Bakıda  “Bir peşənin sirri”  festivalı

post-img

Dünən axşamtərəfi paytaxtın Nizami rayonundakı Heydər Əliyev Parkında keçirilən "Bir peşənin sirri" adlı festival peşə təhsili və karyera inkişafı ilə maraqlanan çoxsaylı gənci bir məkana toplamışdı. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən peşəyönümü aksiyasının məram və məqsədi ilə bağlı qurumun direktoru Şaban Cəərçiyev XQ-yə açıqlamasında bildirdi:

– Festivalın məqsədi peşə təhsilinə marağın artırılması, gənclərin bu sahəyə cəlb olunması və onların peşəkar karyera qurma potensialını üzə çıxarmaqdır. Bu aksiya mütəmadi olaraq paytaxtla yanaşı, bir neçə rayonda da təşkil olunur. Festivalda iştirakçılar müxtəlif peşə sahələri üzrə ustad dərslərində iştirak edərək, öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.  

Budəfəki toplantıda həm  paytaxtda, həm də regionlarda yerləşən peşə təhsil mərkəzləri təmsil olunurlar. Qurulmuş çadırlarda  qonaqlara peşə təhsil müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər təqdim olunur. Festival boyunca maarifləndirici dərslər keçiriləcək. 

İlk olaraq tələbələrin yaradıcı fəaliyyəti sərgilənir.  Əl işləri gənclərin  peşələrinə olan marağını və ustalıq məharətlərini nümayiş etdirir. Festival çərçivəsində müxtəlif yarışlar da nəzərdə tutulur. Bu, ziyarətçilərə peşə təhsilinin praktik tərəflərini daha yaxından tanımaq imkanı verəcək. İştirakçılara müxtəlif hədiyyələrin verilməsi də festival proqramına daxildir. 

Açılış mərsimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsilinin ölkənin iqtisadi və sosial-mədəni inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açaraq dedi: 

– Peşə təhsili gələcəyin istehsalat kadrlarının hazırlanmasında mühüm rol oynayır. Bu sahəyə göstərilən diqqət ölkənin iqtisadi inkişafı üçün vacib amildir. Biz çalışırıq ki, peşə təhsilinin əhatə dairəsini daha da genişləndirək. Bu il Cəlil-
abad və Qəbələ şəhərində də bu festivalı təşkil etdik. Son illərdə ölkəmizdə müasir peşə təhsil müəssisələri istifadəyə verilib. 2026-cı ilədək 10-dan çox yeni peşə öyrətmə ocağı acılacaq. 

Bakıda, Cəlilabadda, Lənkəranda, Bərdədə, Quba və digər rayonlarda belə mərkəzlərin yaradılması nəzərdə tutulur. Tikilməkdə olan Füzuli Peşə Təhsil Mərkəzi ilə yanaşı, növbəti illərdə işğaldan azad edilmiş Şuşa, Zəngilan, Qubadlı, Ağdam və digər rayonlarda peşə təhsili şəbəkəsi qurulacaq. Bu, o deməkdir ki, inkişaf edən Azərbaycan gəncinin ölkənin hər yerində peşə seçməyə öyrənmək imkanı olacaq.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova isə qeyd etdi ki, belə aksiyalar gənclərin peşə seçimində təsirli rol oynayır, ölkəmizdə müasir peşə təhsili sisteminin yaradılmasına xidmət edir.

Sonra iştirakçılar parkda qurulmuş çadırlarda gənclərin əl işləri ilə tanış oldular. Festivalın gedişi göstərdi ki, gəncləri  ölkə üçün gərəkli peşələri öyrənməyə  təşviq etmək  və onların peşəkar bacarıqlarını inkişaf etdirmək üçün belə tədbirlərin təşkili geniş imkanlar yaradır.

C.BALABƏY 
XQ

 



Mədəniyyət