Qarabağın körpüsalan mühəndisi

post-img

Xankəndiyə dəmiryol xətti зəkmiş Allahverən Əliyarov 45 ildən sonra Ağdam – Füzuli magistralının körpülərini tikir

30 il Qarabağa, Şərqi Zəngəzura uzanan yollara həsrətlə boylandıq. Bu yolların bu başı bağlı, sonu əlçatmaz idi. Doğma yurd  yerlərinə xəyalən körpülər salır, yolların sonundakı qaranlıqları şirin və həm də hüznlü xatirələrimizlə işıqlandırmağa çalışırdıq. 

Torpaqlarımızı işğal etmiş erməni quldurlarının vəhşiliklərinin qurbanına çevrilən yüz minlərlə azərbaycanlının həsrətinin, iztirabının bitəcəyi, tarixi ədalətin bərpa olunacağı günü hədsiz inamla gözləyirdik. O möhtəşəm gün 4 ildir ki, gəlib. O günün səhərindən başlayaraq, azad edilmiş torpaqlarımızın yaraları sağaldılır. Bu gün daha azad Qarabağın, Şərqi Zəngəzurun yolları üzümüzə bağlı deyil. O yollar yenidən qurulur, genişlənir, abadlaşır, bizi müqəddəs torpaqlarımıza qovuşdurur. Məsafələri qısaldan çoxsaylı körpülər tikilir, tunellər çəkilir.

Bu gün regionda yol infrastrukturunun yenidən qurulması üçün genişmiqyaslı layihələr icra edilir, rayonları, şəhərləri birləşdirən bütün yollarda dayanmadan iş gedir. Yolların çəkilişi zamanı yeni körpülərin salınmasında, müxtəlif süni qurğuların tikilməsində yerli mütəxəssislərin iştirakı da xüsusi diqqətdə saxlanılır.  

Azərbaycanın təcrübəli və tnınmış körpüsalanlarından olan, hazırda Ağdamdan Füzulyə çəkilən yeni yolun mühəndis-eksperti Allahverən Əliyarov üçün isə işğaldan azad olunmuş ərazilərdə işləmək ikiqat sevindirici və əlamətdardır. Çünki o, 45 il əvvəl, gənc körpüsalan kimi ilk fəaliyyətə başladığı dövrlərdə Ağdam–Xankəndi dəmir yolunun körpülərini tikib. Bugünlərdə Ağdama səfərim zamanı fürsətdən istifadə edərək artıq yaşı 70-i haqlasa da yenə gənclik həvəsi ilə Qarabağda yeni körpülər salan mühəndislə görüşüb söhbət etdik.

Məlumat üçün bildirək ki, Allahverən Əliyarov 1955-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində doğulub. 1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün elə həmin ildən də körpü tikintisi idarəsində işləməyə başlayıb. Əvvəl armaturçu kimi çalışıb, sonra briqadir, layihə rəhbəri, sahə rəisi, istehsalat bazasının müdiri vəzifələrinə yüksəlib. Bakıda, Sumqayıtda, respublikamızın bir çox rayonlarında körpülər tikib. 

Sənətini, körpü salmaq işini çox sevdiyini deyən Allahverən müəllim tələbə olarkən təsadüfən gəldiyi bu sahənin onun tale yoluna çevrildiyini bildirdi: 

Paytaxtımızdakı keçmiş Papanin, Çermet körpülərinin, Bakı–Sumqayıt yolunun Biləcəri və Ceyranbatandan keçən hissələrində,  Qəbələ–Şəki yolunda, Yevlax–Balakən dəmir yolunda, Şimal bölgəsində bir sıra körpülərin tikintisində iştirak etmişəm. Usta kimi ilk sərbəst işim isə İsmayıllı–Qəbələ yolunda Talstançay üzərindəki 42 metrlik metal körpünün tikintisi olub. O işi layiqincə tamamladığıma görə, 1981-ci ildə Xankəndiyə göndərilmişəm. Ağdam–Xankəndi dəmir yolunun çəkilişində körpülərin tikintisi üzrə sahə rəsi işləmişəm. Xankəndidə stadionun yaxınlığında, keçmiş ağac emalı kombinatına gedən yolun üzərindəki körpünü də mən tikmişəm. Körpü salmaq mənim taleyimdir. Saldığım körpülərin üstündən keçən insanları görəndə qürur duyuram.

Allahverən Əliyarovun uğurlu fəaliyyəti, işə can yandırmağı diqqət çəkdiyi üçün gənc olmasına baxmayaraq, Xırdalan şəhərində yerləşən xüsusi Körpü-Tikinti Dəstəsinin istehsalat bazasının müdiri vəzifəsinə təyin edilib və uzun müddət burada fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da sevdiyi körpü tikmək işindən ayrılmayıb. 

1993-cü ildə fəaliyyətini Ceyranbatanda yerləşən Körpü konstruksiyaları zavodunda baş mühəndis kimi davam etdirib. Sonrakı illərdə Azərbaycan – Rusiya avtomagistralında və ölkə ərazisində salınan digər körpülərin tikintisində sahə rəisi, ekspert-nəzarətçi kimi iştirak edib. Allahverən müəllimin körpü mütəxəssisi kimi fəaliyyətinin böyük bir dövrü də Özbəkistanla bağlıdır. O, “Akkord” şirkətlər qrupunun göndərişi ilə qardaş ölkədə çalışdığı 7 ildə burada 45 körpü və yüzlərlə süni qurğu tikib. 

Vətən müharibəsində qələbədən sonra Azərbaycana qayıdan təcrübəli mütəxəssisin ən böyük arzusunun reallaşdığı məqam yetişib. Tanrı ona 45 il əvvəl çalışdığı doğma Qarabağda, Ağdamda yenidən yol tikintisində iştirak etmək xoşbəxtliyi nəsib edib: 

– 2023-cü ildən Türkiyənin “Proyapı” mühəndislik və müşavirlik şirkətinin eksperti kimi Ağdam – Füzuli yolunun tikintisində çalışıram. Böyük ruh yüksəkliyi ilə işləyirəm, çünki bu, mənim ən böyük arzum olub. Şükür, Allah arzumu reallaşdırdı. Xoşbəxtəm ki, 45 il sonra yenidən azad Qarabağda yol tikintisində işləyirəm. 

Səmimi söhbətimizin sonunda “Zaman və məkanlar arasında körpü salmaq imkanınız olsaydı haradan haraya körpü salardınız” sualına vətənpərvər ziyalımızın cavabı belə oldu:  “Araz çayı üzərindən keçməklə bütöv Azərbaycanın işıqlı sabahına körpü salardım!”

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna
səfəri zamanı təməli qoyulan Ağdam–Füzuli avtomobil yolunun inşasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürətlə davam etdirir. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəflidən aldığımız məlumata görə, Bərdə – Ağdam avtomobil yolunun davamı olan Ağdam – Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılan yolun uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək, 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 331,35 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yer-
altı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası artıq yekunlaşıb.

Yolun ilk 32  kilometrlik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidi, 31 dairəvi su ötürücü borunun, 27 düzbucaqlı boru, 5 alt keçid, 1 kəhriz keçidinin, 3 körpünün inşası 90 faiz tamamlanıb. Layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpü dayaqlarının tikintisi işləri davam etdirilir. Yolun 63 və 65-ci kilometrliyində yolötürücünün tikintisi də başa çatdırılıb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilən tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. 

Mahir RƏSULOĞLU, 
XQ-nin Qarabağ müxbiri

Ağdam

 



Sosial həyat