Soydaşlarımız Əli bəy Haqşünası otaylı-butaylı Azərbaycanımızın milli-mənəvi dəyərlərinin cəfakeşlərindən biri kimi tanıyıb-sevirdilər. Əfsuslar olsun ki, biz barmaqları ilə qarmonun şirmayı dillərində möcüzələr yaradan bu böyük sənətkarı, vətənsevər türk oğlunu vaxtsız itirdik.
Əli Əhməd oğlu Haqşünas 1961-ci ildə Təbriz şəhərində, çoxuşaqlı ailədə dünyaya gəlib. Atası əslən həştərxanlı, anası gəncəli idi. 1989–1995-ci illərdə Təbrizdə Əli Fərşbafın məktəbində qarmon dərsi deyərək, bu ecazkar musiqi alətinin, zəngin xalq musiqimizin sirlərini gənclərə öyrədib. 2000-ci ildən sevimli ömür-gün yoldaşı Rübab xanımla birlikdə ABŞ-a köçüb. Özü peşəcə kondisioner mütəxəssisi olsa da, klassik musiqimizin, bəstəkar və xalq mahnılarımızın vurğunu, məşhur qarmon ifaçısı olub. Qarmonu heç bir müəllimin yanında öyrənməsə də, “Qarmon məktəbi” adlı sanballı bir kitab yazıb. Dəfələrlə Bakıda olub.
“Sənətin dili olmur”, – deyirlər. Ancaq Əli Haqşünasın sənət dünyasının musiqi dili vardı. “Nazəndə sevgilim”, “Şeir deyilmi”, “Sən gəlməz oldun”, “İntizar”, “Ayrılıq”, “Qubalı qız”, “Qarabağ”, “Muğana ceyran”, “Məktəb illəri”, “Şikayətim var”, “Külək”, “Qarşımdan bir sona keçdi”, “Aldatmayaq bir-birimizi”, “Yar məndən incidi”, “Sənsiz”, “Sevgili canan” onun sevimli ifaları idi.
Əli bəyin xatirəsinə həsr olunmuş anım gecələri təkcə doğulub boya-başa çatdığı Təbrizdə, uzun illər yaşadığı ABŞ-ın Hyuston şəhərində təşkil edilməklə yekunlaşmadı. Onun canı qədər sevdiyi Bakıda düzənlənən mərasim də yaddaqalan oldu. Tanınmış musiqiçi, virtuoz qarmon ifaçısı Xalq artisti Ənvər Sadıqovun “Renever” adlı möhtəşəm yaradıcılıq studiyasında baş tutan gecəyə Əli bəyin sənət dostları, ailə üzvləri və pərəstişkarları toplaşmışdılar.
Ənvər bəyin komandası gecənin yüksək səviyyədə alınması üçün bütün gücünü səfərbər etdi və buna nail oldu.
Atalarımızın “Zər qədrini zərgər bilər” kəlamı nahaqdan işlətmədiklərini biz o gecə bütün varlığımızla duyduq. Ənvər bəyin, eləcə də gecənin təşkilində xüsusi fədakarlıq göstərən Təbriz əsilli sənət fədaisi Cavad bəy Həssasın, məclisin aparıcısı – sənətşünaslıq doktoru Əhsən bəy Rəhmanlının peşəkar səyləri ilə unudulmaz qarmon ifaçısının ömür və yaradıcılıq yolu tamaşaçıların gözləri qarşısında birər-birər sərgiləndi.
Sənətkarın özündən sonra qalan yadigar səs yazıları, möhtəşəm ifalarından ibarət video-çarxlar, foto-slaydların nümayişi, Əhsən müəllimin sənətkarlığına və şəxsiyyətinə yüksək dəyər verdiyi unudulmaz sənət dostunun ömür yoluna güzgü tutan açıqlamaları ilə müşayiət olunurdu.
Gecənin musiqi ərmağanı Əli bəyin sənət dostlarından gəldi. Əməkdar artist Zakir Əliyev, kamança ifaçısı Hüseyn Nağıyev, tarzən Rəşad İbrahimov, pianoçu Sevinc Kərimova, ustad Aşıq Cahangir, qarmon ifaçıları – Şəmsi Ağamalıyev, İlqar Kərimov, Nemət Hüseynov və Natiq Mirzəyev xalq musiqimizin ən gözəl örnəklərini ifa etmələri ilə gecəyə rəng qatdılar. Əli bəyin dostları Cavad Həssas və Kazıminin qəmli, amma qürur və səmimiyyət dolu çıxışları unudulmaz sənətkarın dolğun həyat səhifələrinin “oxunmasına” imkan yaratdı. Mərhum sənətkarın sədaqətli ömür-gün dostu Rübab xanımın mərasim iştirakçılarına ünvanladığı səs yazısı da hər kəsi təsirləndirdi.
Xalq artisti Ənvər Sadıqov Əli Haqşünasla həyatda cəmi bir dəfə görüşsələr də, onun vətənpərvərliyinə və insanlığına vurulduğunu dilə gətirdi, muğam, mahnı və rəqs havalarına böyük ustalıqla yeni nəfəs verdiyini söylədi. Mərhum sənətkarla illərin sınağından çıxmış dostluq xatirələrini bölüşən Əhsən Rəhmanlı mərasimə qatılan bütün sənətkarlara məharətli ifalarla onun ruhunu sevindirdiklərinə görə minnətdarlığını bildirdi, eləcə də özünün qarmon sənətini yaşadanlarla bağlı apardığı tədqiqatlardan, bugünədək yazdığı araşdırma kitablarından və gələcək planlardan danışdı.
O gecədə mənə də söz verildi və unudulmaz sənətkarın xatirəsinə həsr etdiyim “Dünya bərabəri dost itirmişik” şeirini mərasim iştirakçılarının diqqətinə çatdırdım. Elə bu qeydlərimi də Əli Haqşünasın ruhuna ehtiram əlaməti olaraq həmin şeirin misraları ilə bitirmək istəyirəm:
Ruhu başdan-başa nəğmə seliydi,
İnsan aşiqiydi, yurda vəliydi.
Mələk xislətliydi, tutidilliydi,
Dünya bərabəri dost itirmişik.
Yaşayan bəstədi, ucalan səsdi,
Cənnətə üz tutan bir müqəddəsdi.
Heyf, ayrılmağa yaman tələsdi,
Dünya bərabəri dost itirmişik...
Qiymət MƏHƏRRƏMLİ,
filologiya üzrə fəlsəfə doktoru