Azərbaycan tarixinin bir əsrlik mətbu salnaməsi

post-img

Xalqımızın ötən əsrdəki ictimai-siyasi və sosial-mədəni həyatı mürəkkəb, ziddiyyətli, bəlalı olduğu qədər də şərəfli və öyünclüdür. Çar Rusiyası imperiyasının kommunist rejimi şəraitində davamı olmuş Sovet İttifaqının formalaşdırdığı totalitar cəmiyyətdə də istedadlı və zəhmətsevər Azərbaycan xalqı sivil inkişafın bütün sahələrində tarixi nailiyyətlər qazana bilmişdir. 

Yaradılmış tarixi əsaslar SSRİ-nin süqutu prosesində müstəqil dövlət quruculuğuna yol açmış, suverenliyin təminatına çevrilmişdir. Bu gerçəyi dəyərləndirməyin vacibliyini vurğulayan ümummilli lider, qeyd edilən epoxanın son dövründə hərtərəfli tərəqqi prosesinin baş təşkilatçısı və rəhbəri olmuş Heydər Əliyev 1996-cı il aprelin 6-da ümumxalq nümayəndələri toplantısında bildirmişdi: “Azərbaycanın çoxəsrlik tarixi var.  XX əsr bəşər tarixində çox görkəmli yer tutur. Hər bir ölkə, hər bir xalq XX əsrdə öz xalqı, ölkəsi üçün nələr əldə etdiyini, nələr itirdiyini əsrin sonuna qədər yekunlaşdırmalıdır. Biz Azərbaycanın XX əsr tarixini yazmalıyıq. XX əsrdə keçdiyimiz yolu araşdırmalıyıq, tədqiq etməliyik. Nə əldə etdiyimizi, nə itirdiyimizi müəyyən etməliyik. Bu, bizim ümumi vəzifəmizdir. Alimlərimizin, tədqiqatçılarımızın qarşısında duran vəzifədir. Biz bunu etməliyik”.

Ulu öndər 1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri ilə görüşündə isə qeyd etmişdi: “70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz”. Prezident İlham Əliyev də dəfələrlə Azərbaycan tarixinin, o cümlədən XX əsr tarixinin hərtərəfli tədqiqinə diqqət yetirilməsini vurğulamışdır. 

Ümummilli lider Heydər Əliyevin haqlı iradından sonra tarixçilərimiz 7 cildlik “Azərbaycan tarixi”ni nəşr etdirdilər. Bir çox qaranlıq məqamların üzərinə işıq saldılar. Amma bu “qaranlıq məqamlar” o qədər çoxdur ki, onların yeni baxımdan ideologiyasız, ətraflı və obyektiv tədqiqinə hələ uzun illər vaxt lazım olacaq.  

Azərbaycan tarixinin önəmli dövrlərindən biri olan 1920–1928-ci illər ölkədə ictimai sistemli, sənaye əsaslı xalq təsərrüfatının əsaslarının yaradılması ilə əlamətdardır. Bu dövrdə sivil inkişafı müsbət qiymətləndirməklə hesab edirik ki, Azərbaycan Respublikasının müstəqilliyə qovuşması tədqiqatçılarımızın qarşısında həmin dövrün obyektiv tarixinin yaradılmasını zəruriləşdirmişdir. Bu tarixin öyrənilməsinin əhatəli və zəngin mənbələrindən biri arxiv materialları ilə yanaşı, o dövrün mətbuatıdır.

Mətbuat tariximizdən məlumdur ki, böyük Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzet “Əkinçi”nin yolunu sonrakı dövrdə bir neçə maarifçi nəşr, XX əsrin əvvəllərindən isə sayı çoxalan demokratik və burjua nəşrləri davam etdirib. Bu mətbuatın yaradıcıları 1918-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə nəticələnən Azərbaycan Xalq Cümhuriyyətini ərsəyə gətirən milli istiqlal mücadiləsini yetişdirib. AXC dövründə isə ilk rəsmi nəşr olan “Azərbaycan” qəzeti yaranıb və milli dövlət quruculuğunun informasiya və təbliğat tribunası olub. 

