Son vaxtlar respublikamızın ikinci şəhəri, qədim Nizami yurdu Gəncədə istifadəyə verilən müxtəlif təyinatlı nəhəng obyektlər, şəhərin ictimai-siyasi, mədəni həyatındakı köklü dəyişikliklər diqqəti cəlb edir. Gəncəlilər bütün bunları ölkə Prezidenti İlham Əliyevin qədim şəhərə xüsusi diqqəti və qayğısı sayəsində baş verdiyini bildirirlər. Bu yaxınlarda ölkə başçısının Gəncəyə növbəti səfəri, Azərbaycanda bir ilk sayılan obyektlərin – İdman Sarayının və Ekoloji Park Kompleksinin açılışlarında iştirak etməsi, şəhər stadionunun tikintisinin təməlini qoyması Gəncə sakinlərinin sonsuz sevincinə və razılığına səbəb olmuşdur. İndi Gəncənin elə bir günü yoxdur ki, bir-birindən maraqlı tədbirlər təşkil olunmasın, şəhərin həyatında mühüm yeniliklərlə yadda qalmasın. Onların bir neçəsi ilə oxucularımızı da tanış edirik.
Yeni kitab evi
Şəhərdə kitabxanaçılığa, maariflənməyə yeni nəfəs gətirən “BookZone" Kitab Evinin açılışı ilə bağlı keçirilən maraqlı tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları ədəbiyyatımızın görkəmli nümayəndələri – dahi şair Nizami Gəncəvi və Məhsəti Gəncəvi obrazında mərasim iştirakçılarını salamlayıb, öz xeyir-dualarını veriblər.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov “BookZone" Kitab Evinin Gəncədə kitaba və kitabçılığa olan marağın artırılmasına samballı töhfə verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, gənclərin maarifləndirilməsi baxımından belə məkanların faydası olduqca böyükdür.
“BookZone” Gəncə Kitab Evinin icraçı direktoru, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, yazıçı Mahir Hüseynov bildirib ki, əsas hədəfləri Gəncə şəhərinə yeni nəfəs gətirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında kitaba olan marağı artırmaq, Vətənini sevən, ziyalı fərdlərin yetişdirilməsinə töhfə verməkdir. O, göstərilən dəstəyə görə şəhər rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.
Açılış mərasimində çıxış edən natiqlər bildiriblər ki, Gəncə tarixən elm və mədəniyyət mərkəzi olub. Nizami yurdunda bu cür məkanların açılması olduqca sevindirici və təqdirəlayiq haldır.
Qeyd edək ki, burada klassik, dedektiv, psixologiya, fəlsəfə janrında, şəxsi inkişafa və biznesə aid minlərlə kitab yer alır. Kitab Evində kafe də faəliyyət göstərir.
“Yaşıl şəhər”ə doğru
Gəncə Şəhər İcra Hakimiyyəti və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə iştirakı ilə Gəncənin “Yaşıl Şəhər Fəaliyyət Planı” ilə bağlı görüş olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, ölkə rəhbəri cənab İlham Əliyevin şəhərimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" Proqramına ilk olaraq məhz Gəncə şəhəri qoșulub. Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Proqrama qoşulmaya dair 3 mart 2020-ci il tarixində saziş də imzalanıb. Sazişə əsasən ilkin olaraq 3 prioritet istiqamət müəyyənləşdirilib. Bunlar bərk məișət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırması sisteminin və ictimai nəqliyyatın yenilənməsidir.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Natali Muravidze bildirib ki, AYİB Gəncənin inkişafında maraqlıdır və şəhərin infranstrukturunun yaxşılaşdırılması üçün 26 fəaliyyət istiqaməti müəyyənləşdirlib. Natali Muravidze qeyd edib ki, “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanmasına 2022-ci ilin iyul ayında başlanıb və 15 noyabr 2023-cü ildə onun yekun variantı təqdim olunub.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının “Yaşıl şəhərlər” Proqramı üzrə məsul nümayəndəsi Nicat Ağayev və Avropa Yenidənqurma və İnkişaf Bankının məsul əməkdaşı Real Hacıyev təqdimatla çıxış ediblər.
Gəncənin “Yaşıl Şəhər Fəaliyyət Planı”nın təqdimatından sonra iştirakçıların rəy və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Özbəkistanın fəxri konsulluğu
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Așrafxanov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Özbəkistanın Azərbaycandakı konsulu Abdulaziz Voxidov, Qərb bölgəsi üzrə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Rəsmi açılışda çıxış edən qonaqlar Azərbaycanla Özbəkistan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu bildiriblər. Qeyd olunub ki, Gəncə şəhərində Özbəkistan Respublikasının Fəxri konsulluğunun açılması da öz növbəsində ölkələrimiz arasında olan münasibətlərə müsbət təsirini göstərəcəkdir. Həmçinin, bu fəaliyyət Gəncə ilə Özbəkistanın şəhərləri arasında iqtisadi və mədəni əlaqələrin qurulmasında faydalı olacaqdır.
Çıxışlardan sonra rəsmilər Fəxri konsulluğun binasına baxış keçirib, burada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, Özbəkistanın Gəncədəki Fəxri konsulu Kənan Cəlilovdur. Şəhərin Təbriz küçəsində yerləşən konsulluğun fəaliyyətə başlaması Qərb bölgəsində yaşayan Özbəkistan vətəndaşlarının rəsmi işlərini asanlaşdıracaqdır.
Görkəmli bəstəkarın yubileyi
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" və "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, bəstəkarın nəvələri, Əməkdar artistlər Tahir İmanov və Cabir İmanov, idarə, təşkilat, müəssisə rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində keçirilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri