“Adil Babayev: taleyi və sənəti” kitabı işıq üzü görüb

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin “Adil Babayev: taleyi və sənəti” adlı kitabı nəşr olunub.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, kitabda vətəndaşlıq lirikasının görkəmli nümayəndəsi şair Adil Babayevin yaradıcılığına həsr edilmiş elmi məqalələr və xatirə-memuar nümunələri toplanmışdır. Həmçinin,  yeni nəşrdə şairin həyat yolu, klassik poetik irsdən qaynaqlanan lirikası, poetik yaradıcılığına xas olan fəlsəfi-poetik ümumiləşdirmələri, bədii-estetik axtarışları, yaradıcılığında yer alan vətən sevgisi, təbiət motivləri, dramaturgiyası, tərcüməçilik fəaliyyəti, xüsusilə rus və gürcü klassik və müasir ədəbiyyatından etdiyi orijinal tərcümələri, yaradıcılığında istifadə etdiyi arxaizmlər, dialektizmlər, frazeologizmlər, sonetlərinin sənətkarlıq xüsusiyyətləri sistemli şəkildə təhlil olunur. Bu isə şairin yaradıcılığının təkcə ədəbiyyat tarixində deyil, bütövlükdə Azərbaycan mədəniyyətindəki yerini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. 

Nəşrdə Adil Babayevin haqqında yazılmış şeirlər, onun sözlərinə bəstələnən mahnılar və fotoşəkillər də öz əksini tapıb.

Qeyd edək ki, “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən 200 səhifəlik kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Etibar Babayev, tərtib edənlər AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, rəyçiləri isə filologiya elmləri doktoru, dosent  Nuray Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıldır.

Əbülfəz Quliyevin müəllifi olduğu “Adil Babayev: taleyi və sənəti” kitabı yalnız şair Adil Babayevin ədəbi irsini öyrənmək istəyənlər üçün deyil, ümumilikdə Azərbaycan poeziyasının tədqiqi ilə məşğul olan alimlər, dissertantlar, tələbələr və magistrantlar üçün də dəyərli və etibarlı bir mənbədir. Nəşr, həmçinin, ədəbiyyatsevərlərin geniş auditoriyasına xitab edir. 

Səbuhi Həsənov
XQ

Mədəniyyət