Cümhuriyyətin süqutundan sonra isə bu missiyanı çevriliş yolu ilə respublikada hakimiyyətə gəlmiş kommunistlərin orqanı “Kommunist” qəzeti davam etdirib. 70 il bu adla fəaliyyət göstərmiş gündəlik anadilli ictimai-siyasi nəşr sovet epoxasının davamlı, sistemli və rəngarəng mətbu salnaməsini yaradıb.

1920–1928-ci illərdə ölkəmizin xalq təsərrüfatının bərpası üzrə bir çox məsələrin həllində, iqtisadiyyat məsələlərinin təbliğ edilməsində AK(b)P MK və BK-nın orqanı olan “Kommunist” qəzeti az rol oynamamışdır. Yarandığı ilk gündən gərgin vəziyyətdə ölkədə qalmış vətənpərvər əhvali-ruhiyyəli ziyalıları ətrafında cəmləşdirən “Kommunist” qəzeti Vətənimizin xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi, dövlət orqanları və mətbuatın nüfuzunun yüksəldilməsi uğrunda yorulmadan mübarizə aparırdı.

Öz dövrü üçün birinci rəsmi partiya və dövlət qəzeti olan “Kommunist” kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərirdi. Bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olub, xalq kütlələrinə müsbət təsir göstərmiş, respublikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində siyasi rəhbərliyin mühüm təbliğat vasitəsi olmuşdur. Bir məsələni unutmaq olmaz ki, bu qəzet orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirməyə borclu idi. Çünki onun iradəsi, rəhbərliyi, köməyi ilə nəşr olunurdu. Bununla belə, qəzetin yaradıcı heyəti milli təəssübkeşliyini heç vaxt unutmamış və həmişə bunun bəlasını yaşamış, cəzasını çəkmişdir. 

Qəzetin səhifələrində digər məsələlərlə yanaşı, xalq təsərrüfatının bərpası və inkişafı məsələləri də mühüm yer tuturdu.  Ötən əsrin 20-ci illərinin xalq təsərrüfatının bərpası üzrə təcrübəsinin öyrənilməsinə müstəqilliyin ilk illərində tələbat yaranmışdı. Bu məsələlərin həlli isə o dövr mətbuatının, xüsusilə də “Kommunist” qəzetinin tarixinin öyrənilməsini aktuallaşdırmışdı. Buna görə də o dövrdə AMEA Tarix İnstitutunda “Kommunist” qəzetinin fəaliyyətinin ilk onilliyi elmi tədqiqat mövzusu olmuşdr.

Tədqiqatçılar müxtəlif mətbuat orqanlarına bir mənbə kimi kifayət qədər tez-tez müraciət edirlər. Bu qəbildən istər keçmiş ittifaq miqyasında, istərsə də Azərbaycan miqyasında xeyli tədqiqat işi aparılmış, bu və ya digər məsələnin işıqlandırılmasında mətbuatın rolu araşdırılmışdır. Azərbaycan mətbuatı, o cümlədən “Kommunist” qəzeti də ayrı-ayrı tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu qəbildən C.Məhərrəmlinin, N.İmanquliyevin, R.Bayramovun, Q.İsmayılovun adlarını çəkmək olar. “Kommunist” qəzetinin ərəb əlifbası ilə nəşr olunduğu dövr isə tam şəkildə yalnız bizim tərəfimizdən öyrənilmişdir.     

