“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında ƏSASNAMƏ

post-img

Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 26 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (bundan sonra – RDMİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. RDMİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, RDMİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

1.3. RDMİS-in formalaşdırılmasının məqsədi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, inzibati cərimələr üzrə daxilomalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət, dövlət xəzinədarlığı, dövlət borcu və maliyyə öhdəliklərinin idarə edilməsi sahələrində dövlət idarəetməsinin optimallaşdırılması, analitik təhlillər aparılması, proqnozların və hesabatların hazırlanması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

1.4. RDMİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5. RDMİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

1.6. Fərdi məlumatların RDMİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların RDMİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.7. RDMİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. RDMİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

1.9. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.10. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

2. RDMİS-in texniki-texnoloji infrastrukturu

2.1. RDMİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;

2.1.4. ehtiyat nüsxələr;

2.1.5. istismaraqədərki formalaşma mühitləri.

2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, RDMİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə RDMİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.

2.3. RDMİS onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.

2.4. Qurulma topologiyasına uyğun olaraq, RDMİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:

2.4.1. RDMİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları ̶ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin struktur bölmələri tərəfindən;

2.4.2. RDMİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları ̶ Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

2.5. RDMİS-də formalaşdırılan, ona daxil edilən və ötürülən məlumatlar

RDMİS-in informasiya ehtiyatında saxlanılır.

2.6. İdarəetmə paneli RDMİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə RDMİS, o cümlədən RDMİS-də toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

2.8. RDMİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.

3. RDMİS-in altsistemləri

3.1. RDMİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:

3.1.1. “Büdcə məlumatlarını idarəetmə” altsistemi;

3.1.2. “Dövlət maliyyə nəzarəti” altsistemi;

3.1.3. “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi” altsistemi;

3.1.4. “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi” altsistemi;

3.1.5. “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi;

3.1.6. “e-azadolma” altsistemi;

3.1.7. “e-müqavilə” altsistemi;

3.1.8. “e-mühasibat” altsistemi;

3.1.9. “e-rüsum” altsistemi;

3.1.10. “e-mədaxil” altsistemi;

3.1.11. “Elektron ciddi hesabat blankları” altsistemi;

3.1.12. “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” altsistemi;

3.1.13. “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi.

3.2. “Büdcə məlumatlarını idarəetmə” altsistemi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsi və icmal büdcə layihələrinin və icmal büdcə göstəricilərinin tərtibi üçün zəruri məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlardan əldə edilməsini və dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim olunmasını təmin edir.

3.3. “Dövlət maliyyə nəzarəti” altsistemi dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitinin, dövlət zəmanəti ilə alınan və dövlət büdcəsinin vəsaiti hesabına verilən kreditlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitinin, habelə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitinin əldə edilməsi və təyinatı üzrə məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təmin edir.

3.4. “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi” altsistemi dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, dövlət büdcəsində dövlət investisiya xərclərinin ortamüddətli göstəricilərinin, dövlət büdcəsinin əsaslı xərclərinin, habelə dövlət investisiya proqramına daxil olan layihələrin maliyyə təminatının müəyyən edilməsi, onların icra vəziyyətinin real vaxt rejimində izlənilməsi, sosial-iqtisadi inkişaf konsepsiyaları, strategiyaları və dövlət proqramları çərçivəsində icra olunan tədbirlərin maliyyə göstəricilərinin proqnozlaşdırılması və monitorinqi üçün məlumatların əldə edilməsini və onların emalını təmin edir.

3.5. “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi” altsistemi dövlət borcu və zəmanəti üzrə öhdəliklər barədə məlumatların toplanılmasını, idarə olunmasını və real vaxt rejimində monitorinqini, dövlət orqanları (qurumları) və digər təşkilatlar tərəfindən hesabatların təqdim olunmasını, eləcə də vahid xəzinə hesabının qalığının və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin idarə edilməsinə dair məlumatların toplanılmasını təmin edir.

3.6. “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.

3.7. “e-azadolma” altsistemi vergi və gömrük sahələrində güzəştlərin və azadolmaların reyestrinin aparılmasını, həmin güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, habelə büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsini təmin edir.

3.8. “e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini, bu müqavilələrin elektron qaydada bağlanılmasını və göndərilməsini təmin edir.

