İnsanların xoşbəxtlik anlayışına münasibətləri fərqlidir. “Xoşbəxtəm” deyənlərin əksəriyyəti bəzən özünü aldatdığının fərqində deyil. Bəziləri isə düşünür ki, xoşbəxtlik nisbi anlayışdır, insan daim xoşbəxt ola bilməz, sadəcə, həyatımızda xoşbəxt anlar, dəqiqələr olur, vəssalam. Psixoanalizin banisi Ziqmund Freyd yazırdı: “İnsanın xoşbəxt olması yaradılış planına daxil deyil”.
Norveçli araşdırmaçı Ranhil Banq Nes “Xoşbəxtlik haqqında kitab”ında yazır: “Xoşbəxtlik və narazılıq yoluxucudur. Narazılıq, pessimizm, kədər klassik xoşbəxtlik oğrularıdır”. O, xoşbəxtliyi təbiətlə ünsiyyətdə görür. Təbiətlə vəhdətdə olan insan ondan güc alır, ruhən sağlam olur. Litvalı fəlsəfə doktoru Haim Şapira isə yazır ki, “xoşbəxtlik yolunda ən böyük maneə xoşbəxtlik axtarışının özüdür. Əgər kimsə xoşbəxtlik evini tiksəydi, şübhəsiz ki, onun ən böyük otağı gözləmə zalı olardı”.
Bununla belə, xoşbəxtlik biz düşündüyümüz qədər əlçatmaz deyil. Xoşbəxtlik vadisinə aparan yollar müxtəlifdir. Bu yolların hər biri insanın düşüncəsindən keçir. Nə qədər paradoksal görünsə də, bəzən həyati əhəmiyyətli faciələr, itkilər insanın xoşbəxtliyi dərk etməsinə yardımçı olur.
Əli Kərim bu fikri mükəmməl şəkildə ifadə edib:
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Yunan filosofu Epikür xoşbəxtliyimizə mane olan iki cür əzabdan söz açır: fiziki və mənəvi. Fiziki əzab vücudun ziyan görməsi yolu ilə meydana çıxır, mənəvi əzab isə narahatlıq və qorxulardan ibarətdir. Dincliyi ağrılarımız kəsən zaman duyuruq və bu, bizi xoşbəxtliyə gedən yola aparır. Epikür bədəni və ruhu sükunətə çağırır. O, həzlərdən üz döndərmir, amma bizi ehtiyatlı olmağa səsləyir, çünki sonrakı əzab onların gətirdiyi xoşbəxtlikdən daha böyük ola bilər.
Hər şey insan beynində baş verir, bəzi psixoloqlar beyni daim məşq etməklə inkişaf etdirə biləcəyimiz serebral xoşbəxtlik əzələsi kimi təsvir edir. Əlbəttə, bu məşqlər iradəsi zəif insanlar üçün deyil. Məsələ burasındadır ki, bəzi insanlar illər keçdikcə genlərinə görə daha çox sevinc və xoşbəxtlik şirəsinə sahib olur. Bəzi insanlarda qəribə tendensiya müşahidə olunur, onlar evdə də, idman zalında da, işdə də, uşaq vaxtı da, yeniyetməlik və yaşlılıq dövründə də həmişə yüksək əhval-ruhiyyədədirlər, ətrafa xoş ovqat yayırlar. Onlar kreativlikləri ilə dünyanı rövnəqləndirirlər. Digər insanlar isə daha skeptik, bədbin təbiətə malik olurlar. Bu məsələdə genetika xüsusi rol oynayır.
Amma həyat eşqi yaşamın əsas məhvəri hesab edilir. Biz genləri heç də insan taleyi ilə eyniləşdirə bilmərik. Xoşbəxtlik bizim həyatımızın qaçılmaz tərkib hissəsidir. Ürək sındıran çöküşlər yaşaya bilərik, amma heç vaxt xoşbəxtliyi duyub yaşamaq bacarığını itirmərik.
İnsanı xoşbəxt olmağa qoymayan bitib-tükənmək bilməyən arzularıdır. Əksər hallarda mümkünsüz görünən arzuları. İstəklər insanla xoşbəxtlik arasında çəpər hörür. Şotland ədibi Robert Stivenson isə yazır ki, “biz heç bir arzumuza xoşbəxtlik arzumuz qədər laqeyd yanaşmırıq”. Bizi dərdə salan, canımızı sıxan şey hadisələr deyil, o hadisələrə verdiyimiz məna, o hadisələri necə qiymətləndirməyimizdir.
Sadəcə, hadisələrə baxış tərzimizi dəyişməliyik. Yumor hissi xilasedici kəmər kimidir. Təsirli bir dərman içməzdən əvvəl necə istifadə ediləcəyi, təsiri, riskləri, faydaları öyrənilməlidir. Yumor da təsirli bir dərmandır və xoşbəxtlik resepti yazılarsa, orada mütləq yumor da olmalıdır. Yumorun əsas mənbəyi kimi tanınan lətifələr toplumun mədəniyyətini əks etdirir. Optimist insanlar lətifə danışmağı sevirlər. Yumorun vacib elementi olan lətifələr stress peyvəndidir. Beləcə, xoşbəxtlik oğrularını zərərsizləşdirmək mümkündür.
Həyatın gözəlliklərini görmək üçün sadəcə, bu gözəlliklərdən zövq almağı bacarmaq lazımdır. Buludsuz səmaya baxıb köks dolusu nəfəs dərmək, göylərin ənginliyinə heyranlıqla baxmaq bəzən insana inanılmaz dərəcədə xoşbəxtlik hissi aşılayır. Üzümüzə toxunan külək, təzə çörəyin ətri, yağışın qoxusu ruhumuzu oxşayır. Dünyaya uşaq heyrətiylə baxmaq doğrudan da xoşbəxtlikdir.
Sam Mendesin rejissorluğu ilə çəkilmiş “Amerikansayağı gözəllik” filmində maraqlı bir səhnə var. Filmin qəhrəmanı hər şeydə inanılmaz gözəlliklər görür. Hətta küləklə sovrulan boş plastik torba da ona gözəl görünür.
İngilis şairi Uilyam Bleykin misralarını xatırlayıram:
Bu dünyanı bir qum dənəsində,
cənnəti bir yabanı güldə gör.
Sonsuzluğu ovcunun içində,
əbədiyyəti isə bir saatın içində saxla.
Səhər yuxudan oyanınca Günəşi pəncərədə görmək, sübh mehini ciyərlərinə çəkmək səadət deyilmi?!
Kənan HACI,
yazıçı-publisist