Milli Məclisin növbəti plenar iclası keçirilib

post-img

Oktyabrın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Məlumatı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi verib.

İclası açan spiker deyib ki, iclasımız tarixi bir günün ildönümü ərəfəsində keçirilir. 34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan edib. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olub. 

O vurğulayıb ki, amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. Təəssüf ki, yeni yaranmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilib.

Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərcə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı. 

Məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu. 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu.

Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu. Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı.

Ulu Öndər insanların öz gələcəyinə, dövlətinə və xalqına inamını qaytardı.

Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi. Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir.

Spiker vurğulayıb ki, Ulu Öndərin strateji xəttini layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin edib. Ötən 22  il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilib. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir.

Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik.

Qeyd olunub ki, bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var. 

Möhtərəm cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının Zirvə görüşündə və Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar göstərdi ki, Azərbaycan təkcə regional lider deyil, həm də beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır.

Bu toplantılarda beynəlxalq və regional təhlükəsizlik, energetika, dayanıqlı inkişaf, sülh və digər məsələlər ilə bağlı Azərbaycanın aydın və dəqiq mövqeyi ifadə olundu. Möhtərəm cənab Prezident dövlət başçıları ilə açıq dialoqda hamını düşündürən problemlərin ədalətli və beynəlxalq hüquqa əsaslanan çözüm yollarını təklif etdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan regional və qlobal gündəliyin formalaşmasında önəmli rol oynayan bir dövlətdir.  

Parlamentin spikeri qeyd edib ki, bildiyiniz kimi, möhtərəm cənab Prezidentin fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir, üç gündən sonra isə Zəngilan şəhəri günü qeyd olunacaq. Bu gün güclü və qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönürlər. Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevin liderliyi, xalqımızın birlik və həmrəyliyi dövlətimizin yeni böyük nailiyyətlər qazanmasını, müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək.

Milli Məclisin sədri təklif edib ki, Müstəqilliyin Bərpası Günü münasibətilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın və Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə göstərdikləri dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulansın.

O, bayram münasibətilə deputatları səmimi qəlbdən təbrik edib və parlamentin fəaliyyətini işıqlandıran media mənsublarına da təbriklərini çatdırıb.

Spiker çıxışında Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin oktyabrın 13-də və 14-də Pakistan İslam Respublikasında işgüzar səfəri barədə məlumat verib. Bildirilib ki, səfərin məqsədi Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək idi. O, xatırladıb ki, Parlament Sədrlərinin birinci görüşü Azərbaycanda, ikinci görüşü Türkiyədə, üçüncü görüşü isə Pakistanın paytaxtı İslamabadda keçirilib.

Milli Məclisin sədri deyib ki, oktyabrın 13-də keçirilən görüşdə üç ölkənin parlament sədrləri nitq söyləyiblər. O qeyd edib ki, həm onun və həm də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilaninin və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun çıxışlarında ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasından məmnunluq ifadə olunub. 

Spiker bildirib ki, o çıxışında vurğulayıb ki,  Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç zaman unutmayacaq. Qeyd olunub ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, elə həmin gün 5 nəfərdən ibarət deputat nümayəndə heyətimizin üzvləri Üçtərəfli görüş çərçivəsində keçirilən sessiyada ərazi bütövlüyü və suverenliyin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik, iqlim dəyişiklikləri və fəlakətlərə qarşı dayanıqlılıq, davamlı inkişaf üçün əməkdaşlıq strategiyaları mövzusunda çıxış edib və müzakirələrdə fəal iştirak ediblər.

Parlamentin spikeri bildirib ki, görüşün yekunlarına dair İslamabad bəyannaməsi qəbul edilib. Qeyd olunub ki, bu sənəd parlamentlərimizin iş birliyi üçün yeni üfüqlər açır, onların regionda sülh, sabitlik və tərəqqi kimi ümumi məqsədlərə sadiqliyini təsbit edir.