3.9. “e-mühasibat” altsistemi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılmasını, maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini, mühasibat uçotu subyektləri tərəfindən istifadə üçün bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidini və maarifləndirici məlumatların yerləşdirilməsini təmin edir.

3.10. “e-rüsum” altsistemi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və aidiyyəti üzrə baxılmasını, habelə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarətin və uçotun həyata keçirilməsini təmin edir.

3.11. “e-mədaxil” altsistemi dövlət büdcəsi gəlirlərinin daha dəqiq və operativ şəkildə proqnozlaşdırılmasını, gəlir axınları üzrə analitik təhlilin səmərəliliyini təmin edir.

3.12. “Elektron ciddi hesabat blankları” altsistemi Azərbaycan Respublikasında təşkilati-hüquqi formasından asılı olmayaraq təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən xüsusi seriya və nömrəyə malik ilkin uçot sənədi olan ciddi hesabat blanklarının elektron qaydada tərtib və təqdim edilməsini, habelə uçotunun aparılmasını təmin edir.

3.13. “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” altsistemi dövlət büdcəsinin kassa icrasının həyata keçirilməsini və həmin maliyyə əməliyyatlarının uçotunun aparılmasını, büdcə təşkilatlarının satın aldığı mal, iş və xidmətlərə görə yaranan kreditor borclarının ödənilməsini, dövlətə məxsus maliyyə vəsaitinin vahid mərkəzdən idarə edilməsini, bu vəsaitin daxil olmasını və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarətin həyata keçirilməsini təmin edir.

3.14. “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edir.

4. RDMİS-ə ötürülən məlumatlar

 

4.1. Məlumat mübadiləsinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə RDMİS, normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.

4.2. Sahibin normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası, habelə dövlət xidmətləri göstərməsi zamanı tələb olunan aşağıdakı məlumatlar inteqrasiya yolu ilə ilkin mənbələrdən əldə edilir:

4.2.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar), o cümlədən elektron protokol və elektron qərarlar, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarlar, itirilmiş, zədələnmiş (korlanmış) blanklar, unikal nömrə verildikdən sonra təsdiqlənməmiş və ya nömrələnmiş blanklarda çap edilməmiş sənədlər, “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə tərtib olunmuş, sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərar (qərardad), habelə inzibati cərimənin ödənilməsi barədə məlumatlar, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr tərəfindən qərarların məcburi icraya yönəldilməsi barədə məlumatlar, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) izlənilməsi üçün status məlumatları;

4.2.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan mühasibat uçotu subyektləri barədə məlumatlar (mühasibat uçotu subyektinin adı, VÖEN-i, hüquqi ünvanı, təşkilati-hüquqi forması, əlaqə məlumatları, illik gəliri, işçilərinin orta sayı, törəmə cəmiyyətlərinin adı, VÖEN-i, hüquqi ünvanı, əlaqə məlumatları, illik gəliri və işçilərinin orta sayı);

4.2.3. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatlar (qurumun adı, qeydiyyat tarixi, qeydiyyat nömrəsi, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət məqsədi, təsisçiləri və qanuni təmsilçisi);

4.2.4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na əsasən ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin tətbiqi məqsədilə sektorlar üzrə tələb olunan məlumatlar;

4.2.5. dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların ştat cədvəli və işçiləri barədə məlumatlar (işçinin soyadı, adı, atasının adı, cinsi, doğum tarixi, əməyin ödənilməsi forması, vəzifəsinin (peşəsinin) adı, təhsil səviyyəsi, şəxsiyyətini təsdiq edən sənədin növü, əmək müqaviləsinin bağlanıldığı tarix və onun bitmə tarixi, əmək müqaviləsinin statusu, həmçinin iş stajı, sosial sığorta haqları, pensiya üçün müraciət tarixi və pensiya təyinatı tarixi, pensiya növü və ödəniş statusu, işəgötürənin adı və hüquqi ünvanı);

4.2.6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı üzrə satınalma planınına dair məlumatlar, satınalmanın nəticələri haqqında qalibin qiymət cədvəli, əsas şərtlər toplusunda yer alan xüsusi şərtlərə və yekun protokola, icra və avans təminatına, həmçinin satınalma metodlarının tətbiqi barədə nəzarət orqanının verdiyi razılığa dair məlumatlar;

