Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların döyüş yolundan bəhs edən filmlərin çəkilişi davam edir. Belə ekran əsərlərindən biri də Qarabağda lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Tapdıq Xələfova həsr olunub.
Şəhidin qəhrəmanlıq yolunu işıqlandıran filmin quruluşçu rejissoru “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimovdur.
Ekran əsərinin çəklişləri ilə bağlı XQ-yə məlumat verən rejissor söylədi:
– Tapdıq Xələfov ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq göstərmiş igidlərdən biridir. Xaçmaz rayonundan çağırışçı olan Tapdıq hərbi xidmətini başa vurduqdan bir neçə il sonra “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının komando hazırlığı kursu”na yazılıb. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra o, taleyini yenidən orduyla bağlayıb. Soydaşımızın həyatı ilə maraqlandıqda, onun hələ kiçik yaşlarından Vətənə, orduya sevgi ruhunda böyüdüyünü görürürk. O, nümunəvi döyüş yolu keçib.
Düşmənin xeyli canlı qüvvəsinin və döyüş texnikasının sıradan çıxarılmasında Tapdığın samballı xidmətləri var. O, sentyabrın 20-də
Ağdam rayonunun Sırxavənd kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. İgid şəhidə həsr etdiyimiz film “Qələbəyə gedən yol” adlanır. Ekran əsəri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi əsasında çəkilir.
İndiyə kimi belə mövzularda bir çox filmlərin ekranlaşdırıldığını deyən rejissor şəhidlərimizin qəhrəmanlığının xalqımıza tanıdılmasının zəruri olduğunu söylədi:
– Şəhidlər müqəddəs amal uğrunda ali mərtəbəyə yüksəldilər. Onların hər biri bizim üçün çox əzizdir. İgid oğullarımız canlarını dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda qurban verdilər, Azərbaycanın mübarizliyi və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdilər. Hər bir şəhidimizin xatirəsini əziz tutmaq, döyüş yolunu təbliğ etmək mənəvi borcumuzdur. Ona görə rejissoru olduğum 3 ekran işi qəhrəmanlarımıza həsr olunub. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Rejissor bildirdi ki, prodüsseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanov olan filmin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində aparılır.
Ekran əsərinin təqdimatı sentyabrın sonunda Bakıda gerçəkləşəcək.
Ceyhun ALIŞLI
XQ