Tədqiqat prosesində heç bir arxivdə və digər mətbu orqanlarda olmayan, yalnız “Kommunist” qəzetinin səhifələrində özünə yer tapmış çox dəyərli faktlar və materiallar üzə çıxarılmışdır. Məsələn, tədqiqatçılar və oxucular tamamilə xəbərsizdirlər ki, uzun müddət təriflədikləri və indi də nostaljisini yaşadıqları sovet hakimiyyəti illərində – 20-ci illərdə qonşu respublikalarla bizim aramızda adicə vergi ödənişində böyük fərq var idi. 

Əgər, tutaq ki, 1923-cü ildə adambaşına bir gürcü 1 rubl 11 qəpik, erməni – 1 rubl 45 qəpik vergi ödəyirdisə, bir azərbaycanlı 2 rubl 32 qəpik ödəməli idi. Növbəti illərdə həmin rəqəm fərqi daha da artırdı. Ümumrespublika üzrə vergiyə də nəzər salaq: qondarma Zaqafqaziya Federasiyasının illik vergisinin 51,7 faizini Azərbaycan, 37,7 faizini Gürcüstan, 10,6 faizini isə Ermənistan ödəməli idi. Əslində isə Azərbaycan həmişə bu vergini, az qala, ikiqat ödəmiş, Gürcüstan və Ermənistan isə bir dəfə də olsun vergi planını yerinə yetirməmişlər. Onların planını da  Azərbaycan ödəmişdir. 

Zaqafqaziya Federasiyası büdcəsinin bölüşdürülməsində də həmişə Azərbaycana qarşı haqsızlıq edilmiş, ona çatası vəsaitlər Gürcüstan və Ermənistan arasında bölüşdürülmüşdür. Təkcə 1923/24-cü təsərrüfat ilində aparılmış bölüşdürməyə əsasən, büdcə vəsaitinin 55 faizi Gürcüstana, 35-40 faizi Azərbaycana (bu rəqəm qəsdən yayğın göstərilir), 11 faizi isə Ermənistana ayrılmışdır. 

Əslində, nəzərdə tutulan faizlər bir kənarda qalır, nəğd vəsaitlə bölgü isə belə aparılır: 254 min rubl Gürcüstana, 267 min rubl Ermənistana, 210 min rubl isə Azərbaycana verilir. Büdcədən əlavə ayrılmış 445 min rublun 435 min rublu Gürcüstan və Ermənistana, yerdə qalan 10 min rublu isə Azərbaycana dilənçi payı kimi verilir. Bir daha təkrar edirik ki, bu materiallar yalnız “Kommunist” qəzetinin səhifələrində yer almış və bugünə çatmışdır. Heç bir arxivdə belə məlumata rast gəlinmir. Üstəlik, bu məlumatı yazdığına görə “Kommunist” qəzeti ciddi tənbeh edilmişdi.

“Kommunist” qəzeti qısa müddət ərzində bütün Cənubi Qafqazın aparıcı dövri nəşrlərindən birinə çevrilmişdi. SSRİ-nin iri şəhərlərində və bir sıra xarici ölkələrdə xüsusi müxbirləri var idi. Azərbaycanın bütün qəzalarında və şəhərlərində də qəzetin müxbir məntəqəsi yaradılmışdı. O dövrdə partiya və dövlət səviyyəsində hərtərəfli dəstəklənən fəhlə və kəndli müxbirləri də onunla fəal əməkdaşlıq edirdilər. Ölkədə və xaricdə baş verənlər haqqında gecə saat ikiyədək əldə edilən ən son məlumatlar qəzetin səhifələrində yerləşdirilirdi. Dövlət xadimləri, aparıcı şair və yazıçılar, jurnalistlər, istehsalat qabaqcılları və b. tez-tez “Kommunist” qəzetinin səhifələrində çıxış edirdilər.

