Bir nəslin 4-cü şəhidi

post-img

Anargilin nəslindən 4 igid Birinci Qarabağ müharibəsində şəhadətə ucalmışdı: Əli Mahmudov, Söhrab Məmmədov, Məzahir Məmmədov və Vüqar Cəbrayılov. Hər dəfə onlar xatırlananda Allahdan arzu edirdi ki, şəhidlərin qanı yerdə qalmasın, işğal altında olan torpaqlarımız azad edilsin. Lazım gəlsə, özü də döyüşlərə atılmağa hazır idi. 

1984-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində dünyaya gəl­miş Anar Məmmədovun ailəsi Bakı­nın Binəqədi rayonunda məskunlaşıb. Özündən 1 yaş kiçik bacısı Gülnazla 115 saylı tam orta məktəbə eyni ildə gediblər. Qardaş-bacı elə eyni ildə də Azərbaycan Tibb Universitetinə qəbul olunublar. 

Anarın hərbi tibb sahəsini seçməsinə əsas səbəblərdən biri də Qarabağ sava­şına qoşulmaq, gələcək qələbəyə töhfə vermək məramı olub. Ali təhsilini bitirib leytenant rütbəsi ilə Şəmkir korpusun­da hərbi həkim kimi fəaliyyətə başlayıb. 2009-2013-cü illərdə Füzulidə, Cəlila­badda xidmət göstərib. Sülhməramlı ta­borun tərkibində Əfqanıstana da ezam edilib, 6 ay orada qulluqda olub. 2016-cı ilin məlum Aprel döyüşlərində də iştirak etməsini isə ailəsi sonradan bilib – əs­gərlərdən biri Lələtəpədə çəkdiyi videonu sosial şəbəkədə yayanda. 

Həmin videonun altında yazılmışdı: “Ağır yaralanmışdım. Məni xərəkdə gə­tirirdilər. Bir neçə dəqiqəlik dincəlmək üçün yerə qoydular. Zabit geyimində bir həkim bizə yaxınlaşdı. Anar idi. Məni tanımışdı. Əyilib üzümdən öpdü, sonra “Sənə ağrıkəsici vurublarmı?” – deyə so­ruşdu. “Yox” – dedim. Tez çantasından ağrıkəsici çıxarıb, vurdu və ürək-dirək verib, “Qorxma, – dedi, – ölmə, hələ iş­lərimiz çoxdur”. Bundan sonra dönüb, başqa yaralılara yardıma tələsdi”. 

Anar 2018-ci ilin dekabrında tibb xid­məti kapitanı kimi Bakının yaxınlığındakı hərbi hissəyə təyin ediləndə ailəsi sevin­di ki, evə yaxındır, daha yanımızda olar, ailə qurar. 

Amma o, yaxınkən uzaq oldu... 26 sentyabr 2020-ci ildə evə gələrək,“Mən poliqona təlimə gedirəm,” – deyib, hamı ilə sağollaşdı. O vaxta qədər də neçə-neçə təlimə yollanmışdı deyə, heç kimin ağlına da gəlməyib ki, Anar müharibəyə gedir. 

Bacısı Gülnazın dedikləri: 

– Oktyabrın 1-də telefonla danışdıq, Harada olduğunu söyləmədi, təkcə “Hər şey yaxşıdır” – dedi. Biz də bir az arxayın olduq. Sonra da bir neçə dəfə danışdıq, döyüşlər barədə heç nə demirdi. Bircə dəfə oktyabrın 29-da ağzından qaçırdı ki, bəs, doğma Dağtumas kəndini geri almışıq. 

Əlində gah tibb ləvazimatı, gah da silah olan kapitan Anar Məmmədov Vətən üçün hər an canından keçməyə hazır idi. Noyabrın 2-də həmin an yetişdi. Xocavənd istiqamətində gedən döyüş­lərdə ağır yaralılara kömək etmək üçün gedərkən yolda mühasirəyə düşdü, son nəfəsinə kimi vuruşdu və qəhrəmanca­sına şəhid oldu. Beləcə, qardaşım 44 günlük müharibənin 37 gününü qanlı dö­yüşlərdə keçirdi və əbədiyyətə qovuşdu”.

Döyüş yoldaşı Elvin də onun haqqın­da sevgi ilə danışır: “Anar həm təcrübəli həkim, həm igid döyüşçü, həm də gözəl insan idi. Təkcə öz hərbi hissəmizin deyil, digər hissələrin kömək etdiyi əsgərlərinə də öz doğması, qardaşı kimi qulluq etmiş, həyata qaytarmışdı. İlk yardımdan sonra yaralı döyüşçülərin təxliyə olunmasında o, əsl qəhrəmanlıq göstərmişdi”.

Bəli, tibb xidməti kapitanı Anar Məm­mədov yazının əvvəlində adlarını çəkdi­yimiz şəhid qohumlarının qəhrəmanlıq yolunun şərəfli davamçısı olduğunu mər­danə ölümü ilə sübuta yetirib və özündən əvvəl şəhid olan silahdaşlarının cərgə­sində – II Fəxri Xiyabanda torpağa tap­şırılıb. 

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütöv­lüyünün təmin edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən, igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezidentin sərəncamları ilə o, ölü­mündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 

Ramilə QURBANLI
XQ

Sosial həyat