Şərurda sahibkarlarla iqtisadi imkanlar müzakirə olunub

post-img

Oktyabrın 17-də Şərur şəhərində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, fermerlər, bank sektorunun təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, dövlət himni səsləndirilib,  Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açılış nitqi ilə çıxış edərək rayonun sosial-iqtisadi inkişafının mövcud vəziyyətindən danışıb. İcra başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində Şərur rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, xüsusilə kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə olunub.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Ümumi iqtisadi mənzərə və perspektivlər” mövzusunda çıxış edərək bildirib ki, hazırkı dövrdə iqtisadi inkişafın əsas elementləri dayanıqlılığın təmin olunması, innovasiyaların tətbiqi və rəqabət qabiliyyətinin artırılmasıdır. Nazir vurğulayıb ki, muxtar respublikada iqtisadiyyat müxtəlif sahələrdə uğurla inkişaf edir və bu inkişafın davamlı olması üçün sahibkarların rolu xüsusi əhəmiyyət daşıyır. Kazım Hüseynəliyev sahibkarları regionun iqtisadi potensialından və dövlətin təklif etdiyi dəstək alətlərindən səmərəli istifadə etməyə, yeni investisiya layihələri icra etməkdə fəal olmağa, eləcə də mövcud fəaliyyətlərini genişləndirməyə çağırıb. Nazir qeyd edib ki, qarşıda duran əsas vəzifə regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsidir və bu hədəfə dövlət və özəl sektorun sıx əməkdaşlığa ilə nail olmaq olar.

Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Vüsal Novruzov “Mövcud maliyyələşmə imkanları” mövzusunda çıxış edərək, sahibkarlara təqdim olunan güzəştli kreditlər, dövlət dəstəyi mexanizmləri və yeni layihələr haqqında danışıb.

Tədbirdə çıxış edən sahibkar Yusif Quliyev öz fəaliyyəti barədə məlumat verib, ötən dövrdə Sahibkarlığın İnkişafı Fondunun güzəştli maliyyə vəsaitlərindən faydalandığını diqqətə çatdırıb və dövlətin iş adamlarına yaratdığı imkanlara görə minnətdarlığını bildirib.

Tədbirin təqdimatlar bölməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən regionun potensialına uyğun investisiya layihələri, ixrac imkanları, dəstək mexanizmləri və güzəştli kreditlərin verilməsi qaydaları ilə bağlı geniş təqdimatlar edilib.

Tədbirin sonunda keçirilən “Açıq mikrofon” müzakirəsində sahibkarlar və iştirakçılar dövlət qurumlarının nümayəndələrinə birbaşa suallar ünvanlayıb, fikirlərini bölüşüblər. Dövlət qurumlarının nümayəndələri tərəfindən suallar cavablandırılıb və müvafiq izahlar verilib.

Səbuhi Həsənov
XQ





Sosial həyat