Azərbaycanın kənd təsərrüfatı, sadəcə iqtisadi sektor olmaqla tükənmir. Bu, böyük bir qismin güzəranı, yaşayışıdır. Bu həyat tərzi təhlükə və təhdidlərlə üz-üzədir. Məlum təhdid isə iqlim dəyişikliyidir. Onun kənd təsərrüfatına təsirləri azalmış su ehtiyatları, yəni, su qıtlığı, torpaqların deqradasiyası, temperaturun artımı, yağıntıların miqdarının dəyişməsidir.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Ofisinin rəhbəri Nasar Hayat “Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
"Sadəcə, Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində insanların həyat tərzi təhlükə ilə üz-üzədir. Yağıntıların nizamsız olması, eyni zamanda, quraqlıqlar zəncirvari şəkildə kənd təsərrüfatı fəaliyyətlərinə mənfi təsir göstərir. Həmin çətinliklərə qarşı mübarizədə Azərbaycan çox mühüm addımlar atır. FAO olaraq Azərbaycanın inteqrə edilmiş su idarəetmə prinsiplərində öz qətiyyətimizi bir daha bildiririk. Müasir suvarma sistemlərinin tətbiqi nəticəsində su istifadəsinin səmərəliliyinin daha da təkmilləşdirilməsində Azərbaycan hökuməti ilə birlikdə qətiyyətimizi ifadə edirik. Dayanıqlı su idarəetmə sistemi təcrübələri kifayət qədər geniş vüsət almalıdır. Xüsusilə daha həssas icmalar üçün bu məsələlər qabarıq şəkildə özünü büruzə verməlidir. Su ehtiyatlarının qorunması, suyun idarə edilməsi, sadəcə texnoloji məsələlərlə həll ediləcək bir amil deyil. İnsanları, fermerləri su ehtiyatlarından daha səmərəli istifadə ilə bağlı maarifləndirməli və onları başa salmalıyıq ki, kiçik addımlar necə böyük əhəmiyyət kəsb edir", - deyə N.Hayat bildirib.