Qəzet 3 abonementdə nəşr olunurdu, yəni abunə haqqının miqdarından asılı olaraq pulsuz, az ödənişli əlavələrə malik idi. Üstəlik, ödənişi kiçik hissələrlə 3 dəfəyə həyata keçirmək mümkün idi. Müəllim, tələbə, qırmızı əsgər, kəndli və həmkarlar üzvlərinə güzəştlər edilirdi, yəni onlar qəzetin dəyərinin beşdə birinin ödənilməsindən azad edilirdilər. Qəzet tərəfindən kənd təsərrüfatına dair nəşr olunan ədəbiyyat kəndlilər arasında pulsuz paylanılırdı.

“Kommunist” qəzeti özünün inkişafı və təkmilləşməsi üçün kifayət qədər çətin, lakin qısa bir yol keçmişdir, lakin respublika partiya rəhbərliyi tərəfindən ona qarşı həmişə qərəzli və ayrı-seçkilik mövqeyi tutulmuşdur. Bununla belə, bu qəzet nüfuz baxımından o vaxtlar aparıcı sayılan və bütün hakimiyyət orqanları tərəfindən hərtərəfli dəstəklənən “Bakinskiy raboçiy” qəzetindən  səviyyəli çıxmış və daha məşhur olmuşdur. 

Tbilisidə çıxan “Zarya vostoka” qəzeti 1924-cü il 7 may nömrəsində yazırdı ki, “Əgər türkcə “Kommunist” qəzeti nəşrinin əvvəlki illərində çox zəif idisə, indi, demək olar ki, bütün SSRİ-də ən yaxşı qəzetlərdən biridir”.

Zəngin rəqəm və faktiki materiallara əsaslanan yeni mənbələrin ilk dəfə olaraq bizim tərəfimizdən elmi dövriyyəyə daxil edilməsi və onların hərtərəfli analizi sayəsində 20-ci illərdə “Kommunist” qəzetinin təşəkkülü və inkişafı mənzərəsi konkret faktlarla öyrənilmişdir.

İlk addımlar

Cəmiyyətin ictimai, mənəvi-tərbiyəvi və iqtisadi həyatında mətbuatın rolu və yeri çox böyükdür. Sovet hakimiyyətinin ilk illərində sovet mətbuatının təşəkkülü prosesində “Kommunist” qəzetinin səhifələrində yerli partiya komitələri və sovet orqanlarına, onların rəhbərlərinə (bəzən adları ilə), fəhlə və kəndli müxbirlərinə, bütün oxuculara ünvanlanan çağırışlar dərc edilir, yerli təcrübənin qəzet səhifələrində geniş və hərtərəfli işıqlandırılması üçün konkret məsələlər üzrə öz düşüncə, mülahizə və fikirlərini bölüşmələri təklif olunurdu.

Sovet epoxası zamanı qəzet minlərlə insanı öz ətrafında birləşdirmiş, onlarda gözəl gələcəyə və xoş əhvali-ruhiyyəyə inam oyatmışdır. “Kommunist” ziyalılarımızın ən yaxşı nümayəndələrinin bilik və bacarığını öz ətrafında cəmləşdirmişdi. Qəzet ölkənin gündəlik həyatından geri qalmamağa çalışırdı. 

“Kommunist” qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu. Bu nömrə, demək olar ki, bütünlüklə dünya inqilabı məsələlərinə həsr olunub və dünya zəhmətkeşlərini inqilab uğrunda mübarizədə fəhlə sinfinin qabaqcıl rolunun daha da gücləndirilməsinə çağırışb.

Tarixi ədəbiyyatda “Kommunist” qəzetinin ilk nömrəsinin redaktorunun kimliyi barəsində fikir ayrılığı mövcuddur. “Kommunist” qəzetinin tədqiqatçısı C.Məhərrəmli hesab edir ki, qəzetin ilk redaktoru Ə.Qarayev olmuşdur, amma bu halda fikrini təsdiqləyən hər hansı bir dəlilə istinad etmir. Azərbaycan Sovet Ensiklopediyasının I və III cildlərində, “Azərbaycan Kommunist partiyasının tarixi oçerkləri”ndə, Ruhulla Axundovun “Seçilmiş əsərləri”ndə, “Kommunist–50” yubiley nəşrində, Q.Mədətovun “Ruhulla Axundov” kitabında və s. əsərlərdə göstərilir ki, “Kommunist” qəzetinin həmin sayının redaktoru Ruhulla Axundov olmuşdur. Qəzetin ilk və sonrakı nömrələrini müqayisə etdikdə, redaktə stilinə diqqət yetirdikdə, bu nəticəyə gəlmək olur ki, qəzetin ilk redaktoru Ruhulla Axundov deyil, Əliheydər Qarayev olmuşdur. 

