Məhəmməd Füzuli – 530
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda AMEA-nın dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş yekun mərasimi keçirilib.
“Füzulinin sənət dünyası və Akademiyanın Füzulinaməsi” mövzusunda keçirilən mərasimdə millət vəkilləri, AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Füzuli irsinə dair əlyazmaları və AMEA əməkdaşlarının şairin həyat və yaradııcılığına həsr olunmuş kitablarının sərgisi ilə tanış olublar.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli sərəncamının işığında ölkəmizin digər qurumlarında olduğu kimi, elm məbədində də il ərzində silsilə tədbirlərin keçirildiyini, dahi şairin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatların aparıldığını, çoxsaylı kitabların nəşr edildiyini bildirib.
Mütəfəkkir şairin ana vətəninin Azərbaycan olduğunu söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, alimlərimizin tədqiqatları Füzulinin Qarabağ bölgəsindən, bayat boyundan olduğunu göstərir. O, Bağdad, İraq, Kərkük-türkmən mühitində yetişib formalaşmış, orta əsrlər Azərbaycan dilinin bütün qüdrətini, özəlliyini əks etdirən dahiyanə əsərlər yaratmışdır. Füzuli Azərbaycan ədəbiyyatının görkəmli klassiki, türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, eyni zamanda, dünya ədəbiyyatının yaradıcıları sırasında fərqli yer tutan ustad sənətkardır. Şairin qəzəllərini dünya ədəbiyyatında yalnız onunla eyni əsrdə yaşamış ingilis dramaturqu və şairi Uilyam Şekspirlə müqayisə etmək lazımdır.
Akademik İsa Həbibbəylinin sözlərinə görə, “Zira ki, elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur”, – deyən Füzuli böyük ədəbiyyatın, böyük sənətin yaranmasında elmin qüdrətini səmimiyyətlə etiraf və təsdiq etmişdir. Elmi idrakla bədii istedadın vəhdəti Füzuli sənətini yaratmışdır. O, Azərbaycan ədəbiyyatını təmsil etdiyi qədər də milli mənəviyyatı, azərbaycanlı düşüncəsini təmsil edir.
Füzulinin çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycanda dərindən tədqiq edildiyini söyləyən AMEA rəhbəri qeyd edib ki, XX əsrdə şair haqqında yazılmış əsərlərin sırasında akademik Məmməd Cəfər Cəfərovun “Füzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayır” adlı silsilə məqalələrini, akademik Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasını, görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabını, professor Mirzağa Quluzadənin “Füzulinin lirikası” əsərini və digərlərini göstərmək olar. Bu əsərlər XXI əsrdə də dünya dillərinə tərcümə edilib və dünya Füzulişünaslığının təməl əsərləridir. Müstəqillik illərində akademiklər Rafael Hüseynov, Teymur Kərimli, professor Ataəmi Mirzəyev və başqalarının çap olunan əsərləri həm Azərbaycan ədəbiyyatşünaslığında Füzuliyə həsr edilmiş fundamental tədqiqatlar kimi, həm də dünya Füzulişünaslığını zənginləşdirən əsərlər kimi dəyərlidir.
AMEA-nın Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən son 5 ildə 10 monoqrafik əsərin çap edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, bu il keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində institutun nəşr etdiyi “Füzuli kitabxanası” seriyası Mədəniyyət Nazirliyi tərəfindən sərginin “Ən yaxşı kitab”ı seçilib. Çıxışının sonunda AMEA prezidenti qeyd edib ki, Füzuli haqqında aparılan tədqiqatlar onun doğma xalqına, Türk dünyasına və şairi dünyaya tanıtmağa xidmət edir, dahi mütəfəkkirin əbədiyyətini isbat edir.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxış olub. Xatırladaq ki, Müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının ilk rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.
Ə.DOSTƏLİ
XQ