Elektron Rəqabət İnformasiya Sistemi haqqında ƏSASNAMƏ

post-img

Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 26 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Elektron Rəqabət İnformasiya Sisteminin (bundan sonra – ERİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahə) istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənəd və məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərar və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edir.

1.3. ERİS-in formalaşdırılmasının məqsədi müvafiq sahədə tənzimləmə və nəzarətin həyata keçirilməsi, analitik təhlil və hesabatların hazırlanması ilə bağlı proseslərin rəqəmsallaşdırılmasından və avtomatlaşdırılmasından, eləcə də səmərəliliyinin və effektivliyinin artırılmasından, habelə xidmətlər göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsindən ibarətdir.

1.4. ERİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5. Fərdi məlumatların ERİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların ERİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.6. ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.

1.7. ERİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

1.8. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

 

2. ERİS-in texniki-texnoloji infrastrukturu

2.1. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;

2.1.4. ehtiyat nüsxələr;

2.1.5. istismaraqədərki formalaşma mühitləri.

2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, ERİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə ERİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.

2.3. ERİS onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.

2.4. ERİS-in qurulma topologiyasına uyğun olaraq, telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:

2.4.1. ERİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – sahibin müvafiq struktur bölmələri tərəfindən;

2.4.2. ERİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

2.5. ERİS-də formalaşdırılan, ERİS-ə daxil edilən və ötürülən məlumatlar ERİS-in informasiya ehtiyatında saxlanılır.

2.6. İdarəetmə paneli ERİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən ERİS-dən istifadəni təmin edir.

2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ERİS, o cümlədən ERİS-də toplanılan məlumatlar, eləcə də ERİS-in və həmin məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

2.8. ERİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.

3. ERİS-in altsistemləri

3.1. ERİS aşağıdakı altsistemlərdən ibarətdir:

3.1.1. “Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti” altsistemi;

3.1.2. “Təsərrüfat subyektlərinin təmərküzləşməsinə dair müraciət” altsistemi;

3.1.3. “Antidempinq” altsistemi;

3.1.4. “İstehlakçı” altsistemi;

3.1.5. “Digər müraciətlər” altsistemi.

3.2. “Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti” altsistemi vasitəsilə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.4-cü, 36.5-ci, 39.2-ci və 39.7-ci maddələrinə əsasən təbii inhisar subyektləri tərəfindən müraciətlərin (vəsatətlərin) və onlara əlavə edilməli olan sənədlərin qəbulu, emalı və həmin müraciətlərə dair qərar və məlumatların elektron qaydada təqdim edilməsi təmin olunur.

3.3. “Təsərrüfat subyektlərinin təmərküzləşməsinə dair müraciət” altsistemi vasitəsilə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 7-ci fəslinə əsasən təsərrüfat subyektlərinin təmərküzləşməsi ilə bağlı müraciətlərin (vəsatətlərin) və onlara əlavə edilməli olan sənədlərin qəbulu, emalı və həmin müraciətlərə dair qərar və məlumatların elektron qaydada təqdim edilməsi təmin olunur.

3.4. “Antidempinq” altsistemi vasitəsilə iqtisadi maraqların müdafiəsi üçün yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin təşkili ilə bağlı müraciətlərin (vəsatətlərin) və onlara əlavə edilməli olan sənədlərin qəbulu, emalı və həmin müraciətlərə dair qərar və məlumatların elektron qaydada təqdim edilməsi təmin olunur.

3.5. “İstehlakçı” altsistemi vasitəsilə istehlakçıların hüquqlarının pozulması ilə bağlı müraciətlərin (vəsatətlərin) və onlara əlavə edilməli olan sənədlərin qəbul edilməsi, emalı və həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsi təmin olunur.

3.6. “Digər müraciətlər” altsistemi vasitəsilə rəqabət qanunvericiliyinin tələblərinin pozulması və ya rəqabət qanunvericiliyi ilə əlaqədar digər müraciətlərin (vəsatətlərin) və onlara əlavə edilməli olan sənədlərin qəbulu, emalı və həmin müraciətlərə dair qərar və məlumatların elektron qaydada təqdim edilməsi təmin olunur.

4. ERİS-ə daxil edilən və ötürülən məlumatlar

4.1. İnformasiya sisteminə daxil edilən məlumatlar aşağıdakılardır:

4.1.1. altsistemlərdən müraciətlər (vəsatətlər) və onlara əlavə edilməli olan sənədlər;

4.1.2. rəqabətə və istehlakçıların hüquqlarının müdafiəsinə dair normativ sənədlər;

4.1.3. müvafiq sahədə məmnunluğun qiymətləndirilməsi üzrə istifadəçilərin rəyləri;

4.1.4. müvafiq sahədə həyata keçirilən tənzimləmə və nəzarətin nəticələri.

