Xalq Cümhuriyyətinin dövlətçilik irsi və mətbuat

post-img

Həsən bəy Zərdabinin 150 il əvvəl yaratdığı və ilk anadilli nəşrimiz olan “Əkinçi” xalqın gözünü açıb, onun təfəkkürünü zənginləşdirərək maarifçilik işığında yeni bir dövrün başlanğıcını qoydu.

“Əkinçi”nin nəşri, yalnız bir qəzetin təsis tarixi ilə bağlı hadisə deyil, həm də mətbuatın cəmiyyətdəki mövqeyinin formalaşmasının və inkişafının başlanğıcı oldu. Mətbuat xalqın düşüncə və həyat tərzini formalaşdırmağa, onun sosial və siyasi inkişafına təsir edən önəmli bir vasitə kimi özünü təsdiq etdi. “Əkinçi”dən sonra meydana gələn və formalaşan mətbuat həmin dövrün xarakter və qadağalarına baxmayaraq, xalqın tarixi güzgüsü ola bildi.

Bu baxımdan bugünkü müstəqil Azərbaycan dövlətinin hüquqi sələfi olan AXC tarixinin cəmiyyətə təqdimatında milli mətbuatın əvəzsiz xidmətləri heç vaxt yaddaşlardan silinməyən tarixi hadisədir. Həm də müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin siyasi varisi elan edilməsi və bu tarixin öyrənilməsi, cəmiyyətə çatdırılması məsələsi yalnız tarixçi və araşdırmaçıların işi olmaqla qalmır, dövlətin informasiya siyasətinin bir parçası kimi mühüm əhəmiyyət kəsb edir.

Xalqdan gizlədilmiş tarix

Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Müstəqillik Günü kimi qeyd olunur.

Amma təəssüflər olsun ki, uzun illər bu şərəfli tarix gizlədilmiş, yaxud da bolşevik təfəkkürünün iddiaları ilə saxtalaşdırılaraq cəmiyyətə təqdim edilmişdir. Tarixçi alim Anar İsgəndərovun ciddi bir ittiham və riqqətlə yazdıqları ibrətamiz bir misal kimi fikirlərimizi bir daha təsdiq edir: “Tarixi həqiqətlərin konyukturçu nöqteyi-nəzərdən, qəsdən təhrif edilməsinin bariz nümunəsi 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixidir”.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra tarix xalqımıza təkcə azadlıq adlı əvəzsiz bir neməti yox, həm də şərəf duyacağımız bir tarixi qaytarmış oldu. Tədqiqatçıların üzünə “tam məxfi” və “məxfi” qrifləri ilə bağlı elan edilmiş arxivlərin, fondların açılışı cümhuriyyət tarixinə dair önəmli və yeni münasibətləri ortaya qoydu. O cümlədən müstəqil Azərbaycan mətbuatının bu barədə yazdıqları və bundan sonra da yazacaqları həmin şərəfli tarixin cəmiyyətə çatdırılmasında mühüm rol oynadı.

Cümhuriyyət tarixi və mətbuat

Tarixin öyrənilməsi və bu biliklərin cəmiyyətə çatdırılması yalnız elm adamlarının deyil, mətbuatın da vacib missiyalarındandır. Mətbuat cəmiyyətin tarixi yaddaşını gücləndirən fəaliyyəti ilə həm də gənc nəslin tarixə marağını artırmağa, onlara vətənpərvərlik, dövlətçilik və müstəqillik ideyalarını aşılamağa xidmət edir.

Jurnalistikanın bu sahədəki rolu, həm də tarixi məlumatların düzgün və bədii şəkildə təqdim olunmasında özünü göstərir. Müxtəlif media vasitələrində tarixi şəxsiyyətlər, mühüm hadisələr və siyasi mübarizələr cəmiyyətə müxtəlif formatlarda təqdim edilir. Bununla, həm də cəmiyyətin kollektiv yaddaşı güclənir, tarixi faktların səhihliyi və milli birlik təmin edilir.

Təbii ki, mətbuatın danılmaz rolunu önə çəkməklə, həm də dövlətin bu sahədə həyata keçirdiyi olduqca miqyaslı tədbirlərin nə qədər dəyərli olduğunu və xalqın istəkləri ilə üst-üstə düşdüyünü aydın görürük. Bu məsələ ilə bağlı məşhur mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsinə münasibətdə dediyi kimi, “Tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəslə öyrətmək lazımdır. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi məhz buna xidmət edir”. Buna görə də cümhuriyyət tarixinin öyrənilməsi və cəmiyyətə çatdırılması təkcə tarixçilərin və araşdırmaçıların yox, həm də jurnalistikanın ümdə vəzifələrindəndir.