Səfər çərçivəsində digər mühüm görüşlər də keçirildiyini deyən Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, oktyabrın 14-də Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərini, eləcə də Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərini qəbul edib. Görüşdə ölkələrimiz və xalqlarımız arasında əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Elə həmin gün parlament sədrlərinin başçılıq etdiyi nümayəndə heyətləri Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı və parlament əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.

Çıxışına yekun vuran Milli Məclisin sədri Pakistan İslam Respublikasına işgüzar səfərin uğurlu olduğunu diqqətə çatdırıb, bir sıra digər tədbirlərin də keçirildiyini bildirib. Bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkür edib.

Sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Aydın Mirzəzadə, Elman Nəsirov, Sahib Alıyev, Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov, Fariz İsmayılzadə çıxış ediblər.

Deputatlar 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbriklərini çatdıraraq, bu tarixi günün mahiyyəti və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyini deyən millət vəkilləri, həmin dövrdə ölkədə yaranmış mürəkkəb sosial-iqtisadi şəraitin müstəqilliyimizə törətdiyi təhlükələrdən bəhs ediblər. Məhz belə bir zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının müstəqilliyin qorunub saxlanılmasında və inkişaf etdirilməsində müstəsna rolunu vurğulayıblar. Ulu Öndərin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, müstəqilliyimizin daha da möhkəmləndiyini qeyd ediblər.

Çıxışlarda ölkə başçısının son dövrlərdə iştirak etdiyi qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən tədbirlərdə  Azərbaycan dövlətinin və xalqının mövqeyi baxımından səsləndirdiyi fikirlərin önəmindən söhbət açılıb. Bildirilib ki, Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan artıq  müstəqil, suveren, güclü dövlət, etibarlı tərəfdaş kimi nəinki regionda, dünya miqyasında layiqli yer tutub və söz sahibinə çevrilib. Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır. Onun rəhbərliyi ilə Azərbaycan qlobal sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir. Qeyd olunub ki, hazırda xalqımız Prezidentin ətrafında sıx birləşib, dövlətçiliyimiz sarsılmazdır və heç bir qüvvə Azərbaycanı müstəqillik yolundan yayındıra bilməz.

Millət vəkilləri, habelə bir sıra digər aktual məsələlərə dair öz fikirlərini açıqlayıblar.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəlik barədə məlumat verərək, ilk iki məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və bu qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini bildirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

O, bildirib ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bağlanmış Saziş 9 iyul 2025-ci il tarixində Əbu-Dabi şəhərində imzalanıb. Sazişdə malların və xidmətlərin ticarəti, investisiyalar, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmaları, rəqəmsal ticarət, əqli mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mübahisələrin həlli mexanizmləri və yekun müddəalarla bağlı əhatəli razılaşmalar öz əksini tapıb.

Bununla yanaşı, Sazişin müddəalarına əsasən, tərəflər arasında gömrük rüsumlarının azaldılması və ya aradan qaldırılması, malların mənşəyinin müəyyən edilməsi, ticarət prosedurlarının asanlaşdırılması, texniki və sanitar-fitosanitar qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, investisiyaların qorunması və təşviqi, rəqəmsal ticarətin inkişafı, dövlət satınalmalarında qarşılıqlı bazara çıxış kimi məsələlər də tənzimlənir. Sənəddə, habelə sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafına dair məsələlər yer alır.

Qeyd olunub ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış bu Saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müasir beynəlxalq standartlara uyğun, əhatəli hüquqi baza yaradır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafının xüsusi önəm daşıdığını söyləyib, təqdim olunan Sazişin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib və sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra deputat Zaur Şükürov “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsinə dair məlumat verib.

O, diqqətə çatdırıb ki, 27 yanvar 2021-ci il tarixində Paris şəhərində imzalanmış Konvensiya preambula, 22 maddə və keçid müddəalardan ibarətdir. Sənəddə Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın təsis edilməsi, məqsəd və hədəfləri, funksiyaları, əsas və köməkçi orqanları, üzvlük və səsvermə, maliyyələşmə, hüquqi subyektivlik, imtiyazlar və toxunulmazlıq, imzalanma və ratifikasiya ilə bağlı məsələlər müvafiq maddələrdə əks olunub.

