Oktyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur təşkil edilib. Mediaturun əsas məqsədi Naxçıvanın eko, mədəni, sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.
Mediatur çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Batabat yaylağı, buradakı haykinq marşrutları, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olublar.
Məlumat verilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planının icrasının təmin edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı etdirilməsi il bağlı 2025-2027-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb. Bu fəaliyyət planına uyğun olaraq, Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişafı, muxtar respublikada turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən müxtəlif turizm növlərinin (qış, kənd, eko və.s) inkişaf etdirilməsi, Naxçıvana xarici turoperatorların, xarici və yerli media nümayəndələrinin səfərlərinin təşkil edilməsi, turizm və rekreasiya zonalarının yaradılması, bölgənin turizm potensialının beynəlxalq auditoriyada tanıdılması və digər tədbirlər üzrə fəaliyyət davam etdirilir.
Naxçıvana səfər çərçivəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidi də ziyarət olunub.
Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.
Səbuhi Həsənov
XQ