1923-cü il mayın 26-da Azərbaycan K(b)P MK “Kommunist” qəzetinə təklif edir ki, bütün jurnalistlər və mətbuat işçiləri barəsində MK-nın təbliğat-təşviqat şöbəsinə ətraflı məlumat versin. “Kommunist” qəzetinin ovaxtkı redaktoru Ruhulla Axundovun imzası ilə göndərilən geniş məlumatda onun özünün keçmiş jurnalistlik fəaliyyətindən bəhs olunarkən “Zəhmət sədası” (1917), “Bakı Şurasının əxbarı” (1918) və s. qəzetlərin nəşrində göstərdiyi xidmətləri sadalanır.

Həmin yazıda Ruhulla Axundovun “Kommunist” qəzetində işləməsi və hər hansı xidməti göstərməsi barədə cüzi eyham da yoxdur. Ruhulla Axundovun keçmiş xidmətlərini bütün təfərrüatı ilə sadalamasından çıxış edərək, eləcə də özünə və şəxsi xidmətlərinə yüksək qiymət verdiyini nəzərə alaraq güman etmək olar ki, “Kommunist” qəzetində hansısa xidməti göstərmiş Ruhulla Axundov, şübhəsiz, onları burada xüsusi qeyd etməli idi. Onun bunu təvazökarlıqdan etmədiyini düşünmək isə sadəlövhlük olardı. Belə ki, o, elə həmin yazıda başqa jurnalistlər haqqında tamamilə fərqli rəylə çıxış etmişdir.

Ruhulla Axundov rəsmi olaraq Əliheydər Qarayevi yalnız 1919-cu il avqustun 20-də RK(b)P Bakı Komitəsi Bürosunun qərarı ilə “Hürriyyət” qəzetində əvəz etmişdir. Beləliklə, “Kommunist” qəzetinin ilk sayının Ə.H.Qarayev tərəfindən redaktə olunduğunu güman etməyə əsas daha çoxdur. 

Qəzetin müntəzəm nəşrinə 1920-ci il aprelin 30-dan başlanılıb. Ruslar Azərbaycanı işğal etdikdən sonra bolşeviklər “Azərbaycan” qəzetinin Kolyubakinski, 37 (indiki N.Rəfibəyli küçəsi) ünvanda yerləşən redaksiya və mətbəəsini tutub, onu “Revkomun mətbəəsi” (İnqilab komitəsinin mətbəəsi) adlandırıblar. Həmin mətbəəni 1921-ci il mayın 22-dən 4№-li
mətbəə, 1924-cü ilin avqustundan isə “III İnternasional mətbəəsi” adlandırıblar. Türkcə “Azərbaycan” və rusca “Аzerbaydjan” qəzetlərinin nəşri dayandırılıb, onların əvəzində əvvəlcə türkcə, bir neçə gün sonra – 1920-ci il mayın 1-dən isə həm də rusca “Kommunist” qəzetlərinin nəşrinə başlanılıb. 

