Buğda ehtiyatı isə əhaliyə kifayət edəcək qədərdir
Rusiya hökuməti yaxın günlərdə ərzaq təhlükəsizliyini təmin etmək və daxili bazarda qiymət sabitliyini qorumaq məqsədilə 2024-cü il mayın 31-dək bərk buğdanın ixracına qadağa qoyub. Başqa sözlə, bu ölkə 2021-ci ilin sonundan başlayan ixrac kvotası və əlavə gömrük rüsumlarının tətbiqi siyasətini davam etdirmək qərarına gəlib.
Bununla bərabər, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2023–2024-cü kənd təsərrüfatı ilində taxılçılıqda yüksək göstəricilərin əldə olunacağı və beləliklə, ərzaq böhranı ilə bağlı risklərin azalacağı proqnozlarına baxmayaraq, dekabr ayında ərzaq buğdasının dünya qiymətləri də durmadan artır. Lakin belə bir şəraitdə Azərbaycan üçün elə bir ciddi narahatlıq gözlənilmir. Yəni buğda idxalının 81 faizinin Rusiya tərəfindən gerçəkləşdirilməsinə baxmayaraq, Azərbaycan vurğulanan məhdudiyyətlərin tətbiqinə qədər əsas alışları tamamlayıb, üstəlik, ölkədə taxıl istehsalı da getdikcə artır.
Göründüyü kimi, FAO o zaman indi dünyada nəzərə çarpan mövcud vəziyyəti – qlobal ərzaq bazarı üçün aclıq təhlükəsini və digər riskləri lazımi səviyyədə qiymətləndirməyib. Düzdür, 2023-cü ilin yekun göstəriciləri qlobal taxıl istehsalı üzrə 2,810 milyard tona çata bilər ki, bu da ötən illə müqayisədə bir qədər yüksəkdir. Lakin nəzərə alaq ki, bu artım Çində və Qərbi Afrikanın əksər hissəsində yem taxılının istehsalına əsaslanır.
Bununla belə, FAO tərəfindən ərzaq buğdası üzrə yekun proqnoz 2,2 milyon ton azaldılaraq 781,1 milyon tona endirilib və bu düzəliş dünyanın aparıcı taxılçılıq ölkələrində buğda məhsulu ilə bağlı perspektivlərin pisləşməsi ilə əlaqədardır FAO-nun noyabr ayı hesabatında Avropa İttifaqı və Kanadada quraqlıq və Asiya regionunun bir sıra ölkələrində yağan yağışlar səbəbindən buğda məhsulunun təxminən 2,6 faiz azaldığı bildirilir. Proqnozun belə aşağı salınması isə həm də müəyyən qədər “taxıl müqaviləsi”nin pozulması və Ukrayna buğdasının, habelə digər ərzaq məhsullarının dəniz daşınmasının dayandırılması ilə bağlıdır.
Hazırda ekspertlər ötən bazar ertəsi birja hesabatlarına əsaslanaraq bildirirlər ki, dekabr–yanvar aylarında tədarük üçün Rusiya buğdasının ixrac qiymətləri həftə ərzində 3 dollar artaraq bir ton üçün 240 dollara çatıb. Fransız buğdasının qiyməti də 3 dollar yüksələrək bir ton üçün 250 dollara, Amerika buğdasının qiyməti isə, hətta 33 dollar artaraq 273 dollara çatıb. Belə qiymət artımı təbii ki, idxalçıların alışlarına nəzərəçarpacaq dərəcədə təsir göstərib.
Burada onu da xatırlatmaq yerinə düşər ki, cari ilin oktyabrın 11-dən Rusiyadan buğda ixracına gömrük rüsumunun dərəcəsi bir ton üçün 4,564 min rubldan 5,224 min rubla artırılıb. Rusiyada, həmçinin əsas taxıl bitkilərinin – arpa, qarğıdalı və çovdarın ixracı üçün 24 milyon ton tarif kvotası təyin edilib ki, bu da narahatlıq doğurub. Xatırladaq ki, kvotanın fevralın 15-dən qüvvədə olacağı nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, əvvəlki kvotanın həcmi 25,5 milyon ton olub.
Bu ilin yanvar–sentyabr aylarında Azərbaycana bütün buğda idxalının 81 faizi Rusiyanın, tədarükün 19 faizi isə Qazaxıstanın payına düşüb. Qazaxıstanın nisbətən kiçik payını bu ölkədə məhsuldarlığın aşağı olması və qiymət artımı şərtləndirib. Belə ki, dekabr ayına olan məlumata görə, Qazaxıstanda 16,6 milyon ton taxıl və paxlalı bitkilər yığılıbsa, 2022-ci ildə bu rəqəm 22 milyon tona çatıb. Müvafiq olaraq, 2023-cü ilin ilk üç rübündə Qazaxıstandan buğda idxalı 6,4 faiz azalaraq 149,955 min tona düşüb, Rusiyadan isə idxal 10 faiz artaraq 639,281 min ton təşkil edib.
