BP-nin ingilis dilində nəşr etdiyi bu kitab “Mədəni İrs” forumunun iştirakçılarına təqdim olunub
Xalçaçılıq sənəti əsrlər boyu Azərbaycanın milli mənsubiyyətini və milli dəyərlərini təmsil edən bir sənət növü kimi tanınır. Bakıda keçirilən “Mədəni İrs” forumu çərçivəsində Heydər Əliyev Fondu və BP şirkəti Azərbaycanın mədəni irsinin rəmzlərindən olan xalça sənətinə həsr edilən “Azərbaycan xalçaları – ilmələrin rəqsi” kitabının ingilis dilində nəşrini təqdim edib.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” forumunda çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi həmişə ölkənin zəngin mədəni irsinin və milli dəyərlərinin təbliğinə yönəlmiş təşəbbüsləri, fəaliyyətləri dəstəkləyib. “Biz Azərbaycanda hələ uzun müddət olacağıq və ölkənin iqtisadi, sosial və mədəni həyatında yaxından iştirak edəcəyik. İnanırıq ki, bu gözəl nəşr unikal bir sənət xəzinəsidir və dünya mədəni irsinə əvəzsiz bir töhfədir. Bu möhtəşəm layihəyə qoşulmaq imkanı yaratdığına görə Heydər Əliyev Fonduna təşəkkür edirik”, – deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan dilində nəşr və eyniadlı xalça kolleksiyasından ibarət sərgi 2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilib. BP-nin təşkilatı dəstəyi ilə isə kitab ingilis dilində hazırlanaraq nəşr olunub. Şirkət kitabın nəşri ilə bağlı layihəni Azərbaycanın zəngin və qədim tarixini, mənəvi dəyərlərini, füsunkar mədəni irsini və möhtəşəm incəsənət xəzinəsini təbliğ etmək öhdəliyinin bir hissəsi olaraq dəstəkləyib.
Nəşrdə hər bir xalçanın təsviri fərqləndirici xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla müşayiət olunur. Bundan əlavə, kitaba layihə, Azərbaycan xalçaçılıq sənətinin tarixi, əsas istiqamətləri və texnikası, həmçinin bu ecazkar layihənin ilham qaynağı olmuş memarlıq və mədəniyyət möcüzələri haqqında məlumatlar daxil edilib. Nəşrə daxil olan xalçaların hazırlanmasında 6 rəssam və 14 xalçaçı iştirak edib. Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə çərçivəsindəki xalçalar 8 il ərzində təbii boyalarla rənglənmiş ipək və yun iplərdən toxunub.
Yeri gəlmişkən, Azərbaycanda 31 ildir fəaliyyət göstərən BP şirkəti neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə ötən müddətdə tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Bununla yanaşı, şirkətin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb. Bütövlükdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə, ümumilikdə, təqribən 109 milyon ABŞ dolları xərcləyib.
XQ