Qəzetin başlığında göstərilirdi ki, o Sovet Respublikası Müvəqqəti Hərbi-inqilabi Komitəsinin və Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin nəşridir. Sonralar qəzet “Azərbaycan Sovet Sosialist hökuməti İnqilab Komitəsi fəhlə, kəndli, qızıl əsgər və dənizçilər Şurasının orqanı”na çevrildi. “Kommunist” qəzeti Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun qərarı ilə 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab Komitəsinin (Azrəvkomun) və Bakı Sovetinin, “Azərbaycan füqərası” isə Azərbaycan K(b)P MK və BK-nın orqanı elan edilib. 

I Sovetlər qurultayı tərəfindən Azərbaycan İnqilab Komitəsinin 1921-ci ilin mayından ləğv edilməsindən sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİK) təsis edilib və bu dövrdən “Kommunist” qəzeti Azərbaycan K(b)P MK və BK-nın, AzMİK və Bakı Sovetinin, “Azərbaycan füqərası” isə Azərbaycan K(b)P MK-nın orqanı olub. 1921-ci ilin sonlarında “Azərbaycan füqərası”nın adı dəyişdirilərək “Azərbaycan xəbərləri” qoyulub, amma, təxminən, bir ay sonra bu qəzetin nəşri tamamilə dayandırılıb.

Belə bir vəziyyətdə “Kommunist” qəzetinin daha da qüvvətləndirilməsi qərara alınıb və 1922-ci ilin yayında AHİŞ-in mətbu orqanı olan “Zəhmət” qəzeti onunla birləşdirilib, qəzetin bütün vəsaitləri “Kommunist” qəzetinə verilib. Bu qəzetlərin birləşməsi 1922-ci il iyulun 1-də həyata keçirilib. Bununla əlaqədar “Kommunist” qəzetinin səhifələrində geniş təbliğat aparılıb.

Kağız qıtlığı ilə əlaqədar olaraq ilk vaxtlar “Kommunist” qəzeti kiçik həcmdə, 2 səhifədə, müxtəlif rəngli, üzərində çoxlü nöqtələri və kiçik xətləri olan aşağı keyfiyyətli bükü kağızında çap edilirdi ki, bu da nöqtə və xətlərin sayından tam asılı olan ərəb əlifbasında nəşr olunan qəzetin oxunuşunu xeyli çətinləşdirirdi. Üstəlik, həmin illərdə ərəb əlifbası ilə mətn yığan linotip maşınları yox idi, qəzetin bütün səhifələri əl ilə, boşluqlar da nəzərə alınmaqla hərf-hərf yığılırdı. Bunun nəticəsində, təsadüfən də olsa, mətndə səhvlərə yol verilirdi, sözlərin, bəzən də bütöv cümlənin mənası dəyişirdi. Qəzetin əməkdaşları – həm jurnalistlər, həm də fəhlələr isə rusca nəşr olunan qəzetlərin işçilərinin sayından az idi. Onların aldıqları məvacib də rəsmi olaraq rusca nəşr olunan “Bakinskiy raboçiy” qəzetinin əməkdaşlarının məvaciblərindən bir neçə dəfə az idi.

Qəzetin ayrı-ayrı natamam komplektləri Milli Kitabxanada, Baş Arxivlər İdarəsinin, Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin, Bakı Dövlət Universitetinin, AMEA Azərbaycan Tarixi Muzeyinin kitabxanalarında, AMEA Mərkəzi Elmi Kitabxanasında və Əlyazmalar İnstitutunda saxlanılır. Bütün komplektlərdə onlarla nömrələr çatışmır, bəzən isə ayrı-ayrı illər üzrə nömrələr tapılmır. Qəzetin nisbətən tam komplekti Moskvada keçmiş Lenin adına kitabxanada saxlanılır. Qəzetin 1920–1928-ci illər üzrə bir neçə komplekti tədqiqatçı C.Məhərrəmli tərəfindən “Kommunist” qəzetinin redaksiyasında aşkar edilib və 1964-cü ildə Azərbaycan KP MK-nın qərarına uyğun olaraq Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasına verilib.

(ardı var)

Elmar MƏHƏRRƏMOV, 
tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi



Sosial həyat