Azərbaycan Universitetinin əməkdaşları Türkiyədə keçirilən “Beynəlxalq Həftə”də

post-img

Azərbaycan Universiteti Türkiyənin Kastamonu Universitetində keçirilən “Beynəlxalq İşçi Həftəsi”ndə (International Staff Week) təmsil olunur. Tədbirdə universitetin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov iştirak edir. Beynəlxalq tədbir çərçivəsində 20-yə yaxın ölkənin universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunur, gələcək birgə layihələrin reallaşdırılması perspektivləri qiymətləndirilir.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Kastamonu Universiteti tərəfindən təşkil olunan tədbirin məqsədi universitetlər arasında beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Səfər çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov Kastamonu Universiteti tələbələrinə “Menecment iqtisadiyyatı” fənnindən “Qeyri-müəyyənlik şəraitində qərarvermə” (Decision making under uncertainty) və “Qiymət diskriminasiyası” (Price discrimination) mövzularında mühazirə oxuyub.

Kafedra müdiri Elvin Talışınski isə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anım mərasimində çıxış edərək onun yaradıcılığının türk dünyasının mənəvi birliyindəki roluna dair fikirlərini bölüşüb.

5 günlük proqram bu gün bağlanış mərasimi ilə yekunlaşıb. Mərasimdə Kastamonu Universitetinin rəhbərliyi tərəfindən tədbirin bütün iştirakçılarına, o cümlədən Azərbaycan Universitetinin nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub.

Mustafa Kamal
XQ

Təhsil