbirlər nəticəsində həmin platformadan silinib.
Agentlik rəhbərliyi vurğuladı ki, 30 il ədalətin bərpasına çalışan, 44 gündə xalqımıza qələbə qazandıran və 23 saatda suverenliyimizi bərpa edən Ali Baş Komandan Prezident İlham Əliyev sabahımızın memarı olaraq ölkəmizi gələcəyə inamla aparır. Azərbaycan dövləti qalib olmasına baxmayaraq, Ermənistan ilə sülh sazişi bağlamağın təşəbbüskarıdır. Daha sonra Kamran İmanov ermənilərin səmimiyyətdən uzaq olduqlarını, ikiüzlü davranışlarını və revanşizm cəhdlərini xatırladaraq bildirdi: “Bu yaxınlarda Gümrü şəhərində partiya soydaşları qarşısında aşağıdakı etirafla çıxış edib: “Tarixi Ermənistandan real Ermənistana keçməliyik, əks halda, real Ermənistan tarixi Ermənistana çevrilə bilər. Lakin bunlar yalnız sözlərdir, hərəkətlər isə əksini göstərir. Paşinyanın dedikləri ilə əməli düz gəlmir: bir tərəfdən sərhəddə atəş açılır, digər tərəfdən sülh sazişinin perspektivindən danışır. Əgər bu etiraflar səmimidirsə, bəs real Ermənistan hansı səbəbdən sülh ilə bağlı dövlətimizin haqlı şərtlərini qəbul etmir və sazişin bağlanmasını uzadır?”.
Məruzəçi onu da bildirdi ki, dünyanın ən zəngin mənəvi xəzinələrindən sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin əlyazmalarını tapmaq mümkün deyil: “2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan çıxmışdı. Nəşrin tərtibatçısı milliyyətcə erməni olan professor Yuriy Petrosyan yazmışdı ki, arxivdə qorunub saxlanan erməni əlyazmaları arasında orijinal nümunə yoxdur, əksəriyyəti – 80 faizə qədəri XVII–XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsinin üzü XIV–XV əsrlərdə köçürülüb. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII–XI əsrlərə aid türk dilli sənədlərin originallarının sayı isə minlərlədir”.
Bu, onu göstərir ki, hayların böyük həvəslə istinad etdikləri saxta mətnlərin, əlyazmaların originalları, adətən, tapılmır, yaxud sonrakı köçürmələr şəklində tapılır. Bunların kökündə erməni saxtakarlığı dayanır: “Mifologiyaya əsaslanan “böyük torpaqlar” stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn “böyük erməni mədəniyyəti”, “sivilizasiyanın ilk erməni ocağı” mədəni oğurluqları erməniçilik təfəkküründə “təbiilik” və “legitimlik” qazandırır. Mif stereotipləri müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına da təsir göstərir".
Kamran İmanov müəllif hüquqlarına da toxunaraq bildirdi ki, 2024-cü ildə 346 müəllifin 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib: “Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək agentlikdə 16 min 228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2 min 125 əsər elektron qaydada qeydiyyatdan keçirilib. Dövlət reyestrində 185 patent (2023-cü ildə 151 patent), o cümlədən ixtiralara dair 128 (2023-cü ildə 103), faydalı modelə aid 43 (2023-cü ildə 36) və sənaye nümunələrinə aid 14 (2023-cü ildə 12) patent qeydiyyata alınıb. Patent fəallığı 2023-cü illə müqayisədə 22 faiz artıb. Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair iddia sənədlərinin ekspertizasının müddəti orta hesabla 30–50 faiz qısaldılıb”. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli konfransda dedi: “Bu konfrans
Qərbi Azərbaycan İcmasının Əqli Mülkiyyət Agentliyi ilə keçirdiyi ikinci tədbirdir. Bu tədbirlər erməni saxtakarlıqlarının dünyada ifşa edilməsində mühüm rol oynayacaq. Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyətində erməni saxtakarlıqlarının ifşası mühüm yer tutur. Agentliyin bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyəti var. Bu baxımdan Qərbi Azərbaycan İcması ilə Əqli Mülkiyyət Agentliyinin fəaliyyət maraqları üst-üstə düşür”.
Çıxışlarda erməni millətçilərinin Azərbaycanın qeyri-maddi mədəni irsini oğurlamaları, Qərbi Azərbaycan ərazisində, eləcə də işğal dövründə həyata keçirdikləri vandalizm aktının, bütövlükdə, dünya irsinə qarşı cinayət aktı olduğu vurğulanıb. Erməni saxtakarlıqlarının və uydurmalarının qədim mənbələr əsasında ifşa edilməsinin vacibliyi baxımından Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçirdiyi konfrans müzakirə edilən mövzu ilə bağlı aktual diskussiyaya çevrildi, qarşıda duran vəzifələrə aydınlıq gətirildi.
Pünhan ƏFƏNDİYEV
XQ