Azərbaycanda narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə edilir

post-img

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 287, QİÇS-lə Mübarizə Mərkəzində 314, Sumqayıt Narkoloji Mərkəzində 129 nəfər) 730 xəstə müalicə alır.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının İşçi Qrupundan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekunu ilə bağlı AZƏRTAC-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 46 (4,8 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.

“802” qaynar xətt telefon zəng xidmətinə 909 vətəndaş müraciəti daxil olub ki, onların 104-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 54-ü narkotik asılılıqdan müalicə, 751-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 158 məktub ünvanlanıb.

Sosial həyat