4.2. Sorğu əsasında Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya vasitəsilə ilkin mənbələrdən əldə edilən məlumatlar aşağıdakılardır:

4.2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları (şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, qeydiyyat ünvanı, fotoşəkli, FİN-i);

4.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.2.3. təsərrüfat subyektinin fəaliyyət növləri üzrə topdansatış və ya pərakəndə satış məlumatları (elektron qaimə-faktura və nəzarət-kassa aparatlarına əsasən satış dövriyyəsi);

4.2.4. təsərrüfat subyektlərinin mənfəət (gəlir) vergisinin, sadələşdirilmiş vergisinin və əlavə dəyər vergisinin bəyannamələri;

4.2.5. hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar daxil olmaqla);

4.2.6. istehsalat təqvimi barədə məlumatlar;

4.2.7. bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirilən ödəniş məlumatları;

4.2.8. təsərrüfat subyektinin məhkəmə işləri barədə məlumat;

4.2.9. kommersiya hüquqi şəxsinin, onun filial və nümayəndəliyinin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), rəhbərin (qanuni nümayəndənin) soyadı, adı, atasının adı, vergi orqanlarında uçotda olan təsərrüfat subyektləri olduqda onların ünvanı və kodu;

4.2.10. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi orqanlarında uçotda olan təsərrüfat subyektləri olduqda onların ünvanı və kodu;

4.2.11. təsərrüfat subyektinin uçota alınması və uçotdan çıxarılması tarixləri;

4.2.12. təsərrüfat subyektinin vergi ödəyicisi kimi statusu (aktiv, dayandırılmış, bağlı) barədə məlumatlar;

4.2.13. təsərrüfat subyektinin idxal-ixrac əməliyyatları üzrə məlumatlar;

4.2.14. təsərrüfat subyektinin nizamnaməsi (dəyişikliklər əlavə edilməklə);

4.2.15. təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə vəziyyətinin nəticələrinə və digər iqtisadi göstəricilərinə dair, malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlər göstərilməsi haqqında rəsmi statistika hesabatları;

4.2.16. təsərrüfat subyektinin mikro, kiçik, orta və iri sahibkar meyarları üzrə aid edildiyi kateqoriya.

4.3. ERİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

4.4. ERİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti orqanlar (qurumlar) tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

4.5. ERİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

5. ERİS-dən istifadə qaydası

5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan orqanların (qurumların) ERİS-dən istifadəsi Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin ERİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən ERİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq ERİS-dən istifadə edirlər.

5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə ERİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq ERİS-dən istifadə edirlər.

5.4. ERİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə ERİS-in rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.

5.5. ERİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin ERİS-in fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.

6. Sahibin vəzifələri və hüquqları

6.1. ERİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:

6.1.1. ERİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

6.1.2. ERİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) halda isə fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;

6.1.3. fərdi məlumatların ERİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;

6.1.4. ERİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə ERİS-ə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;

6.1.5. ERİS-in informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

6.1.6. ERİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

6.1.7. ERİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

6.1.8. ERİS-ə müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

6.1.9. ERİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;

6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsindəki məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

6.1.12. ERİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.1.13. aidiyyəti orqanların (qurumların) ERİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

6.1.14. dövlət xidmətlərinin göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;

6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) ERİS-ə daxil etmək;

6.1.16. ERİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

6.1.17. ERİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

6.1.18. ERİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. ERİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

6.2.1. ERİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

6.2.2. ERİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

6.2.3. ERİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti orqanlara (qurumlara) sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7. Operatorun vəzifələri və hüquqları

7.1. Operatorun vəzifələri aşağıdakılardır:

7.1.1. ERİS-in informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

7.1.2. ERİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

7.1.3. ERİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

7.1.4. ERİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;

7.1.5. ERİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə ERİS-in “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;

7.1.6. ERİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə ERİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət orqanlarını (qurumlarını) məlumatlandırmaq;

7.1.7. ERİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə ERİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;

7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) ERİS-ə daxil etmək;

7.1.9. ERİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

7.1.10. ERİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.11. ERİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üçün profilaktik iş aparmaq;

7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında ERİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;

7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

7.1.14. ERİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;

7.1.15. ERİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;

7.1.16. ERİS-dən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi “elektron marketlərdə” yerləşdirmək (mobil tətbiq olduğu halda);

7.1.17. aidiyyəti orqanların (qurumların) ERİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

7.2. Operatorun aşağıdakı hüquqları vardır:

7.2.1. ERİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti orqanlara (qurumlara) sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. ERİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.2.3. ERİS-lə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;

7.2.4. ERİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

7.2.5. iştirakçılar və istifadəçilər ERİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, ERİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;

7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8. İştirakçıların vəzifələri və hüquqları

8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:

8.1.1. ERİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.2. ERİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə ERİS-ə daxil etmək (ötürmək);

8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

8.1.5. ERİS-dən, habelə ERİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

8.1.6. ERİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;

8.1.7. sahibin və operatorun ERİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

8.1.8. ERİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;

8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.

8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:

8.2.1. ERİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

8.2.2. ERİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.

9. İstifadəçilərin hüquqları

9.1. İstifadəçilərin ERİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:

9.1.1. ERİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;

9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barədə olan məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;

9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;

9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;

9.1.5. ERİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.1.6. ERİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

9.1.7. normativ hüquqi aktlardan irəli gələn digər hüquqları həyata keçirmək.

Əsasnamə