AXC irsi haqqında ilk mətbu yazılar

Jurnalistika bu sahədə nə kimi işlər gördü və ya görməkdədir? Bu sualın cavabı o qədər əhatəlidir ki, bir məqalədə ətraflı danışmaq mümkün deyil. Amma yenə də bəzi ümdə məsələlərə toxunmaq vacibdir. İlkin olaraq qeyd edilməlidir ki, Аzərbaycan Milli Кitabxanasının “Azərbaycan Xalq Cümhuriyyəti – 90” adı ilə nəşr etdiyi biblioqrafik göstəricidə bu barədə zəngin məlumatlar tapmaq mümkündür.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında ilk məlumatlar cümhuriyyətin nəşri “Azərbaycan” qəzetinə məxsusdur. 1918-ci ildə qəzet bu mövzuda 8 məqalə dərc etmişdir. Sonrakı 2 ildə, yəni cümhuriyyət dövründə – 1919 və 1920-ci illərdə müvafiq olaraq, yenə də “Azərbaycan” qəzetində 22 və 5 məqalə çap edilmişdir. 1919-cu ilə aid olan 22 məqalədən 10-nun müəllifi cümhuriyyətin Ukrayna və Türkiyədə səfiri olmuş, görkəmli ədib Yusif Vəzir Çəmənzəminlidir. Bu məqalələrin hər biri ad müxtəlifliyi ilə fərqlənsələr də, AXC-nin o dövrdəki xarici siyasətinin ən ümdə məsələlərinə həsr edilmişdir. 1920-ci ilin mayında bolşevik təcavüzünün qurbanı olan Xalq Cümhuriyyəti haqqında tarixçi alim Zülfəli İbrahimovun 1950-ci ildə nəşr edilmiş “İngilis–Amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi: (1918–1920-ci illər)”, eləcə də Hacıbaba Əzimovun 1971 və 1978-ci illərdə nəşr olunmuş “Azərbaycan qəzalarında sovetlər: (1917–1918-ci illər)” və “İnqilab əsgərləri: Azərbaycanda əsgər təşkilatları və əsgərlərin inqilabi hərəkatı: (1917–1918)” kitablarını nəzərə almasaq, başqa heç bir məqalə və araşdırmaya rast gəlinmir. Amma mütləq qeyd edilməlidir ki, Hacıbaba müəllimin bu əsərləri dövrün tələbinə uyğun yazılsa da, müəllif milli-azadlıq hərəkatını, müsavatın fəaliyyətini, türk qoşunlarının Bakıya gəlişini vermişdir.

Bundan başqa, 1927–1929-cu illərdə rus dilində nəşr edilmiş tədqiqatlar sırasında araşdırmaçı A.Rаyevski, Y.Rathauzer tərəfindən yazılmış və həmin dövrdə Azərbaycanda baş verən siyasi hadisələri analiz edən tədqiqatlar daha geniş yer alır. Təbliğat xarakterli bu əsərlər, əslində, AXC və Müsavat Partiyasının fəaliyyətinə tənqidi yanaşmalardır və sovet ideologiyasını dəstəkləyən mövqedən yazılmışdır. Bu cür əsərlər həmin dövrün siyasi mühitində geniş yayılmış və sosialist təbliğatının bir hissəsi olmuşdur. Bu tədqiqatlarda cümhuriyyət qurucularının adları, demək olar ki, çəkilməmiş, göstərilən faktlar da onları yalnız neqativ cəhətdən səciyyələndirmişdir. Amma tədqiqatçıların da vurğuladığı bir fakt var ki, XX əsrin 50–80-ci illərində Azərbaycan sovet tarixşünaslığının ən çox müraciət etdiyi problem məhz 1917–1920-ci illər dövrü olmuşdur. Bəzi əsərlər istisna olmaqla, bu mərhələdə tədqiqatlar əsasən sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsinə, Azərbaycanda inqilabi hərəkata, bolşevik sovet rejiminin qurulmasına həsr edilmişdir. 1989-cu ilə kimi Türkiyə mətbuatı da bu mövzuda çoxsaylı materiallar dərc etmişdir.

Eyni zamanda, ADR-in görkəmli xadimləri haqqında istər cümhuriyyət, istərsə də sovet dönəmində dövri mətbuatda 1988-ci ilə kimi yalnız 2 məqalə və 17 səhifəlik bir kitab nəşr edilmişdir. Yusif Vəzir Çəmənzəminlinin 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalında dərc edilmiş “Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri” adlı məqalə həm dövrün intellektual mühitini, həm də bu mühitin Azərbaycan tarixinin qorunmasında və mədəni irsinin nəşrindəki mühüm rolunu təhlil edən yeganə nadir mənbələrdəndir. 2-ci məqalə isə görkəmli dövlət xadimi Nəriman Nərimanovun 1920-ci ildə Nəsib bəy Yusifbəyliyə yazdığı məktubdur. Bu məktub “Möhtərəm Nəsib bəy cənabları” adı ilə Nəriman Nərimanovun 1971-ci ildə nəşr edilən əsərlərinin I cildində yer alır. Azərbaycan SSR EA-nın nəşri olan və 1946-cı ildə çap edilən “Səməd bəy Mehmandarov” kitabının müəllifi H.İbrahimbəyli rus-çar ordusunun artilleriya generalı və Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun milli ordudakı fəaliyyətindən bəhs edir.

