Bu Atlas o atlaslardan deyil

post-img

Afrikanın ən hündür dağı haqqında bilmədiklərimiz

Atlas qədim Yunan mifologiyasında titanlardan biridir.  Rəvayətə görə,  Titan İapetosun  oğludur. Qeyri-adi gücə malik və özündənrazı qəhrəmandır. Bütün dənizlərin dibinə o, nəzarət edirmiş.

Anatomiyada onurğa sütununun başını saxlayan boyun fəqərəsinə də atlas deyilir, konkret bir ölkənin, qitənin və ya dünyanın coğrafiyasını xəritələrlə göstərən kitaba da. Üstəlik, Azərbaycanda ən dəyərli ipək parçalardan biri də atlas adlanır. Ancaq ən böyük Atlas  Afrika qitəsi boyu uzanan, 2500 kilometrlik dərələr, qayalıqlar, yaylalar və zirvələri özündə birləşdirən Atlas sıra dağlarıdır. 

Bu dağlar haqqında coğrafiya dərsliklərindən bəzi faktları bilsək də, https://www.pahod.by/morocco saytında daha çox və maraqlı faktlarla tanış oluruq. 

Məsələn,  biz çoxumuz Atlas dağı haqqında yığcam da olsa bilirdik. Ancaq mən həmin dağ silsiləsinin bir hissəsi olan Uca Atlas dağı barədə heç nə bilmirdim. Elə  bu yazı ilə birlikdə təqdim etdiyim fotoları da adını çəkdiyim saytdan seçmişəm. 

Orada oxudum ki, Uca Atlas (ərəbcə Atlsas Əl-Kəbir) dağı Atlas sıra dağlarının tərkibindəki dağ zirvələrindən biridir. Şimali Afrikada, Mərakeş ərazisindəki bu dağ silsiləsi Atlantik okeanından Əlcəzair sərhədlərinədək –700 kilometr uzanır.

Bundan başqa, biz Afrika sözünü eşidəndə dərhal gözümüz önündə susuz səhralar, qum təpələri və dəvənin kölgəsində oturmuş qaradərili insanlar canlanır. Ancaq yuxarıda adını çəkdiyimiz saytda oxuyuruq ki,  Uca Atlas dağ silsiləsi çoxsaylı çaylardan ibarət içməli su hövzəsini formalaşdırır. Hətta, yayda da qurumayan bir çox çaylar üzü şimala doğru axır və onların sahillərində çoxsaylı insanlar məskunlaşmışdır. Eyni adlı dərələrə axan Dades, Todqa və Draa çayları Atlasa xüsusi gözəllik bəxş edir.

Maraqlı faktlardan biri də odur ki, bu dağ silsiləsi iqlim regionlarının sərhədində yerləşir. Belə ki, insanlar burada iki fərqli iqlimlə üzləşirlər. Ətrafda  Saxaranın təsirindən yaranan Aralıq dənizi iqlimi də hökm­ranlıq edir,  yüksək dağ silsilələrinin özünəməxsus iqlimi də. Qış boyu ağ örtükdə olan Uca Atlas qış idman oyunlarını sevənlərin daha çox üz tutduğu ünvandır. Dağ silsiləsinin şimal yamaclarındakı  qar may ayının sonlarınadək ərimir. 

Qeyd edilir ki, Uca Atlasın şimal-qərb yamaclarındakı küləklərin yaratdığı “yağış kölgəsi” bu əraziyə daha çox yağıntının düşməsinə səbəb olur. Ona görə də bu yamaclar  1500 metrədək hündürlüyə  qədər əbədiyaşıl zeytun meşələri ilə örtülmüşdür. Daha üç yüz metr yüksəklikdə isə daş palıdı, Hələb küknarı, Atlas kedri və digər ağaclar boy verirlər.  

Yəni Afrika bizim təsəvvürümüzdəki nəfəs kəsən tozlu çöllərdən və sonu görünməyən səhralardan ibarət deyil. Allah bu “qara qitə”yə çoxsaylı gözəlliklər də bəxş etmişdir. 

İttifaq MİRZƏBƏYLİ

 

Sosial həyat