Ukrayna sərhəddə yeni hücuma keçəcəkmi?

post-img

Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarında vəziyyət mürəkkəb olaraq qalır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın ordu hissələrinin irəliləməsinin qarşısı alınıb və ərazinin geri qaytarılması istiqamətində addımlar atılır. Ukrayna mənbələri isə iddia edirlər ki, nəzarətə götürülən ərazilər getdikcə genişlənir. Kursk əməliyyatının nəticələri və Rusiya–Ukrayna müharibəsinə göstərəcəyi təsir barədə müzakirələrdə də fikirlər haçalanır.

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər avqustun 6-dan davam edir. Bölgədə federal fövqəladə rejim qüvvədədir. Avqustun 12-nə olan məlumata görə, Ukrayna hərbçiləri 28 yaşayış məntəqəsini ələ keçiriblər. Rusiya hakimiyyət orqanları 2 min insanın taleyindən xəbərsiz olduğunu bildirir. Bölgədən 120 mindən çox insan təxliyə edilib. Həmin gün Rusiya Müdafiə Nazirliyi bölgəyə əlavə qoşunların göndərildiyini açıqlayıb. Rusiya mənbələrinin məlumatına görə, əraziyə hücumda Ukrayna Silahlı Qüvvələrinin 22-ci mexanikləşdirilmiş və 80-ci hava hücumu briqadaları iştirak edib. 

Son məlumatlara görə, Rusiya Ukrayna ordu bölmələrini Kursk vilayətindən çıxarmaq üçün ehtiyat toplamaqda davam edir. “Axmat” xüsusi təyinatlılarının komandiri və Müdafiə Nazirliyinin hərbi-siyasi idarəsinin rəis müavini Apti Alaudinov bildirib ki, Kursk vilayətində vəziyyət Rusiya ordusunun nəzarəti altındadır. Onun sözlərinə görə, Rusiya ərazisinə daxil olan Ukrayna ordu hissələrinin blokadası başa çatır. TASS-a müsahibəsində A.Alaudinov iddia edib ki, “… düşmən həm texnika, həm də canlı qüvvə baxımından çox ağır itkilər verib”. 

Min kvadrat kilometr ərazidə nəzarəti ələ keçirən Ukrayna isə Sumı vilayətindəki Krasnopolski rayonunda qüvvələr və ehtiyat toplayır. Bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın “Teleqram” kanalları yazır. Malaya Rıbitsa və Miropolye kəndləri ərazisində böyük miqdarda ağır texnika toplayan Ukrayna qoşunlarının Kursk vilayətinin Sudjanski və Korenevski rayonlarından da daxil olacağı güman edilir. “Forbes” yazır ki, Ukrayna aviasiyası Kursk vilayətindəki döyüşlərə qoşulub. Nəşr qeyd edir ki, Ukrayna qoşunları cəbhə xəttindən bir neçə kilometr şimalda yerləşən Tetkinodakı Rusiya komandanlıq məntəqəsinə raket zərbəsi endirib. “Forbes” iddia edir ki, hərbi hava əməliyyatını bu yaxınlarda Ukraynaya təhvil verilmiş “F-16” təyyarəsi yox, “Su-27” həyata keçirib.

Kursk vilayətinin özündə və sərhədyanı ərazilərdə də aramsız ağır döyüşlər gedir. Bildirilir ki, Ukrayna Lqov və Rılsk şəhərlərinin sərhədlərinə çatmağa çalışır. Hərbi ekspertlərin sözlərinə görə, Rusiya E98 magistral yolunu saxlaya bilməsə, Rılsk yaşayış məntəqəsi Ukrayna tərəfinin nəzarətinə düşə bilər. Bundan əlavə, Belqorod, Rostov, Voronej və Oryol vilayətlərinə PUA hücumunun olduğu bildirilir.

Belqorod vilayətində də vəziyyət ağırdır. Burada da federal fövqəladə vəziyyətin elan olunacağı gözlənilir. Bəzi məlumatlara görə, ötən gün gecə saatlarında Ukrayna hərbçiləri Krasnoyaruzski rayonuna yenidən daxil olmağa cəhd göstərib. Vəziyyətin mürəkkəbliyini nəzərə alan Rusiya Baş Qərargahı cəbhənin digər hissələrində iştirak edən bir sıra bölmələri vilayətin ərazilərini mümkün işğaldan qorumaq üçün bölgəyə göndərməyi düşünür. 

Bununla belə, son 24 saat ərzində Ukraynanın Kursk vilayətində daha iki kəndi ələ keçirməsi barədə məlumatlar yayılıb. Agentliklər rusiyalı hərbi müxbilərə istinadən xəbər verirlər ki, bunlar Sudjanski rayonunun cənubundakı Plexovo və Spalnoe kəndləridir. Plexovonun tutulması çərşənbə axşamı kənddən çəkilmiş video ilə təsdiqlənib. Aktiv döyüşlər zonasının bir qədər genişlənməsi Korenevo kəndindən 15 kilometr şimal-şərqdə yerləşən Korenevski rayonunda baş verib. Toqquşmalar faktını NASA peykləri tərəfindən qeydə alınan yanğın görüntüləri də təsdiq edir. Rayon mərkəzinin yaxınlığında da döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri Kurskun mərkəzi şəhəri olan Sudjuya nəzarəti davam etdirir.

S.ELAY 
XQ

 

Dünya