Cümhuriyyət irsi mətbuatda

1989-cu ildə milli oyanışın başlanması ilə bu məsələ yenidən aktual bir şəkildə mətbuatın gündəminə gəlir. “Xəzər”, “Qobustan” jurnallarında, “Kommunist”, “Elm” (3 məqalə), “Ədəbiyyat və incəsənət” (2 məqalə), “Azərbaycan”, “Odlar yurdu” qəzetlərində (10 məqalə) yazılar dərc edilmişdir.

Yeri gəlmişkən, bir məsələni də diqqətə çatdırım ki, hələ demokratik hərəkatın ilk vaxtlarında ciddi qınaqlara məruz qalmış Azərbaycan KP MK-nın, Ali Sovet və Nazirlər Sovetinin orqanı olan “Kommunist” qəzeti “Xəzər”, “Qobustan” jurnallarından sonra cümhuriyyət haqqında məqalə dərc edən ilk rəsmi qəzet olmuşdur. “1918–1920-ci illər dövrünün bəzi məsələləri: (“Dəyirmi stol” arxasında alimlərimizin söhbəti)” adlandırılan həmin yazıda əsasən ADR dövründə kommunist-bolşevik fəaliyyətinin araşdırılmasına önəmli yer verilsə də, Şərqdə ilk müsəlman dövləti kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin də öyrənilməsi aşkarlıq dövrünün ümdə vəzifələrindən biri kimi diqqətə çatdırılır. Görkəmli alimlərimizin – Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik Cəmil Quliyevin, Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, SSRİ Xalq deputatı Püstəxanım Əzizbəyovanın və başqalarının həmsöhbət olduğu “Dəyirmi stol”da akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Qaraş Mədətovun səsləndirdiyi fikirlər həm tarixi baxımdan, həm də keçmişimizin öyrənilməsi baxımından təqdirəlayiqdir: “Tarixi ədəbiyyatımızda Azərbaycan Demokratik Respublikasının tarixi hələ öz obyektiv qiymətini tapmamışdır. Məncə, tarixi həqiqət tələb edir ki, onun yaranmasının, fəaliyyətinin, daxili və xarici siyasətinin şərhində birtərəflilik aradan qaldırılsın, hər şey açıq-aydın, dərindən təhlil edilsin” .

“Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” nda deyildiyi kimi, “Cümhuriyyət tarixinin ayrı-ayrı məsələləri yaxın keçmişdə saxtalaşdırıldığından və qəsdən təhrif olunduğundan, həmçinin, bu dövrün bir çox problemləri indiyədək lazımınca araşdırılmadığından ensiklopediyada verilən məqalələrin böyük əksəriyyəti tədqiqat xarakteri daşıyır və yeni elmi baxışı əks etdirir”.

Bu dövrdə ADR-in görkəmli xadimləri haqqında məqalələrə də mətbuatda geniş yer verilmişdir. 1988-ci ildə “Odlar yurdu” (7 məqalə) və “Elm” (1 məqalə) qəzetləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əliağa Şıxlinski, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov haqqında Möhsün Əliyevin 8 məqaləsini dərc edir. 1989-cu ildə mətbuatda cümhuriyyət dövrünün görkəmli xadimləri haqqında 10, 1990-cı ildə 22, 1991-ci ildə 23 məqalə təqdim olunmuşdur. Ümumiyyətlə, 1918–2008-ci illər arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında 700-ə yaxın, Azərbaycan Demokratik Respublikasının görkəmli xadimləri haqqında 250-yə yaxın məqalə dərc edilmişdir. Bu siyahıya 150 kitabın, 30-a qədər elmi işin adlarını, rus dilində çıxmış daha 227 məqalənin, 38 kitabın və başqa dillərdə olan 30-a qədər ədəbiyyat nümunələrinin adlarını da əlavə etsək, nə qədər böyük işlərin görüldüyünün şahidi olarıq.

Çağdaş dövr mətbuatının dərc etdiyi məqalələrin xəritəsinə diqqət yetirəndə qəzet səhifələrində yer almış məqalələrin mövzu və tədqiqat fərqliliyi cümhuriyyət tariximizin mətbuatımız üçün də əbədi mövzusu olduğu təsdiqlənir. Yeni faktları, bilgiləri üzə çıxaran alim və tədqiqatçılarımız bu dəyərli tarixin hər bir incəliyinin açılmasına çalışırlar. “Kommunist”, sonra “Xalq qəzeti”, “Azərbaycan”, “Bakinski raboçi”, “İzvestiya” , “Bakı-Baku”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Molodyoj Azerbaydjana”, “Vışka”, “Açıq söz”, “Respublika”, “Yeni Azərbaycan”, “Müsavat”, ”Azadlıq”, “Xalq cəbhəsi”, “Ədəbiyyat və incəsənət”, sonralar “Ədəbiyyat qəzeti”, ”Panorama”, “Ayna-Zerkalo”, “525-ci qəzet”, “Ədalət”, “Panorama Azerbaydjana”, “Mədəni-maarif”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan məktəbi”, “Hərbi bilik” və s. kimi, eləcə də adlarını çəkə bilmədiyimiz onlarca qəzet və jurnalda dərc edilmiş bu məqalələr cümhuriyyət tariximizin dəyərli səhifələridir.

Namiq ƏHMƏDOV
XQ



Sosial həyat