Bir qohumum vardı. İldə 4 dəfə harasa işə girir, ildə 4 dəfə də “ağırdı” deyib işdən çıxırdı. Orta məktəbi güc-bəla ilə qurtaran bu pəhləvan cüssəli qohumu mən də tanış-bilişimə, ərkim çatdığı adamlara tapşırmışdım, onlar da sağ olsunlar, “gəlsin işləsin” deyərək sözümü yerə salmamışdılar. Amma hər dəfə də dediyimə peşman olmuşdum. Çünki ən yaxşı halda getdiyi yerdə üç ay qala bilmişdi. Sonra da “a qohum, mənə asan iş olsun” deyərək iki gündən bir yanıma gələr, xeyli vaxtımı alardı...
Bir gün təcili çapa gedəcək bir yazı üzərində işləyirdim, necə deyərlər, başımı qaşımağa macalım yox idi. Bir də gördüm qapım yavaşca aralandı və iri bir baş göründü. Bu o idi! Elə bil məni ildırım vurdu, nə yazdığımı, nədən, kimdən yazdığımı da unutdum. Əsəbimdən masanın üstünə tökülmüş kağızları daha da qatıb-qarışdırdım, onun dili ilə “hə, eşidirəm a qohum” deyərək əllərimi qoynumda çarpazlayaraq hirslə onu başdan-ayağa süzdüm. Gözüm fil ayağı boyda əllərinə, sağ qoluna yazdırdığı “ana” sözünə sataşdı və bu dəfə özümdən asılı olmadan əlimdəki qələmi necə sıxdımsa, ortadan iki bölündü.
Yadıma düşdü ki, anasını bunun dərdi öldürmüşdü. Bütün günü onun-bunun qapısında işləyən, ev təmizləyən, yorğan-döşək sırıyan yazıq arvad yorğun-arğın evə dönəndə baxırmış ki, bu, isti odun peçinin qırağında bürüşüb yatır, yaxud da üç-dörd nəfər özü kimi qollarına “ana” yazdıranları başına yığıb domino oynayır...
– Qohum, elə iş olsun ki...
Otaqda çox qalmasın deyə ayağa qalxmışdım. Sözünün arxasını gətirməyə imkan vermədim, tez də “tapmışam” deyib düz gözlərinin içinə baxdım. Az qala bu divardan o biri divara çatan qollarını geniş açıb məni qucaqlamaq istədi. Yüngülcə araladım. Hiss etdi ki, əsəbiləşmişəm, könlümü almaq istədi:
– Qohum, bir də mən sənin yanına iş üçün gəlsəm, papağım boş qalsın...
Dedim “papaqla işin olmasın, qulaq as. Ən asan işdir. Demək olar ki, heç nə etmirsən, aydan-aya maaşını alırsan...”
– Sənin qadan alaram qohum, de, ürəyim partladı, hardadı o iş ?
– Poctda. Qapının girəcəyində bir stul qoyacaqlar və sən rahatca əyləşəcəksən orada. Elə ki, gördün kimsə konvert alıb məktubu qoydu onun içərisinə, sən tez qalxıb dilini çıxaracaqsan və o da konvertin yapışqan hissəsini sənin dilinə sürtüb aralanacaq, vəssalam. Bu qədər sadə və rahat.
Bayaqdan qarşımda parıldatdığı iri qızıl dişlərini birdən gizlətdi, ciddi görkəm alıb “qohum, onun özünün dili yoxdur?” deyə donuq baxışlarını üzümə zillədi.
– Əlbəttə var, – dedim, sadəcə, hamısı mədəni adamlardır, istəmirlər ki, dillərini çıxarsınlar...
Bir xeyli üzümə baxıb heç nə demədən qapını açdı və ilan vurmuş adam kimi dəhlizə çıxıb qaçmağa başladı. Arxasınca “bəs poçta nə vaxt gedək?” desəm də, əlini yelləyib gözdən itdi...
Bu əhvalatı təsadüfən xatırlatmadım. Bəli, bəzi peşə sahibləri var ki, doğrudan da onlara ixtisaslarına uyğun iş bəzən olmur, yaxud elə sınaq imtahanlarından keçə bilmir və sair. Lakin heç bir ixtisası olmayan, orta məktəbi bitirənlər də “asan iş” sorağında aylarla, illərlə evdə isti peçin kənarında bardaş qurub mürgüləyirlər.
– “Kommunalın” kartından versəydilər, böyük köməyiniz dəyərdi müəllim...