4.2.7. ətraf mühit və aqrar sahə üzrə dövlət büdcəsindən ayrılan xərclər hesabına ödənilən məqsədli vəsaitin, tətbiq olunan güzəştlərin təhlili ilə bağlı tələb olunan məlumatlar (sayı, həcmi, sahəsi, ölçüsü, məbləği);

4.2.8. büdcə təşkilatlarının, büdcənin tərtibi prosesində iştirak edən təşkilatların, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin kommunal xidmətlərdən (elektrik, qaz, istilik, su) istifadəsi üzrə borcları və ödəniş tarixçələri barədə məlumatlar;

4.2.9. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin emissiya etdiyi qiymətli kağızlar barədə reyestr məlumatları;

4.2.10. dövlət xəzinədarlığı tərəfindən ödənilən vəsaiti qəbul edən tərəfin bank hesabına dair məlumatlar;

4.2.11. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin xarici hökumətlərdən və beynəlxalq təşkilatlardan aldıqları qrantlar barədə məlumatlar, həmçinin dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələri və digər infrastruktur layihələri, o cümlədən onların ehtimal olunan dəyəri, layihə-smeta sənədləri və texniki-iqtisadi əsaslandırmaları barədə məlumatlar;

4.2.12. vergi ödəyicisi barədə məlumatlar (hüquqi və fiziki şəxsin adı, VÖEN-i, fəaliyyət növü, vergi ödəyici statusu, dövlət qeydiyyatına alındığı tarix, hüquqi ünvanı, hesabat təqdimetmə tarixi, təsdiqlənmiş vergi bəyannamələri), həmçinin vergi sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi üçün zəruri məlumatlar, borc məlumatı, habelə dövlət satınalmalarının iştirakçısı olan vergi ödəyicisi tərəfindən malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı tərtib edilən elektron qaimə-fakturalar barədə məlumatlar;

4.2.13. daşınmaz dövlət əmlakının reyestr məlumatları, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq kateqoriyası, hüquqi məhdudiyyətlər, Azərbaycan Respublikası ərazisində yerinə yetiriləcək kompleks yerquruluşu, torpaq kadastrı işlərinin proqnoz planı (o cümlədən yerquruluşu, daşınmaz əmlakın elektron kadastr uçotu, bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması, torpaq tədqiqatları, geobotaniki tədqiqat, bonitirovka/iqtisadi qiymətləndirmə, ünvan işləri), eləcə də həmin işlər üzrə ümumi sahə (ha), icra ediləcək parsellərin, ədədlərin sayı, smeta dəyəri barədə məlumatlar;

4.2.14. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin qüvvəyə minmiş məhkəmə qərarları üzrə maliyyə öhdəlikləri, eləcə də icra sənədləri barədə məlumatlar;

4.2.15. dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda nəqliyyat vasitələri barədə məlumatlar (markası, modeli, rəngi, növü, buraxılış ili, mühərrik həcmi, texniki baxış (saz, nasaz) məlumatları);

4.2.16. gömrük bəyannaməsinin nömrəsi, malın adı və kodu, miqdarı, mənşə ölkəsi, gömrük dəyəri, hesablanan və ödənilən gömrük ödənişləri, o cümlədən vergi və gömrük sahələrində güzəşt və azadolmaların qiymətləndirilməsi üçün zəruri məlumatlar, habelə gömrük borcları barədə məlumatlar;

4.2.17. təhsil müəssisəsinin adı və kodu, təhsilalanın təhsil pilləsi, qəbul ili, təhsil forması, təhsil statusu, buraxılış ili və dövlət büdcəsi hesabına maliyyələşdirilən təqaüdlər və təhsil xərcləri barədə məlumatlar;

4.2.18. sahibkarlıq subyektlərinin fəaliyyət sahəsi, işçi sayı, illik dövriyyəsi və regional bölgüsü barədə məlumatlar;

4.2.19. dövlət rüsumu ödəyicisi barədə məlumatlar (fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyatda olduğu ünvan, FİN kodu, telefon nömrəsi (olduğu halda), əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda – soyadı, adı, atasının adı (olduğu halda), müvafiq sərhədkeçmə sənədinin seriyası və nömrəsi, telefon nömrəsi (olduğu halda);

