Yolu dünyanın çox ölkələrindən keçən azərbaycanlı alim

post-img

Hələ keçən əsrin 80-ci illərindən-tələbəlik illərindən tanıdığım Rafiq müəllim təkcə sakit və təmkinli təbiəti ilə yox, həm də həmişə maraq doğuran mülahizələri ilə yadımda qalmışdı. Universitetdə tələbə olduğum vaxtlarda müqavilə ilə çalışdığım çoxtirajlı universitet qəzetində - “Bakı Universiteti” (onda “Lenin tərbiyəsi uğrunda”) qəzetindən başlayan bu tanışlıq məni fizika fakültəsinin Bəhram Əsgərov, Əhməd Abdinov, Aydın Kazımzadə, Eldar Məsimov kimi məşhur simaları ilə yanaşı Rafiq müəllimlə də dost etmişdi. Sonralar elə odu ki, bu əlaqələr kəsildi və Moskvada təsadüfi görüşlərin birində Rafiq müəllimlə görüşüm məni xeyli təəcübləndirdi: düzü eşidəndə ki, Madaqaskara səfərə və orada işləməyə hazırlaşır, çox təəccüb etmişdim... 

Abdullayev Rafiq Əlövsət oğlu 1945-ci ildə  Şamaxıda doğulub. Amma orta məktəb illəri Bakı ilə bağlıdır. Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, filologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Əlövsət Abdullayevin (1920-1993) ailəsində dünyaya göz açan və bu məşhur ailənin ilk övladı olan Rafiq Səbail rayonundakı (onda 26-lar rayonu adlanırdı) 7 nömrəli tam orta məktəbi bitirib. Çox  görkəmli məzunları ilə məşhur olan bu məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olur. O vaxtlar  təhsil göstəriciləri yüksək olan istedadlı və perspektivli gəncləri ikinci kursdan SSRİ-nin daha məşhur məktəblərində ali təhsilə göndərirdilər. Bu töhfə Rafiqə də qismət olur və təhsilini o zamankı Leninqrad Dövlət Universitetinin fizika fakültəsində davam etdirməli olur. Fizika elmində yeni istiqamət açmış, elmi məktəblər yaratmış dünya şöhrətli alimlərin, Lev Landau, Aleksandr Proxorov kimi Nobel mükafatı laureatlarının məzunu olduğu  bir fakültədə təhsilini davam etdirməyin istər nəşəsini, istərsə də məsuliyyətini təsəvvür etmək gərəkdir. Təbii ki, bütün bünlar, xüsusən də keçmiş sovet və postsovet dövrü tələbələrinin neçə-neçə nəslinin dərs aldığı 3 cildlik “Ümumi fizika kursu”nun müəllifi, dünya şöhrətli alim Sergey Frişin tələbəsi olması, onun mühazirələrini dinləməsi, çox çətin imtahanlarından uğurla çıxması Rafiq müəllimin elmi bioqrafiyasına özünün silinməz möhürünü vurmuşdur.

Universiteti bitirdikdən sonra o, Kiyev Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirir və apardığı elmi-tədqiqat işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alır. 

Bu artıq keçmiş vahid sovet elmi məkanının parçalanıb  “milli mənzillərə” köçməyə başladığı illər idi.  Həmin illərdə ona keçmiş İttifaqın bir neçə nüfuzlu elmi-tədqiqat mərkəzində, hətta nüvə fizikası sahəsində  keçmiş SSRİ-nin və eləcə də indiki Rusiya Federasiyasının ən böyuk tədqiqat mərkəzi sayılan Dubna Elm şəhərində, özü də yaxşı vəzifələrdə çalışmaq təklif olunur. Lakin o, milli elmi məkanı seçir. 

Bir müddət elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunda davam etdirir. Akademiyada elmi işçi, baş elmi işçi vəzifələrində çalışdığı illərdə müxtəlif miqyaslı ümumittifaq və beynəlxalq konfrans və tədbirlərin iştirakçısı olur. Bunun ardınca dövlətin dəstəklədiyi beynəlxalq elmi əməkdaşlıq proqramı çərçivəsində ölkənin də adını daşıdığı Madaqaskar adasındakı Madaqasqar Milli Universitetinin fizika fakültəsində çalışmalı olur. Dünyanın ən böyük 4-cü adası olan Madaqaskar Afrikanın şərq sahillərindən 400 km aralıda - Hind okeanında yerləşir. Böyüklüyünə görə Afrikanın ən böyük adasıdır və Rafiq müəllim 4 il burada – ölkənin ən nüfuzlu universitində fransız dilində fizika fənlərindən mühazirə kursları oxuyur, seminar məşğələləri aparır. 

