Görkəmli onkoloqun yubileyi

post-img

Rəhim Rəhimov – 100

Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Nəsillərə nümunə” yubiley konfransı keçirilib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və konfrans iştirakçıları əvvəlcə aka­demik Rəhim Rəhimovun universitetin Konservatoriya binasının qarşısında qo­yulmuş büstü önündə xatirə fotosu çək­diriblər. Qonaqlar incəsənət fakültəsinin tələbə və müəllimlərinin yaradıcılığın­dan ibarət rəsm əsərləri ilə tanış olublar. Sonra Rəhim Rəhimovun mənalı ömür yolunu, zəngin elmi və tibbi fəaliyyətini əks etdirən sərgiyə baxış olub. Sərgidə nümayiş etdirilən elmi əsərlər Naxçı­van Dövlət Universiteti Tibb fakültəsinin kitabxanasına təqdim olunub. 

Konservatoriya binasının akt zalında öz işinə başlayan “Nəsillərə nümunə” yubiley konfransında Naxçıvan Mux­tar Respublikasında Azərbaycan Res­publikası Prezidentinin səlahiyyətli nü­mayəndəsi Fuad Nəcəfli konfransın işinə uğurlar arzulayaraq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası­nın 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunur. Elə akademik Rəhim Rəhimovun yubileyinin keçirilməsi də bu sıradandır. 

Fuad Nəcəfli vurğulayıb ki, Rəhim Rəhimovun ən üstün cəhətlərindən biri yüksəkixtisaslı tibbi kadrların və gənc alimlərin hazırlanması sahəsində gördü­yü işlərdir. Onun elmi rəhbərliyi ilə 2 elm­lər doktoru və 12 fəlsəfə doktoru disser­tasiyası müdafiə edilib. Alim onkologiya və rentgenologiyanın problemlərinə həsr edilmiş 200-dən artıq elmi-tədqiqatın, eləcə də monoqrafiyaların və patentlərin müəllifidir. Bu gün də ölkəmizdə onkoloq­lar və rentgenoloqlar Rəhim Rəhimovun tədqiqatlarından mötəbər mənbə kimi is­tifadə edirlər. Qeyd olunub ki, alimin do­ğulduğu Ordubad şəhərində onun adına verilmiş küçədə “Elm parkı”nın salınması Rəhim Rəhimovun xatirəsinə dərin ehti­ramın ifadəsidir. 

Konfransdan Naxçıvan Dövlət Uni­versitetinin rektoru Elbrus İsayev bildirib ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə yaradılan Naxçı­van Dövlət Universitetinin tibb fakültə­si bu il 25 illiyini böyük uğurlarla qeyd edir. Bu günədək minlərlə ixtisaslı kadr yetişdirən fakültənin məzunları nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində peşəkar həkim kimi fəaliyyətini davam etdirir. Bu gün fakültədə 2 minə yaxın gənc təhsilini davam etdirir ki, onların yarıdan çoxu əcnəbi tələbələrdir. Fa­kültə üçün ayrıca yeni tədris kampusu qurulur. Ərazidə 500 yerlik yeni araş­dırma xəstəxanasının layihələndirilmə­si aparılır. Elbrus İsayev universitetin kollektivi və tədbir iştirakçıları adından konfransın təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, univer­sitetin incəsənət fakültəsinin müəllimi, Əməkdar rəssam Cavid İsmayılovun akademik Rəhim Rəhimova həsr etdiyi portreti onun oğlu, tibb elmləri doktoru, professor Çingiz Rəhimova təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiya­sının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 60 ilə yaxın Azərbaycan tibb elminə şərəflə xidmət etmiş alim həm də böyük elm və səhiyyə təşkilatçısıdır. Res­publikamızda onkologiyanın inkişafında misilsiz xidmətləri olan alim bu sahənin maddi-texniki bazasının formalaşması istiqamətində əvəzsiz işlər görüb. Nax­çıvanda, xüsusən də Naxçıvan Dövlət Universitetində belə bir konfransın keçi­rilməsi görkəmli elm xadimi, akademik Rəhim Rəhimovun nümunəsində yeni nəsil həkimlər, alimlər, elm adamlarının yetişdirilməsinə açılan bir pəncərədir.

Konfransda AMEA-nın vitse-prezi­denti, akademik İradə Hüseynova “Aka­demik Rəhim Rəhimovun elmi-nəzəri və elmi-təşkilati fəaliyyəti” və Naxçıvan Döv­lət Universiteti tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva “Naxçıvan məktəbinin ye­tişdirdiyi tibb xadimləri və davamçıları” mövzularında məruzə ediblər. Milli Onko­logiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, Azərbay­can Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Sudeyf İmamver­diyev və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, akademik Asəf Hacıyevin çıxışları dinlənilib, akademik Rəhim Rəhimovun zəngin həyat yolun­dan bəhs edən film nümayiş etdirilib. Konfransda Naxçıvan Dövlət Universi­tetinin qabaqcıl tələbələrindən Əli Ələk­bərliyə “Rəhim Rəhimov adına təqaüd” təqdim olunub.

Akademik Rəhim Rəhimovun oğlu, Azərbaycan Tibb Universitetinin kafed­ra müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov ailə üzvləri adından kon­fransın təşkilinə görə minnətdarlıq edib.

XQ

Mədəniyyət