Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikasında hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində strateji məqsədlərin müəyyən edilməsi və dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda (bundan sonra – Dövlət Proqramı) nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti həyata keçirən Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın (bundan sonra – Komissiya) fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini və fəaliyyətinin təşkili ilə bağlı digər məsələləri tənzimləyir.
1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanı, həmin Konvensiyaya 9 nömrəli Əlavə – “Rəsmiyyətin sadələşdirilməsi” sənədini, “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” 1974-cü il 25 sentyabr tarixli Beynəlxalq Konvensiyanın (dəyişdirilmiş redaksiyada 1999-cu il iyunun 26-da Brüssel şəhərində qəbul edilmişdir) “J Xüsusi prosedurlar” adlı Xüsusi Əlavəsi ilə müəyyən olunmuş beynəlxalq standartları və tövsiyə olunan təcrübəni, Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.
1.3. Komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir və öz fəaliyyətində qanunçuluq, qərəzsizlik, obyektivlik, müstəqillik və peşəkarlıq prinsiplərini rəhbər tutur.
1.4. Komissiyanın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü vardır.
2. Komissiyanın fəaliyyət istiqamətləri
2.1. Komissiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.1.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi və əməliyyatların səmərəliliyinin artırılması;
2.1.2. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsi ilə bağlı fəaliyyətin təşkili, mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflərin hazırlanması;
2.1.3. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
2.1.4. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi;
2.1.5. mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi;
2.1.6. beynəlxalq təcrübə nəzərə alınmaqla, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi sahəsində əlaqələndirmə işinin təşkili.
3. Komissiyanın vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Komissiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarəti təmin etmək;
3.1.2. hava daşımaları üzrə əsassız maneələrin və gecikmələrin aradan qaldırılması, mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini yüksəltmək;
3.1.3. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.1.4. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin, beynəlxalq təşkilatların tövsiyələrinə baxmaq;
3.1.5. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması üçün təkliflər vermək;
3.1.6. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstü xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsini və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətini təşkil etmək;
3.1.7. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı dəyişiklik barədə aidiyyəti dövlət orqanlarını (qurumlarını), hüquqi və fiziki şəxsləri məlumatlandırmaq;
3.1.8. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı strateji məqsədləri müəyyən etmək;
3.1.9. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) yerinə yetirəcəkləri qabaqlayıcı əməliyyat tədbirlərinin vaxtında planlaşdırılmasını təşkil etmək;
3.1.10. məxfi məlumatlarla iş qaydasını və onların mühafizəsini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin etmək;
3.1.11. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlər planının icrası çərçivəsində həyata keçirilən monitorinqin nəticəsi barədə aidiyyəti üzrə məlumatlar almaq, habelə hava daşımaları üzrə əməliyyatların səmərəliliyinin artırılmasını tələb etmək;
3.1.12. hava limanlarında (aeroportlarda) yaradılan hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair komissiyalara tövsiyələr vermək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək.
4. Komissiyanın hüquqları
4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:
4.1.1. Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət orqanlarının (qurumlarının) qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi məqsədilə müvafiq təlimlər təşkil etmək;
4.1.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair tövsiyələr vermək;
4.1.3. hava limanının (aeroportun) mövcud şəraitini və inkişaf perspektivini nəzərə almaqla, normativ hüquqi aktlarda nəzərdə tutulmuş tələblərin həyata keçirilməsində iştirak edən dövlət orqanlarının (qurumlarının), idarə, müəssisə və təşkilatların, hava limanlarının (aeroportların), hava gəmisi istismarçılarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı fəaliyyətini əlaqələndirmək məqsədilə işçi qruplar və komissiyalar yaratmaq;
4.1.4. digər dövlətlərlə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində əməkdaşlıq etmək.
5. Komissiyanın fəaliyyətinin təşkili
5.1. Komissiyanın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən 20 (iyirmi) üzvdən ibarətdir.
5.2. Komissiyanın fəaliyyətinə Komissiyanın sədri rəhbərlik edir.
5.3. Komissiyanın sədri aşağıdakı vəzifələri yerinə yetirir:
5.3.1. Komissiyanın işini təşkil edir və onu təmsil edir;
5.3.2. Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;
5.3.3. Komissiya üzvlərinin təkliflərini nəzərə almaqla, Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
5.3.4. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə illik hesabat verilməsini təmin edir;
5.3.5. Komissiyaya daxil olan müraciətlərə baxılmanı təmin edir;
5.3.6. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı digər işləri yerinə yetirir.
5.4. Komissiya sədrinin hüquqları aşağıdakılardır:
5.4.1. öz təşəbbüsü ilə, habelə Komissiyanın hər hansı digər üzvünün xahişi əsasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini və digər şəxsləri Komissiyanın iclaslarına dəvət etmək;
5.4.2. Komissiyanın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.
5.5. Komissiyanın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini Komissiya sədrinin müəyyənləşdirdiyi Komissiya üzvlərindən biri həyata keçirir.
5.6. Komissiyanın fəaliyyətinin təşkili üçün Komissiyanın Katibliyi (bundan sonra – Katiblik) yaradılır. Katibliyin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.
5.7. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
5.7.1. Komissiyanın fəaliyyəti ilə bağlı məlumatları Komissiyanın sorğularına əsasən tam və vaxtında təqdim etmək;
5.7.2. Komissiyanın qərarlarının və digər sənədlərin icrası ilə bağlı tədbirlər görmək;
5.7.3. Komissiyanın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.
5.8. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:
5.8.1. Komissiyanın iclaslarında və fəaliyyətində iştirak etmək;
5.8.2. Komissiyanın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;
5.8.3. Komissiyanın iclaslarının gündəliyi, eləcə də səlahiyyətlərinə aid məsələlərə Komissiyanın iclaslarında baxılması barədə təklif vermək;
5.8.4. Komissiyada qəbul ediləcək qərarlara dair fikir bildirmək;
5.8.5. Komissiyanın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək.
5.9. Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:
5.9.1. Komissiyanın fəaliyyəti ilə bağlı tapşırıqları icra edir və Komissiyanın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
5.9.2. Komissiya üzvlərinin təklifləri əsasında Komissiyanın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Komissiyanın sədrinə təqdim edir;
5.9.3. Komissiyanın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Komissiyanın üzvlərinə yazılı məlumat verir;
5.9.4. Komissiya sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Komissiyanın iclaslarına dəvət edir;
5.9.5. Komissiyanın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
5.9.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;
5.9.7. Komissiyanın iclas protokollarının və qərarlarının surətlərini Komissiyanın üzvlərinə, habelə qərarlardan çıxarışları aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;
5.9.8. Komissiyanın iclaslarında qəbul olunmuş qərarların, o cümlədən imzalanmış digər sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;
5.9.9. Komissiyanın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular verir, onlardan belə sənədləri (məlumatları) alır;
5.9.10. Komissiyanın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;
5.9.11. Komissiyanın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.
5.10. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən təsdiq edilmiş plan əsasında, ildə iki dəfədən az olmayaraq keçirilir. Komissiyanın növbədənkənar iclasları Komissiya sədrinin və yaxud üzvlərinin üçdə birinin tələbi ilə çağırıla bilər.
5.11. Komissiyanın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir.
5.12. Komissiyanın qərarları açıq səsvermə yolu ilə onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici hesab edilir. Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.
5.13. Komissiyanın iclaslarının nəticələri Komissiyanın sədri və katibi tərəfindən imzalanmış protokolla rəsmiləşdirilir.