Azərbaycana qayıtdıqdan sonra Rafiq müəllim xeyli müddət fəaliyyətini Bakı Dövlət Universitetinin fizika fakültəsində dosent, fakültə dekanının müavini vəzifələrində davam etdirir, respublikanın bu qocaman tədris müəsisəsinin hər zaman ən nüfuzlu fakültələrindən biri sayılmış fizika fakültəsində elmi tədqiqatların və tədris prosesinin təşkilinə öz töhfəsini verir. 

 Özünün elmi və tədris fəaliyyətinin ən uzün müddətli mərhələsini o, qardaş Türkiyə universitetlərində keçirmişdir.  Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “Azərbaycan fiziklərinin Türkiyə Respublikasının elm və təhsil sahəsindəki fəaliyyəti” adlı beynəlxalq elmi-praktik konfransda fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimov çıxışında bildirirdi ki, müstəqillik illərində Fizika İnstitutunun 60-a yaxın alimi Türkiyədə işləmək üçün dəvət alıb. Bu sırada Rafiq müəllim də olub. O, qardaş Türkiyənin müxtəlif universitetlərində dosent, professor, dekan, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Sonuncu iş yeri Türkiyənin Muş vilayətindəki  yüksək təhsil ocaqlarından olan Muş Alparslan Universiteti olur. O, bu universitetin professoru idi.

Türkiyənin Egey Universitetinin professoru Ürfət Nuriyev bildirir ki, Rafiq müəllimi yaxından tanımasam da onun haqqında eşitdiklərim fitrən çox zəngin və millətsevər bir insan olduğunu sübut edir. Deyəsən, əvvəllər Türkiyədə Ankara Universitetində çalışmışdı, sonra Muşda çalışmağa qərar verib. Bildiyim qədər mərkəzə dönmək imkanları da çox idi, amma nə İstanbula, nə də Ankaraya dönməyə cəhd etmədi. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru, Rafiq  müəllimin yaxın dostu və qohumu Əlikram Abdullayevdən onun haqqında məlumat almaq istəyəndə, ilk sözü  bu oldu ki, yəqin Rafiq müəllimin atası görkəmli dilşünas alim, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əlövsət müəllim haqqında eşitmisiz. Onun nəhəng obrazının               fonunda ətrafındakıların “portretinin” gerçək cizgilərini görmək çətindir.  Buraya   Rafiq müəllimin özünün təbiət etibarı ilə çox təvazökar insan olduğunu da nəzərə alsaq, onun şəxsiyyətinin vüsəti barədə müəyyən təsəvvürə malik olmaq mümkündür. 

Professorun dediklərinə bunu da əlavə eymək istərdim ki, Rafiq müəllim daha çox özünün gördüyü işlər haqqında yox, atasının nəcib əməlləri haqqında danışardı. Bir dəfə də o mənə belə bir xatirə söyləmişdi: 1975-cı ildə Moskvadan SSRİ Ali Təhsil Komitəsindən universitetə səlahiyyətli bir komissiya gəlir. Onda Əlövsət müəllim Azərbaycan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru idi. Komissiya Orta Asiya respublikalarının universitetlərində tədrisin rusca aparıldığını xatırladıb, ona cəmiyyətdəki nüfuzundan istifadə edərək Azərbaycanda da ali məktəblərdə tədrisin rus dilində aparılması təşəbbüsü ilə çıxış etməsini təklif edirlər. Əlövsət müəllim Orta Asiya ilə müqayisənin düzgün olmadığını, Azərbaycanın Qafqazda yerləşdiyini və Qafqaz respublikalarında - Gürcüstan və Ermənistanda da tədrisin milli dildə aparıldığını xatırladır. Bu etiraz komissiya üzvlərində ciddi narazılıq yaradır və Əlövsət müəllimin nəinki  prorektor vəzifəsindən azad edilməsi,  hətta universitetdən xaric olunması məsələsi gündəmə gəlir... Yalnız Mərkəzi Komitənin o zamankı I katibi Heydər Əliyevin məsələyə müdaxiləsi onu ağır cəzadan xilas edir. 

Əlövsət müəllimdən söz düşmüşkən, tələbəlik illərində çox sevimli müəllimlərimizdən olan məşhur ədəbiyyatşünas Abbas Zamanovdan eşitdiyim bir xatirəni də yada salmaq istədim: “millətçi damğasıyla akademiyadan kənarlaşdırılandan sonra uzun müddət dostluq elədiyim Əlövsət Abdullayev böyük çətinliklə yenidən Bakı Dövlət Universitetinə işə götürülməyimə nail oldu...”

            Əlövsət müəllimin ailəsində intizamlı, çalışqan, mənəviyyatlı, vətənsevər, milli dəyərlərə bağlı bir gənc kimi yetişən Rafiq müəllimin şəxsiyyəti təkcə onun öz məşhur atasından miras qalan yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olması ilə səciyyələnmir. O çox geniş diapazona malik, öz yolu, öz dəst-xətti olan təkrarsız bir simaya malik insan idi.  

