Hər bir şəhid ata-ahasının, bacı-qardaşının içinin göynərtisi, eyni zamanda bu millətin, Vətənin qürurudur. 2002-ci ildə Qax Cəlayir kəndində dünyaya göz açmış Mirzəəli Kamran oğlu Mirzəzadə də canını Vətəndən əsirgəməyən igidlərimizdən biridir.
Doğma kəndlərindəki tam orta məktəbin 9-cu sinfini bitirəndən sonra Peşə Liseyinə üz tutan Mirzəəli orada qaynaqçı peşəsinə yiyələnib. Əmək fəaliyyətinə başlamamış orduya çağrılıb, əsgəri xidmətini Bakıdakı hərbi hissələrin birində yerinə yetirib. Nə qədər can atsa da, onu və yaşıdlarını döyüş bölgələrinə yollamayıblar ki, hələ təcrübəniz azdır, vaxtı çatanda siz də gedəcəksiniz. Amma Zəfər yürüşü cəmi 44 gün çəkdiyi və işğalçı ermənilər kapitulyasiya aktına imza atdıqları üçün Mirzəəli döyüşlərə gedə bilməyib. Tərxis olunandan sonra qəlbində hərbçi sənətinə yaranmış həvəs 15 gün sonra onu yenidən Milli Ordu sıralarına qaytarıb. Ayrılarkən atasına deyib ki, nigaran olma, başını uca edəcəyəm.
Anası Kəmalə xanım ağır xəstə olduğu üçün idi, həyatının son günlərini oğlundan ayrı yaşamaq istəməyib. Onda Mirzəəli anasını bərk-bərk qucaqlayıb, üz-gözündən, əllərindən öpərək: “Ana, mən tək sənin balan deyiləm, həm də bu Vətənin oğluyam. Bu gün Vətənə xidmət etmək ən şərəfli işdir. Halallıq ver, gedim” – deyib. Bu, onların son görüşü olur.
Xüsusi təyinatlı bölükdə kiçik çavuş kimi xidmətə başlayan Mirzəəli az vaxt içində əsl hərbçi kimi özünü təsdiq edir, dostları arasında xüsusi hörmət qazanır. Deyib-gülən, zarafatından qalmayan bu oğlanda elə böyük Vətən sevgisi olub ki, hər dəfə deyirmiş, kaş, mən də Vətənim uğrunda şəhid ola biləydim...
2022-ci ilin avqustunda Mirzəəlinin 20 yaşı tamam olur. Cəmi 6 gün sonra o, dünyalar qədər sevdiyi anasının ölüm xəbərini alır. Bu itki ağır olsa da, Mirzəəli anasını son mənzilə yola salanda and içir ki, atasına, bacılarına əsl oğul, əsl qardaş olacaq. Xidməti yerinə qayıdıb hərbi təcrübəsinin daha da təkmilləşdirilməsi qayğısına qalır. Hər gün keçirilən döyüş təlimləri onu daha dəyanətli olmağa ruhlandırır.
Beləcə bir il ötür. 2023-cü ilin sentyabrın 3-də anasının il mərasimi üçün komandirindən icazə alıb kəndə gələn Mirzəəli qəbiristanda anasının başdaşını qucaqlayaraq, sövq-təbii olaraq deyir: “Ana, darıxıram sənin üçün, az qalıb, yanına gələcəyəm”. Ürəyinə damdığına görəmi, ya nədənsə onun belə deməsi bacılarını qorxudur. Elə demə, ay qardaş. Ölənlə ölmək olmaz. Özündən muğayat ol!” – deyərək onu hərbi hissəyə yola salırlar.
Bir neçə gündən sonra – sentyabrın 19-da Qarabağda antiterror tədbirləri başlanıb. Mirzəəli Mirzəzadə o zaman Kəlbəcər rayonunda xidmət edib. Anti-terror tədbirlərinə isə Ağdərə istiqamətində qatılıb. Erməni işğalçılarının tör-töküntüləri ulu yurd yerlərimizdən son nəfərinə qədər təmizləyiblər. Əməliyyatlardan birində isə Mirzəəli çoxdan qovuşmaq istədiyi şəhadətinə çatıb.
– Həyatda ən ağır şey oğulun ata çiynində son mənzilə getməsidir. Balamın arzuları çox idi, heyf ki, hamısı yarımçıq qaldı. Yenə Vətən sağ olsun!.. – Bu, Mirzəəlinin atası Kamran kişinin sözləridir. Dolmuş gözlərini gizlətmək üçün həyətə çıxan Kamranın acısını başa düşmək çətin deyildi. Evin tək oğlu idi Mirzəəli.
Sentyabrın 22-də doğma kəndində torpağa tapşırılan Cəlayirin şəhid oğlunun dəfn mərasiminə gələn döyüş dostları, komandiri onun igidliyi haqqında iftixarla danışıblar. Komandiri deyib ki, Mirzəəli mənim əsgərlərim arasında məzəli söhbətləri, zarafatları, cəsarəti ilə seçilərdi. Həmişə zümzümə edərdi: “Göydə – bayraqdar, yerdə – Mirzəəli!” Son döyüşdən qabaq isə mənə belə dedi: “Komandir, ölsəm anamın, qalsam atamın olacağam”. Ana Vətən uğrunda canını fəda edən Mirzəəli şəhid oldu və anasının ruhuna qovuşdu.
Hərbçi dostlarından biri isə söyləyib ki, son döyüşü zamanı Mirzəəli ayağından yaralansa da, heç kimə bildirməyib, düz 2 saat eləcə döyüşüb. Biz onun yaralandığını biləndə artıq gec idi. Çox qan itirmişdi. Son nəfəsinə kimi nə əyildi, nə də silahını yerə qoydu…
Rəşadətli Sülahlı Qüvvələrimizin anti-terror tədbirləri çox tez – cəmi 23 saata uğurla tamamlanıb. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Qaxın igid oğlu Mirzəəli Mirzəzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bəli, 20 yaşlı şəhidimiz Mirzəəli Mirzəzadə andına sadiq qaldı. Azərbaycanın qəhrəmanlıq tarixini yazanlardan biri oldu.
Xavər ƏFƏNDİYEVA,
Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru