Bu günlərdə tanınmış Azərbaycan şairi, “Ulduz” ədəbi dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin 55 yaşı tamam olub. Yenicə çapdan çıxmış “Görsən üşüyürsən...” adlı kitabı ilə yaradıcılıq hesabatı verən şairin şeirləri oxucunu “insan–təbiət”, “insan–insan”, insan–Tanrı”, “insan–sevgi”, “insan–həyat”, insan–torpaq” münasibətlərinə fəlsəfi-poetik baxış bucağından nəzər salmağa sövq edir, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar olmağa səsləyir.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Qulu Ağsəsə yubileyi ilə bağlı məktub göndərib. Təbrikdə deyilir:
“Hörmətli Qulu müəllim! Sizi – tanınmış şair-publisisti, ictimai və ədəbiyyat xadimini 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Çox şadam ki, builki yubileyinizi doğma Abdal-Gülablının, Ağdamın düşmən tapdağından qurtuluşunun, o torpaqlarda abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.
Siz böyük ədəbiyyata 1990-cı ildə “Ulduz”da gün üzü görən şeirlərinizlə gəlmisiniz. Artıq 10 ildir ki, siz özünüz “Ulduz”un baş redaktoru olaraq gənc yazarlara mənəvi dəstək göstərirsiniz.
Şeirləriniz gürcü, ukrayna, rus, polyak dillərinə, habelə qardaş türkcələrə çevrilib. Oxucular sizin “Sənsən hər yer”, “Vitryana poşta” (“Külək poçtu”), “Nabran novellası”, “Nöqtələr”, “Yorğun ağacam”, “Görsən üşüyürsən…” və b. kitablarınızı maraqla qarşılayıb. Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova sizin haqqınızda “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitab yazıb.
Siz Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının və Avrasiya Yazarlar Birliyinin üzvüsünüz. Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı sərəncam əsasında Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, Prezident təqaüdçüsü olmuş, habelə bir sıra ictimai ədəbi ödüllərlə təltif olunmusunuz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”
XQ