Qeyd olunub ki, təşkilatın məqsədi müvafiq hədəflərə çatmaq üçün dəniz naviqasiya avadanlığının tənzimlənməsi, təchiz edilməsi, texniki baxımı və ya istismarı ilə məşğul olan hökumətlərin və təşkilatların səylərini birləşdirməkdən ibarətdir.

Bildirilib ki, ölkəmizin bu Konvensiyaya qoşulması dəniz naviqasiyası avadanlıqlarının təkmilləşdirilməsi və uyğunlaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, təcrübə mübadiləsi və müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələyə dair bu komitənin rəyini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, birinci məsələnin “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib. Spiker nəzərə çatdırıb ki, məsələ ilə əlaqədar  Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov iclasda iştirak edir.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumatı diqqətə çatdırıb. O, layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edildiyini söyləyib. Qeyd edib ki, layihə məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Sənəddə "Hakimlərin xidməti vəsiqəsi haqqında" Qanunun və həmin Qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğv edilməsi təklif olunur.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Tənzilə Rüstəmxanlı öz fikir və qeydlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov məsələ barədə fikirlərini açıqlayaraq, bildirib ki, bu qanun layihəsinin qəbulu ölkəmizdə ədalət mühakiməsinin təkmilləşdirilməsinə və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə mühüm töhfə verəcək.

Çingiz Əsgərov, habelə bu günlərdə Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının keçirildiyini, ölkə Prezidentinin iclas iştirakçılarına müraciət ünvanladığını, habelə  tədbir iştirakçılarının Milli Məclisin sədri ilə görüşünün keçirildiyini deyib, bununla bağlı minnətdarlığını ifadə edib. O, bütün bunların Azərbaycanda hakimiyyət qolları arasında qarşılıqlı əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub. Layihə dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsini nəzərdə tutur.

Belə ki, Qanunun 28.12-ci maddəsinin ikinci hissəsindən "(müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla)" sözləri çıxarılır və həmin hissəyə birinci halda "vəzifələrə" sözündən sonra "(yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla)" sözləri əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti haqqında danışıb.

O, diqqətə çatdırıb ki, təqdim edilən qanun layihəsi Azərbaycan Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı hazırlanıb.

Bildirilib ki, həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu olan   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki  "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxs   Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına tamhüquqlu üzv qəbul edilib. Qeyd olunan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti ilə əlaqədar layihədə adları sadalanan qanunlarda dəyişiklik edilməsi təklif edilir.

Layihəyə əsasən uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilir.  Bununla əlaqədar qanuna səriştəlilik sınağı, validasiya, verifikasiya anlayışları  əlavə edilir.  Uyğunlaşdırılma çərçivəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda düzəlişlər təklif olunur.

Qeyd edilib ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin  beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev məsələ ilə əlaqədar bu komitənin rəyini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri qeyd edib ki, qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi, gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir. Həmçinin "40 yaşınadək hərbi vəzifəlilər" ifadəsinin konkretləşdirilərək "hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar" ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Bununla yanaşı, sənəddə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas  (baza ali tibb) təhsili) təhsili müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təsbit olunur.

Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin – "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.

Dəyişikliklərə əsasən, habelə gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə göstərilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması müəyyən edilir. Layihədə, həmçinin birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təsbit edilir. Sənəddə bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsini (birinci oxunuş) təqdim edib.

O, bildirib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi ilə bağlıdır. Qeyd olunub ki, sənəddə təklif edilən dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələbi ilə bağlıdır. Bu dəyişiklik sürücülərin bilik və bacarıqlarının artırılmasına və nəticədə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək. Digər dəyişikliklərdə moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur.

Qanun layihəsində, həmçinin mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması təklif olunur. Bununla yanaşı, sənəddə  motosikletin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Siyasət