Murad Köhnəqalanın Tuva şamanı Çoçaqar ilə söhbəti
M. Qorki adına Ədəbiyyat İnstitutunda mənimlə eyni vaxtda təhsil almış tuvalı şaman Viktorla yenidən feysbukda tapışıb söhbətləşdik. Söhbətimizin maraqlı olduğunu düşünüb yayımlamaq qərarına gəldim.
– Viktor, o vaxtlar deyirdin, tuvalıların adı pasportda bir cür, ailədə isə başqadır. Sənin adın ailədə necədi?
– 1954-cü ildən bizim doğum evlərində rus adları yazıb asırdılar ki, doğulan uşaqlara ordan ad seçsinlər. Bizə doğma dilimizdə ad qoymağa icazə vermirlər. Mənim Viktor adım da həmin siyahıdan götürülüb. Ailədə isə adım Çoçaqardı. “Çoçaqar” güclü insan deməkdir.
– Hazırda harada yaşayırsan, nə ilə məşğulsan?
– Son dövrlər Rusiyanın müxtəlif şəhərlərində və Avropa ölkələrində şamançılıq, şaman kultu haqda mühazirələr oxumaqla məşğulam. Anam və həyat yoldaşımla paytaxt Kızılda yaşayıram. İki oğlum, bir qızım var, hər üçü ailəlidi, bizdən ayrı yaşayırlar. Anamın 95 yaşı var. Onun atası lamaist olub. Mən ata xəttinin davamçısıyam, yəni tenqriçiyəm. Mənə verilən ata babamdan gələn şamanlıqdı.
– Şamanlarda qaval nə üçündü?
– Şamanların qavalı üç hissəyə bölünür, alt dünya, orta dünya və üst dünya. Orta dünya biz yaşadığımız məkandı. Alt dünya xəstələrin, əzabkeşlərin və ölənlərin məkanıdı. Üst dünya isə əcdadlarımızın qutsal ruhlarının yaşadığı məkandı. Üst dünyanın sahibi Xan Tenqri, alt dünyanın sahibi isə Erlik Xandı. Şamanlıq verilən gənc vergi zamanı müxtəlif formada xəstələnərək alt dünyaya düşür. Şamanlar onun ruhunu xilas edərsə, yəni həmin vergili gənc xəstəlikdən salamat çıxarsa, ona qaval və xüsusi libas hədiyyə edilir. Onlar uzun illər qavalın aşağı və orta hissələrindəki nöqtələri dambıldadıb alt və orta dünyayla məşğul olurlar. Belə gənclər qara şaman adlanırlar.
– Qara şaman?
– Bəli, bizdə, Qərbi Tuvada "qara şaman" sözü neqativ işlərlə məşğul olan şaman anlamına gəlmir. Qara şamanlar müəyyən kamillik dərəcəsinə çatdıqdan sonra üst dünya ilə əlaqəyə can atırlar. Üst qatdakı əcdadlarının ruhları ilə əlaqəyə girə bilən, yəni qavalın üst hissəsini vurmağa icazəsi olanlar artıq ağ şaman adlanır. Ona görə ağ şamanlar əsasən qavalın üst qatında dambıldadır və əcdadlarının ruhunu oyadaraq bütün sualların cavabını onlardan alırlar. Həm də ağ şaman məqamına çatanlar öz geyimlərini geri qaytarır və bundan sonra şaman libası geyinmirlər. Mən, artıq on altıncı ildir ağ şamanam, buna görə şaman libası geymirəm.
– Görüşdüyün başqa şamanların dünyagörüşü haqda qısaca nə deyə bilərsən?
– Əsasən, yaşlı şamanlarla söhbətləşməyə üstünlük verirəm. Hər bir şaman fərddir, öz fəlsəfəsi var. Onlar düşündüklərini nadir hallarda açıq deyirlər. Dolmuş şamanlar özlərini heç nə bilmir kimi aparırlar. Hərəsinin öz yolu olduğundan heç vaxt mübahisə eləməzlər.
– Bir şaman kimi, sənin dünyagörüşün nələrə söykənir?
– Dünyada heç bir canlıya zərər toxundurmamaq! Onların azadlıq haqqına girməmək! Hər bir canlının yaşamasına kömək etmək! Ən azı, onlara mane olmamaq!
– Bir az geniş danışa bilərsənmi?
– Çox danışa bilməyəcəm, çünki səyahət etdiyim astral aləm bu dünyaya qapalıdır, gərək bağışlayasan. Bir onu deyə bilərəm ki, həmişə düşüncəndə pozitiv olmalısan. Pozitiv şeylər düşünmək üçün öz düşüncələrini idarə edə bilməlisən. Neqativi silib daima pozitiv düşünmək çətindi, əlbəttə. Bu cür düşüncə yüksəkliyini əldə etməyə illər sərf olunur. İnsanın bütün əməllərinin mənbəyi onun öz düşüncələridi.
– Bəs, şamanlar necə qidalanır? Şəxsən sənin xüsusi qida rasionun varmı?
– Bəzi hind təlimlərində vegeterianlıq təbliğ olunur. Çünki əksər inanc və təlimlər ətraf mühitə, coğrafi şəraitə uyğunlaşdırılır. Onlardan fərqli olaraq, bizim xüsusi pəhrizimiz yoxdur. Məsələn, Tuva şamanları canavarın maralı yeməsinə təbiətin harmoniyası kimi baxır. Əsas motivasiya budur: nə üçün yeyirsən?
– Tanrını necə təsəvvür edirsən?
– Mənim tanrım realdır: Atam və Anam. Onlar mənə bu bədəni verməsəydi, indi burada səninlə olmazdım. Biz öldükdən sonra bədənimiz torpaqdan baş qaldırıb başqa-başqa formalarda canlılara çevrilir. Ona görə hər bir canlını əcdadlarımızın əlaməti sanıb onlara xeyirxah yanaşmalıyıq. İdrakımız isə əcdadlarımızdan bizə ötürüldüyü kimi, bizdən də gələcək nəsillərə ötürülür.
– Viktor, bir dost kimi mənə nələri tövsiyə edərdin?
- Keçmişi unut, gələcəyi düşünmə! İndini yaşa! Anlarını duy! Həmişə yenilən! Mözücə sənin ətrafındadı, hər an möcüzə gözlə! Keçmiş keçib, gələcək naməlumdu. Nə qədər pozitiv düşünsən gələcək səni o qədər xoş üzlə qarşılayacaq. Ölümünü daim özünlə gəzdir, onda yığcam olacaqsan! Belədə, bu həyatdan növbəti həyata rahat keçəcəksən!
– Düşüncələri cilovlamaq, yalnız pozitiv düşünmək çox çətindir?
– Bəli. Bu təlimə düz 26 il sərf elədim və ağ şaman oldum. Artıq, neqativ şeylər haqda düşünə bilmirəm. Hansı canlı, əşya, hadisə olur-olsun, onları yalnız xoş ovqatla anıram.
– Təşəkkür edirəm, əziz dost!
– Əcdadlarımın inancına maraq göstərdiyin üçün sənə minnətdaram!