Azərbaycan əvvəlki illərin mənfi təcrübəsini nəzərə alaraq, Rusiya taxılının idxalına bir sıra məhdudiyyətlər qoyulmasından və gömrük rüsumlarının artırılmasından əvvəl ərzaq buğdasının əsas hissəsini, əsasən, payızın ortalarına qədər alaraq tədarük edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin on ayında respublikamıza, ümumilikdə, 247,343 milyon ABŞ dolları dəyərində 949,278 ton buğda idxal edilib.
Bu dövrdə dəyər ifadəsində Rusiyadan buğda idxalı 25 faiz ucuzlaşıb, 1 ton buğdanın orta qiyməti 345 dollardan 261 dollara düşüb. Buğda ehtiyatlarının tələb olunan həcmdə və məqbul qiymətə alınması faktı ondan xəbər verir ki, oktyabr və noyabrın əvvəllərində Azərbaycanın bütün aparıcı pərakəndə şəbəkələrində unun topdansatış qiymətlərində (50 kiloqramlı kisənin qiyməti) ucuzlaşma (minimum 26,4 manat) müşahidə olunub.
Respublikada ərzaq təhlükəsizliyinin reallaşdırılması üçün daxili potensialın gerçəkləşdirilməsi də diqqətdə saxlanılıb. Məsələn, torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla ölkədə yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq bu ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının da ödənilməsinə başlanılıb.
Bundan başqa, aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub. Nəticədə, texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi yüksəlib, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib. Başqa sözlə, ölkədə taxılçılığın inkişafına bu sahə üzrə ixtisaslaşmış texnikanın sayının davamlı olaraq çoxaldılması müsbət təsir göstərib. Belə ki, respublikada son 20 il ərzində müasir kənd təsərrüfatı texnikası, təqribən, 2,8 dəfə artırılıb. Ötən il taxılyığan kombaynların sayı 3594-ə, taxıl toxumu səpən texnikaların sayı isə 3967-ə çatdırılıb. Beləliklə, aqrar sektorda ixtisaslaşmış texnika ilə təminat səviyyəsi müqayisə olunan dövrdə 2,1 dəfəyə, hər min hektara düşən taxılyığan kombaynların sayı 1,8-dən 3,8-ə qədər yüksəlib.
Bütün bunlarla bərabər, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb.
Aqrar sahədə diqqətdə saxlanılan tədbirlərdən biri də dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin yaradılması olub. Bu mexanizmin tətbiqi ilə hesablanan sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Belə bir aqrar sığorta mexanizminin işə salınması sayəsində əkin sahələri çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən–dolu, donvurma (şaxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və s. hallardan sığortalanıb, əhatə dairəsi isə ildən-ilə genişlənib.
Bu gün aqrar sahədə həyata keçirilən institusional islahatlar çərçivəsində respublikada yeni yaradılan dövlət aqrar inkişaf mərkəzlərində kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına “vahid pəncərə”, operativlik və şəffaflıq prinsipləri əsasında aqroservis, aqrokimyəvi, informasiya-məsləhət kimi 70-dən artıq xidmət göstərilir.
Bütün bunlarla bərabər, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı son illərdə həyata keçirilən mühüm tədbirlər sırasında aqroparkların yaradılması da xüsusi yer tutur. Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə dövlət–özəl tərəfdaşlığı mexanizmləri əsasında ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, ilkin emalı və satışının mütərəqqi forması kimi aqroparkların yaradılması getdikcə vüsət alır. Aqrar sahədə bu tip müəssisələrin formalaşdırılması və fəaliyyəti çərçivəsində aqrobiznes sahələrinə investisiya qoyuluşları həm müvafiq infrastrukturun yaradılmasına dövlət tərəfindən investisiyaların qoyulması, həm də güzəştli kreditlərin verilməsi ilə stimullaşdırılır.
Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, aqrar sektorda istehsal göstəricilərinin yüksəlməsi davamlı xarakter alıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari il dekabrın 1-nə kimi, qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 223 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər yığılıb. Eyni zamanda, təsərrüfatlarda 2024-cü ilin məhsulu üçün müvafiq işlər görülməsinə başlanılıb. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1040,3 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 830,1 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 489,5 min hektarı buğda, 340,4 min hektarı arpa və 0,2 min hektarı çovdar olub.
Yeri gəlmişkən, ötən 20 ildə taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılıb, kənd təsərrüfatının bu mühüm sahəsində mühüm nəticələr əldə edilib. Ölkədə taxıl istehsalı 2003-cü illə müqayisədə ötən il 1,5 dəfə artaraq 3 milyon tona yüksəlib. Müqayisə olunan dövrdə taxılın məhsuldarlıq göstəriciləri buğdada 21,8 faiz, arpada 20,5 faiz, dən üçün qarğıdalıda isə 32,3 faiz artımla qeydə alınıb.
Vaqif BAYRAMOV
XQ