4.2.20. torpaq sahəsi, əkin növü, subsidiyanın məbləği, verilmə tarixi, müqavilə nömrəsi, fermer təsərrüfatının statusu barədə məlumatlar;

4.2.21. auditi aparılmış təsərrüfat subyektləri barədə məlumatlar;

4.2.22. peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan məlumatlar (peşəkar mühasib sertifikatı almış şəxsin soyadı, adı, atasının adı, əlaqə telefonu, elektron poçt ünvanı, peşəkar mühasib sertifikatının seriyası və nömrəsi, peşəkar mühasib sertifikatının növü, verilmə tarixi, qüvvədəolma müddəti, peşəkar mühasib sertifikatı almış şəxsin üzv olduğu peşəkar mühasib təşkilatının adı barədə məlumatlar).

4.3. RDMİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

4.4. RDMİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) RDMİS-ə, aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə, onların elektron kabinetləri vasitəsilə daxil edilir.

4.5. RDMİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilir və rəsmiləşdirilir.

5. RDMİS-dən istifadə qaydası

 

5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların RDMİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin RDMİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumun və digər hüquqi şəxsin rəhbəri tərəfindən RDMİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq, həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.

5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə RDMİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq RDMİS-dən istifadə edirlər.

5.4. RDMİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə RDMİS-in rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödənişlərin edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.

5.5. RDMİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və s.) istifadəçilərin RDMİS-in fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər, istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.

6. Sahibin vəzifələri və hüquqları

 

6.1. RDMİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:

6.1.1. RDMİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

6.1.2. RDMİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;

6.1.3. fərdi məlumatların RDMİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;

6.1.4. RDMİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə RDMİS-ə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və testetmə imkanlarını təmin etmək;

6.1.5. RDMİS-in informasiya təhlükəsizliyini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX), XRİTDX və operator ilə,

EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

6.1.6. RDMİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə, XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

6.1.7. RDMİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

6.1.8. RDMİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

6.1.9. RDMİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;

6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;

6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

6.1.12. RDMİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.1.13. aidiyyəti qurumların RDMİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;

6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) RDMİS-ə daxil etmək;

6.1.16. RDMİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

6.1.17. RDMİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

6.1.18. RDMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. RDMİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

6.2.1. RDMİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

6.2.2. RDMİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

6.2.3. RDMİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

7. Operatorun vəzifələri və hüquqları

7.1. Operatorun vəzifələri aşağıdakılardır:

7.1.1. RDMİS-in informasiya təhlükəsizliyini DTX, XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

7.1.2. RDMİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal DTX-yə və XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə DTX, XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

7.1.3. RDMİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

7.1.4. RDMİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;

7.1.5. RDMİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə RDMİS-in “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;

7.1.6. RDMİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə RDMİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;

7.1.7. RDMİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə RDMİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;

7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) RDMİS-ə daxil etmək;

7.1.9. RDMİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

7.1.10. RDMİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.11. RDMİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;

7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında RDMİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;

7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

7.1.14. RDMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;

7.1.15. RDMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;

7.1.16. RDMİS-dən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək;

7.1.17. aidiyyəti qurumların RDMİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

7.2. Operatorun aşağıdakı hüquqları vardır:

7.2.1. RDMİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. RDMİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.2.3. RDMİS ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;

7.2.4. RDMİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

7.2.5. iştirakçılar və istifadəçilər RDMİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, RDMİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;

7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8. İştirakçıların vəzifələri və hüquqları

 

8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:

8.1.1. RDMİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.2. RDMİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə RDMİS-ə daxil etmək (ötürmək);

8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

8.1.5. RDMİS-dən, habelə RDMİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

8.1.6. RDMİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;

8.1.7. sahibin və operatorun RDMİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

8.1.8. RDMİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;

8.1.10. öz təşəbbüsü ilə, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.

8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:

8.2.1. RDMİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

8.2.2. RDMİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.

9. İstifadəçilərin hüquqları

 

9.1. İstifadəçilərin RDMİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:

9.1.1. RDMİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;

9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahibə və ya operatora müraciət etmək;

9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;

9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;

9.1.5. RDMİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

9.1.6. RDMİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Əsasnamə