              Mənim bu şəxsi qənaətimi professor Əlikram Abdullayevdən eşitdiyim   aşağıdakı sözlər də təsdiq edir: “Mənə elə gəlir ki,  Rafiq çox böyük uğurla dövlət qulluqçusu, diplomat, böyük dilçi alim də ola bilərdi, amma onun seçimi fizika oldu ki, bu da təsadüfi deyildi. O heç vaxt biruzə verməsə də əslində iddialı bir gənc idi.  XX əsr tarixə fizika əsri kimi düşürdü və o,  məhz bu əsrin alimi olmaq arzusunda idi. Ədalət naminə, onun buna əsası da vardı. Allah ona çox güclü fitri istedad vermişdi. Biz bir yerdə böyümüşük. Mən ondan bir neçə yaş böyüyəm. Lap kiçik yaşlarından yanımda oturub dərslərə necə hazırlaşdığıma diqqətlə qulaq asır, əzbərlədiklərimi əzbərləyir, hesabladıqlarımı hesablayırdı. Mən 3-cü sinfi bitirəndə gördüm ki, o, mənim bütün öyrəndiklərimi elə təxminən mənim qədər bilir və rahatlıqla 4-cü sinfin dərslərinə qoşula bilər. O zamanlar buna icazə yox idi. Amma Rafifqin bibisi, mənim ibtidai siniflərdə müəllimim və böyük bacım Tusiyə müəllimə 5 yaşında ikən onun adının jurnala yazılmasına nail oldu. Sonra məktəbi dəyişəndə onun adını gah aşağı sinfə yazdılar, gah yuxarı sinfə, axır ki, o, 15 yaşında orta məktəbi qızıl medalla bitirdi. Onun fitri istedadından danışarkən bir məqama da toxunmaya bilmirəm. Onun dilləri mənimsəməyə sanki xüsusi bir “vergisi” var idi. Ana dili azərbaycan dili idi və bu dili incəlikləri ilə bilirdi. Paytaxt mühiti, qonşular, xüsusilə də uşaqlar arasında rusdillilərin əksəriyyət təşkil etməsi, ailə kitabxanasında rus dilində zəngin elmi, bədii ədəbiyyatın olması onu həm də rus bölməsində oxuyan uşaqlar səviyyəsində rusdilli etmişdi. Ona görə də Leninqrad Universitetində oxumaq üçün onun dil problemi olmadı. Təhsil illərində  mənimsədiyi əsas xarici dili alman dili idi. Amma fransız dilində işləməli olacağını biləndə qısa müddətdə fransız dili sahəsindəki biliklərini də lazımi səviyyəyə qaldıra bildi.  

Gənclik illərində digər bir qohumumuzla birlikdə üçümüz Litvanın Druskininkay kurort şəhərində istirahətdə idik. İki mərtəbəli böyük bir malikanənin birinci mərtəbəsində yerləşmişdik. Burada bizdən başqa Mockvadan, Leninqraddan da bir neçə ailə dincəlirdi. Ünsiyyətimizin vasitəsi təbii ki, rus dili idi. Artıq üçüncü həftənin bazar günü Rafiq təqaüddə olan ev sahibi - tanınmış jurnalist ilə onun öz dilində danışdığını görəndə kişinin, necə deyərlər, gözü kəlləsinə çıxdı. Elə həmin andaca Rafiqə dedi: “Bu bağı görürsən? Burada hər meyvə var, ortada almadan  tonqal atılıb. Ailə üzvlərimdən başqa heç kim onlara əl vurmur. Amma hesab elə ki, bu bağda nə varsa hamısının ixtiyarı səndədir. Nə istəyirsən, nə qədər istəyirsən götürə bilərsən. Bundan sonra meyvə üçün bazara getmə”. 

          Professorun sözlərindən aydın görünürdü ki, maraqlar dairəsinin, şəxsi keyfiyyətlərinin bütün zənginliyinə baxmayaraq, Rafiq muəllimin şəxsiyyətinin ən cazibədar baxarı onun seçdiyi bilik və fəaliyyət sahəsinə bağlılığı olmuşdur.  Elmə və təhsilə bütün varlığı ilə bağlı olan Rafiq müəllim ömrü boyu   böyük yaradıcılıq həvəsi və bütün enerjisi ilə çalışıb, fizikanın müxtəlif problemlərinə dair elmi tədqiqatlarını davam etdirməklə yanaşı gənc nəsil fiziklərinin yetişdirilməsinə ciddi töhfəsini verib. 

            Çoxsaylı elmi əsərlərin müəllifi, bacarıqlı pedaqoq kimi tanınan professor Rafiq Əlövsət oğlu Abdullayev bu il iyulun 12-də qəflətən vəfat edib. Allah rəhmət eləsin!

Namiq Qədimoğlu

XQ

 



Sosial həyat