Topçu mayorun odlu misraları

post-img

Azərbaycan Silahlı Qüvvələrinin zabiti – mayor Elçin Alıyev 2016-cı ilin məlum Aprel döyüşündə iştirak edib, ağır kontuziya aldığı üçün 2017-ci ildə təqaüdə göndərilib. 2020-ci ildə Vətən müharibəsi başlananda yenidən könüllü olaraq döyüşlərə qatılıb. 

Elçin Alıyev Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda döyüş əməliyyatlarına rəhbərlik edib. Noyabrın 9-da Şuşa döyüşləri zama­nı qəhəmancasına şəhid olub. Ölümündən sonra mayor Elçin Alıyev “Azərbaycan Bayrağı” ordeni, eləcə də “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzu­linin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ordumu­zun qəhrəmanlığından, döyüş dostlarının hünərindən ruhlanaraq, vətənpərvər ruhlu şeirlər yazıb. Həmin nümunələrdən birini təqdim edirik:

ARTİLLERİYA

Tankların külünü göyə sovurar,

Düşməni səngərdə başından vurar,

Alınmaz sədləri zəncirtək qırar,

Hər zaman, hər yerdə yetər haraya –

Artilleriya. 

Mərmilər vıyhavıy göydə ulayır,

Bilinmir ölənin, itənin sayı...

Bizə bəxş eyləyər şərəfli payı, 

Hər zaman, hər yerdə yetər haraya – 

Artilleriya. 

Topunun lüləsi alovlar saçar,

Piyada qoşunun yolunu açar, 

Düşmən silahını tullayıb qaçar, 

Hər zaman, hər yerdə yetər haraya –

Artilleriya. 

Düşməz heç bir zaman dəmir atından,

Qurtarar vətəni tapdaq altından, 

Fəxr edər qürurla topçu adından,

Hər zaman, hər yerdə yetər haraya – 

Artilleriya. 

Elçin fəda eylər sizlərə canı, 

Dünyaya tanıdar Azərbaycanı. 

Coşub damarında qaynayar qanı, 

Hər zaman, hər yerdə yetər haraya – 

Artilleriya!

Sosial həyat