Şəhər və rayonların icra hakimiyyəti başçılarının qəbullarında və səyyar görüşlərində eşitdiyim sözlərdir. Baxırsan ki, cavan, sağlam, enerjili bir gəncdir. Fabrikdə iş təklif olunur, “belim ağrıyır, ağır yük götürə bilmərəm, kommunal...” deyir.
Bilirsiniz, bu “kommunal” söhbəti haradan qalxıb? Vaxt olub ki, kommunal-istehsalat birlikləri və ya kombinatları əməlli-başlı müftə qazanc mənbəyi olan yerlərə çevrilib, hər ay müntəzəm pul alanların (bəlkə, indi də var) “iş yerləri” olub. Bəzi təsərrüfat rəhbərləri həmin maaş kartlarını yaxın adamlarına paylayıb və təbii ki, müəyyən maddi marağın müqabilində. Bəzən də icra hakimiyyətlərinin özündə bu kartlara göz dikənlər və ələ keçirənlər olub. Yada salaq bir neçə il qabaq həm də bu “qara işlər”ə görə məhkum edilmiş rayon rəhbərlərini, digər məsul şəxsləri.
…Qazax və Ağstafada işləmək istəyənləri “Saloğlu” şirkəti həmişə işə dəvət edir. Maaş da pis deyil. Amma gedən yoxdur, “gözətçi yeri olsa gedərəm” deyən daha çoxdur. Şəmkirdə hara baxırsan, istixanalardır, şitilliklərdir. Az qala respublikanın xiyar və pomidor məhsulunun yarısını bu rayon ödəyir, başqa ölkələrə də göndərir. Yəni sahibkarlara işçi qüvvəsi ilboyu hava-su kimi lazımdır. Di gəl çayxanalarda nərd oynayıb, axşam evə çatanda “iş yoxdur” deyib uşaqlarına yalan danışanlar da az deyil. Qəribədir ki, “pensiyamı artırsalar, işi neynirəm?” deyənlər də var. Gədəbəydə halalca torpağını əkib becərmək, məhsulunu bazara çıxarıb satmaq əvəzinə, “iş axtarıram” deyənlərin sayı günbəgün artır.
Tovuzun Əyyublu kəndinə yaxın yerlərdən, hətta qonşu rayonlardan işləməyə, fermerlərin təsərrüfatlarında çalışıb pul qazanmağa hər gün 100-150 adam gəlir. Belə nümunələrin sayı çox olsa yaxşı deyilmi?
…Çox görmüşəm, icra hakimiyyəti başçılarının qəbullarına iş üçün bəzən elə adamlar müraciət edirlər ki, məəttəl qalırsan, deməyə söz tapmırsan. Ağstafa rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyevlə söhbət edirəm. Deyir, təbii ki, hamını ixtisasına uyğun işlə dərhal təmin etmək çətindir. Bu sahədə problemlər var. İstərdik ki, iş yerlərimiz daha çox olsun. Amma necə deyərlər, gərək “ayağını yorğanına görə uzadasan”, daha illərlə seçim qarşısında qalmayasan, təklif olunan işlə razılaşasan”.
İlqar müəllim onu da dedi ki, Ağstafada da istixanalar, meyvə bağları, limonad sexləri, digər fərdi sahibkarlıq obyektləri çoxdur: “İnanın, hər gün bizim şöbəyə, məşğulluq idarəsinə zəng edib işçi axtaran onlarla sahibkar tanıyıram.”
Bəs niyə belədir? Bu ətalət, bu tənbəllik, bu ələbaxımlılıq haradan qaynaqlanır?! Cavab sadədir. Rahatlıq. Amma belə bir məsəl də var. Deyir “sən ağa, mən ağa, inəkləri kim sağa?”
Yuxarıda qeyd etdik. Bəli, təklif olunan iş, vəzifə bəzən hər kəsə uyğun gəlmir. İş yerlərinin daha rəngarəng, çoxprofilli olması, regionlarda, xüsusilə dağlıq rayonlarda məşğulluğun artırılması üçün təsirli tədbirlər görmək lazımdır. Onu da qeyd etməliyik ki, dövlətin bu sahədə geniş və məqsədyönlü proqramı var və onlar həyata keçirilir. Bunu görməmək, inkar etmək ən azı insafsızlıqdır.
İşin yaxşısı, pisi, asanı, ağırı, yoxdur, şərəflisi, şərəfsizi var. Evinə halal yolla bir tikə çörək aparırsansa, demək şərəfli bir işin var, dünyanın ən xoşbəxt adamısan. Pis odur ki, hər şeyə ağız büzəsən. Elə mənim qohumum kimi…
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri