Səkilərə kim sədd çəkib?..

post-img

Sən mənim gənclik illərimin şəhərisən, Bakı. Sənin gözəlliyin haqqında çox yazılıb, səni haqlı olaraq vəsf ediblər. Düşünürəm ki, bu doğma şəhərdən hər zaman qürurla danışmağa haqqımız var. 

Amma, əziz Bakım! Sənin bəzi küçələrini pis günə qoyan tamahkar və insafsızlara görə utanc hissi keçirirəm. Bəli, bu gün çox acınacaqlı olsa da, Ba­kının “işğal olunan” səkilərindən danış­maq istəyirəm. 

Elə Bakı Dövlət Universitetinə ge­dən yoldan - səkidən başlayıram. Bu mötəbər elm və təhsil məbədi mənim üçün də doğmadır, əzizdir. Düz 5 il bu bilik ocağına ayaq döymüşəm. Ona görə də universitetə gedən yolun sə­kilərinin hər daşında mənim üçün ötən illərin xatirələri yaşayır. Bir vaxt bu sə­kilərdə, tıxacsız yollarda tələbə yoldaş­larımla uzun-uzadı dolaşmışam, xəyal­lar qurmuşam. 

Amma son dəfə burada gördüklə­rim məni sarsıtdı. Burada, tələbələrin gediş-gəliş yolunda, səkilərin hasara alınmasını, bir çox hallarda artıq səkilər üstündə çox sayda dəmir- beton, metal konstruksiyaların peyda olunduğunu görəndə ürəyim ağrıdı, içim sızladı. 

Bu qədərmi insafsızlıq olar? Bu ixti­yarı kim verib onlara? Hələ həyatın ağ­rı-acısına alışmamış gənclərin yolunu belə kəsmək olarmı? Etiraf edim ki, bi­zim dövrümüzdə tələbələrin yolunu belə insafsızcasına kəsən tamahkar məmur­lar olmayıb.

Hayqırmaq istədim: “Ay insafsızlar, yer tapmadınızmı tikinti aparmağa? Bu səkiləri niyə dağıtmısınız? Axı bura Alla­hın yoludur, bura cavanların, müəllimlə­rin yoludur. Bura “el yoludur”.

Xatırladım ki, bu qələbəlik küçə görkəmli filosof şairimiz Bəxtiyar Vahab­zadənin adını daşıyır. Bəxtiyar müəllim sağ olsaydı, inanıram ki, mənim səsimə səs verərdi... Nadanlara “dayan, əlini saxla!” deyərdi. 

Bu fotolara diqqətlə baxın, bu qədər ticarət obyektinə ehtiyac varmı? Əlbəttə ki, yox. Amma bu yolun işlək olmasını nəzərə almayan acgözlər nəfsləri üzün­dən hətta asfalt döşəməni belə bərbad hala salıblar! 

Elə bir səlahiyyətli orqan tapıla bilər­mi ki, cəsarət edib səkinin üstündə ob­yektlər ucaltmaq üçün sənədli, sübutlu, möhürlü icazə versin? Əsla. Heç kim sənəd-sübutla qanunsuz işə imzasını qoymaz. Bunların hamısı sənədsiz tiki­lilərdir. Deməli, ortada harınlar, qanunla­rımızı heçə sayanlar var! Olmaz, belə! 

Səkini tutmaq, el yoluna sədd çək­mək bu qədərmi asanlaşıb? Nə vaxta qədər səkilərimiz belə dağıdılacaq, “iş­ğal” ediləcək?! 

Bu fotoları özüm çəkmişəm. Ürək ağ­rısı ilə çəkmişəm. Xahiş edirəm, diqqət edin. Səki boyu üç-dörd mərtəbəli ticarət obyektləri tikilib. Həqiqəti deyim ki, bu dar yollarla gələn universitet auditoriya­larına tələsən tələbələr üçün ürəyim ağ­rıdı. Hətta düşündüm ki, tikinti maqnat­larının “əməlləri”nə həsədlə baxan gənc nəsil fikirləşir ki, görəsən burada indi nə tikirlər? Heç “İçərişəhər”də yollar bu qə­dər dar deyil. Bunlarda insaf deyilən şey yoxdur! Səbəb bəllidir: Nəfs! 

İmam Əli gözəl demişdir: “Nəfs insa­nın düşmənidir”. Mənim gözəl şəhərim Bakı! Sənin səki və küçələrin hər gün, hər saat insafsız səlahiyyət sahibləri tərəfindən “işğala” məruz qalır. Biz isə susub danışmırıq, daha doğrusu, gözü­müzü yumuruq...

Bəli, susduqca səkilərimiz, yolları­mız, məhəllələrimiz - buradakı yaşıllıq­lar, ağaclar amansızcasına məhv edilir. Bir qrup səlahiyyət sahibinin əlindəki və qolundakı güclə.

Bu özbaşınalığa, nadanlığa meydan verən kimlərdir axı? Niyə onlar bu qədər azğınlaşıb?

Kimə deyəsən bu ağrını, acını?! Axı bura Bakımızdır, paytaxtımızdır.

Görəsən, bu ərazi hansı rayonun ta­beliyindədir? Əlbəttə ki, Yasamal rayo­nunun.

Hörmətli oxucu! Bu gün hələlik Ya­samal rayonundakı səkilərin, asfalt döşəmələrin, məhəllələrdəki uşaqlar üçün ayrılan meydançaların zəbt olun­ması ilə bağlı faktları ürək ağrısı ilə ge­niş ictimaiyyətin müzakirəsinə veririk. 

Amma, söz veririk ki, şəhərimizin məmur özbaşınalığına məruz qalan başqa yerlərindən də yazacağıq! Qoy heç kim özünü cəzasız hiss etməsin! 

Kəmalə ABDİNOVA
XQ





Sosial həyat