Uzaq səfərə çıxanlar sevdalılarına belə deyir: “Gözlə məni...” Müharibə, döyüşlər uzaqdan da uzaq səfərdir. Belə uzaq səfərlərə gedənlər halalıyla, sevdalılar sevdasıyla belə halallaşırlar. El-obadan gizlin yaşanan sevdalıların belə uğurlamasından kimsə xəbər tutmaz. Yalnız vəd verib, vəd alan dönəndə dil açar bu sevda...
Gün dəyişir, ay dəyişir, il dəyişir, gözləyirlər. Çiçək açır, çiçək solur, gözləyirlər, yaz ötüşür, yay sovuşur, payız gəlir, budaqlar yarpaq salır, yarpaqlar torpaq olur, yenə gözləyirlər... Ömrü illərlə uzanan həsrətin kəfəni bəzən gözləyənin son nəfəsi olur...
18 yaşlı Şirzad Əliyev 1942-ci ildə müharibədən Azərbycana bir şeir göndərmişdi: “Gözlə məni”. Bir qıza yazılmışdı, yüzlərlə qız dilsiz sevdasının dilmancı kimi bu şeiri bağrına basmış, illərlə sirdaşı bu şeir olmuşdu. Neçə döyüşçü “Mənim adımdan yazılıb...” – deyirdi. Süleyman Ələsgərov bu şeirə mahnı bəstələmişdi. “Gözlə məni” müharibəyə gedən sevdalıların döyüş, sevdalısı müharibədə olanların ümid mahnısıydı. Döyüşənlər döyüşürdü, gözləyənlər gözləyirdi. O illərdə bir ömür gözləyənlər də olmuşdu...
1991-ci ildə Kəlbəcərdə kimsənin xəbəri olmayan bir sevda yaşanırdı. Ermənilərin həmlələri, artanda Səməd də yerli müdafiə batalyonuna yazıldı. Sevdasına “Gözlə məni...” demişdi. Gülgəz gözünü torpaqdan ayırmadan pıçıldamışdı: “Gözləyəcəm”.
Kəlbəcərlilər ata yurdundan iraq düşdülər. Hərə bir tərəfdə sığınacaq tapdı. Gülgəzin atası Bakir Rusiyaya getmişdi. Səməd Gülgəzdən ümid olası bir soraq ala bilməmişdi.
İllər keçmiş, amma Səməd evlənməmişdi. Gəncədə məskunlaşmışdı...
Səməd Xan bağına baxar tərəfdə dayanmışdı. Yaxınlaşmaqda olan qadını görəndə ürəyi uçundu. Bilmədi gözlərinin işığı artdımı, itdimi. Bir də baxdı, bir də baxdı. O, idi. İllərin həsrəti tanımadan ona sarı gəlirdi. Nə etsin? Yaxınlaşsınmı, salamlaşsınmı? Bəlkə kiminsə külfətidi? Başqasının külfəti ilə nə adla hal-əhval tutsun? Niyə yaxınlaşmasın? Axı o gələn illərdi həsrətilə gündüzünü gecəyə döndərən sevdasıydı. Kiminlə qarşılaşacağını bilmədən yaxınlaşırdı. Həminki xırdaca yeriş, gah yerdən üzülən, gah yerə dikilən ürkəcək baxışlar. Elə bil bu yerişin, bu baxışın üstündən illər keçməyib...
Üz-üzə dayanmışdılar. İkisinin də gözləri dolub-boşalırdı. İkisi də illərlə ürəyində hamıdan gizlin yaşatdığını indi deməyə çətinlik çəkirdi. İllər Gülgəzin alnına hiss edilməsi çətin olmayan ağrı-acı nişanələri düzmüşdü.
– Döyüşdə ağır yaralandım. Bir həftə huşsuz olmuşam. Mən hospitaldan çıxanda siz getmişdiniz. Öyrəndim ki, Risiyadasınız. Heç kimdən düz-əməlli soraq ala bilmədim.
Bir qədər duruxdu:
– Gözlə məni demişdim. O müharibədən bu müharibəyə kimi söz deyib söz aldığım günün mehrini unutmamışam, unuda bilməzdim...
Gülgəzin yanaqlarına incə bir qızartı çökdü:
– Kimə sirr aça bilərdim. Təkcə xalam qızı Səkinəyə ürək qızdıra bilərdim, onu da qaçırtdılar, əlim heç kimə yetmədi...
Sözünə bir qədər ara verdi:
– Gözləyirdim...
Sonra Vətən müharibəsi başladı. Əsgərlər döyüşürdü – xalq döyüşürdü, əsgərlər döyüşürdü – Azərbaycanın dövlətçiliyi döyüşürdü, əsgərlər döyüşürdü – Vətən sevgisi döyüşürdü, əsgərlər döyüşürdü – Dədə Qorqud alqışı döyüşürdü ...
Tarixi Zəfər qazandıq. Torpaqlarımız işğaldan azad edildi. Torpaq işğaldan qurtardı, gözləyənlər intizardan, həsrətdən. Gözləyənlərin gözlədiyi gəlməyəcək. Gözlədiklərinin ruhu pıçıldaşacaq gözləyənlərlə. Şəhidlərin ruhunun pıçıltısını gözləyəndən savayı kimsə eşitməyəcək. O pıçıltını eşitdikdən sonra “Gözlə məni” mahnısının kövrəkliyini ümidinə örtük biləcək. Dinləyə-dinləyə kövrələcək, kövrələ-kövrələ dinləyəcək. Hıçqırıq içində “Gözləyirəm, gözləyəcəm” deyəcək. İllər çəkən həsrətə təsəlli biləcək bu könül şərqisini...
Səməd sözarası bildi ki, Gülgəz də ailə qurmayıb...
Bu sevdanı “Gözlə məni” yaşatmışdı. “Gözlə məni...” deyənin də – Səmədin, “Gözləyəcəm...” deyənin də – Gülgəzin baxışları göy üzünün göylüyünə sığal çəkirdi...
Səmədin maşınına tərəf getdilər.
Həzin-həzin yel əsirdi...
Rəşid FAXRALI,
hərbi jurnalist