Qara dənizdən keçən bu xətt 4 qiqavat  “yaşıl” enerji nəql edəcək

post-img

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Həmin sənəd çərçivəsində 1195 kilometr uzunluğunda,  1000 meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi qərara alınıb. 

Elektrik kabelinin inşasının  gerçəkləşdirilməsi ilə Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisi Gürcüstan, eləcə də Qara dəniz vasitəsilə Rumıniyaya,  daha sonra isə Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəql ediləcək. Elektrik kabelinin tikintisi 4 qiqavata qədər “yaşıl” enerji tədarükünü gerçəkləşdirməyə  imkan verəcək. Dünya Bankı (DB) elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı (ESPIRE program) vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə birinci mərhələnin maliyyələşdirilməsi üçün  35 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.

ESPIRE proqramı Qara dəniz sualtı kabel layihəsinin inkişafı üçün Gürcüstanın institusional imkanlarının yaxşılaşdırılması, yerli elektrik ötürmə sistemininin möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Cənub-Şərqi Avropa arasında birbaşa enerji əlaqəsinin qurulmasını hədəfləyən 500 milyon ABŞ dolları dəyərində potensial maliyyələşdirmə paketi ilə 3 mərhələdən ibarətdir. ESPIRE təyinat nöqtələri Gürcüstan və Rumıniyada olmaqla, Qara dəniz boyunca paralel sualtı kabel elektrik ötürmə xətləri və fiber optik kabelin çəkilməsini hədəfləyən Qara dəniz sualtı kabel layihəsinin (BSSC) hazırlığının növbəti mərhələlərini dəstəkləmək üçün nəzərdə tutulub.

Tbilisidə yerləşən İlia Dövlət Universitetinin Enerji Tədqiqatları Mərkəzinin rəhbəri, professor Murman Marqvelaşvili Azərbaycan mediasına müsahibəsində bu layihə barədə deyib: “Azərbaycan və Gürcüstan “yaşıl” enerjinin inkişafı üçün yüksək potensiala malikdir. Xüsusən Azərbaycan Xəzər dənizində külək enerjisi sahəsində böyük ehtiyata sahibdir. Gürcüstanın da hidro, eləcə də külək enerjisinin inkişafı üçün mühüm resursları var. Bu enerjinin Avropa İtifaqına ixracı nəzərdə tutulur ki, bu da qazıntı yanacağının istifadəsi ilə əlaqədar tullantıları kompensasiya etməyə və qazdan asılılığı azaltmağa imkan verir”.

Murman Marqvelaşvili bildirib ki, adıçəkilən kabel yetərincə dərin sulardan keçən ən uzun sualtı infrastrukturdur, texniki baxımdan da kifayət qədər mürəkkəb layihədir. Kabel Cənubi Qafqaz və Aİ arasında bağlantını reallaşdırmaqla həm də    siyasi xarakter daşıyır, sülhü və təhlükəsizliyi şərtləndirir.  

Yeri gəlmişkən, Gürcüstan İqtisadiyyat Nazirliyinin bu günlərdə yaydığı məlumatda bildirilir ki, Beynəlxalq Texniki-İqtisadi Əsaslandırma (TİƏ) Təşkilatı Azərbaycanın təşəbbüskarı olduğu Qara dəniz “yaşıl” enerji  kabelinin tikintisi layihəsinin iqtisadi və texniki cəhətdən səmərəliliyini təsdiqləyib. 2022-ci ildən həyata keçirilən texniki-iqtisadi əsaslandırma “Gürcüstan Dövlət Elektrik Sistemi” Dövlət Şirkətinin sifarişi, eləcə də Dünya Bankı və bu ölkənin  İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi ilə İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən hazırlanıb.

Məlumatda qeyd edilir ki,  araşdırmaya əsasən, Qara dəniz sualtı kabel layihəsi perspektivli olmaqla yanaşı, texniki və iqtisadi cəhətdən də həyata keçirilməsi mümkündür. Bildirilib ki, araşdırma çərçivəsində elektrik kabelinin optimal xarakteristikası müəyyənləşdirilib, tikinti xərcləri hesablanıb və layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və dənizdəki hissələrinin ilkin marşrutu müəyyən edilib, layihənin icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının aparılması üçün tələb olunan işlərin təsviri və tenderlə bağlı texniki tapşırıq da hazırlanıb. 

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2025–2026-cı illər ərzində ətraf mühitə və sosial şəraitə təsirlə bağlı tədqiqatlar, eləcə də layihənin dəniz dibinə təsirinin qiymətləndirilməsi həyata keçiriləcək. Xatırladaq ki, 2024-cü ilin may ayında “Transelectrica” və layihədə iştirak edən digər ölkələrin tərəfdaş operatorları olan “AzərEnerji” (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM (Macarıstan) arasında layihə üzrə şirkətin yaradılması haqqında memorandum imzalanıb. Adı hələlik məlum olmayan yeni birgə müəssisənin baş ofisinin Buxarestdə yerləşəcəyi qərara alınıb.  

Rumıniyanın “Transelectrica” Elektrik Şəbəkəsi operatorunun səhmdarları tərəfindən şirkətin Qara dənizin dibi ilə Azərbaycan–Gürcüstan–Avropa “yaşıl” enerji dəhlizinin yaradılması layihəsində iştirakı  təsdiqlənib. Bu barədə Rumıniya mətbuatında məlumat dərc edilib. Bildirilib ki, hökumətin nəzarətində olan “Trans­electrica” şirkətinin (58 faiz) səhmdarları şirkətin Qara dənizdən keçərək Macarıstana çatacaq 1200 kilometr  uzunluğunda sualtı kabel vasitəsilə Xəzər dənizi regionundan “yaşıl” və sərfəli elektrik enerjisi təchizatını nəzərdə tutan layihədə iştirakını təsdiqləyiblər.

Rumıniyanın energetika naziri Sebastyan Burduja layihə ilə bağlı bundan bir qədər əvvəl deyib: “Rumıniya üçün enerji sistemlərinin birləşməsi yeni bazara çıxış, milli enerji sisteminin təhlükəsizliyinin gücləndirilməsi, orta və uzunmüddətli perspektivdə isə bütün rumınlar üçün daha münasib qiymətə ekoloji cəhətdən təmiz enerji deməkdir”.

Energetika nazirinin müavini Kamal Abbasov mediaya məlumatında  bildirib ki, hazırda Azərbaycan beynəlxalq enerji şirkətləri ilə daxili istehlak üçün gücü 10 gigavata qədər olan “yaşıl” enerji istehsalını, növbəti onillikdə isə iqtisadiyyatın dekarbonizasiyası və ixrac layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.  K. Abbasov əlavə edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə də işlər uğurla davam edir: “Bu istiqamətdə növbəti görüşün sentyabrda Buxarestdə keçirilməsi planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması prosesini 2024-cü ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur. Düşünürük ki, baş ofisi Buxarestdə olacaq birgə müəssisə cari ilin sentyabrında yaradılacaq”.

Bir daha qeyd edək ki, sözügedən kabel Azərbaycanda istehsal edilən “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulub. Kabel 3–4 il ərzində çəkiləcək. Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Ekologiya