Qazilərin etimadını qazanmış Etimad

post-img

Nizami Kino Mərkəzinə toplaşanların alqışları ehtiramdan və öyüncdən yoğrulmuşdu

Qarabağ Qaziləri İctimai Birliyinin mərhum sədri Etimad Əsədovun 60 illik yubile­yinə həsr olunmuş mərasimdə Birinci və İkinci Qarabağ müharibələrinin veteran­ları, şəhid ailələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitə­sinin, Mətbuat Şurasının rəhbərliyi, media mənsubları və ziyalılar iştirak edirdilər.

Hərbi-vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının aparıcılıq etdiyi yubiley toplantısının iş­tirakçıları bu günlərdə 60 yaşı tamam olan Etimad Əsədovun, eləcə də Vətənin azadlığı yolunda şəhid olan igidlərin xa­tirəsini sayğı duruşu ilə andılar.

Ağdamın Papravənd kəndində ana­dan olmuş Etimad Əsədov 1991-ci ildə doğma yurdunu işğalçılardan qorumaq üçün yaşadığı Rusiyadan Azərbaycana qayıdıb, Milli Qəhrəman Şirin Mirzəyevin taborunda döyüşüb. 1994-cü ildə mina­ya düşərək ağır yaralanan qazi 1993-cü ildən dünyasını dəyişənədək, Qarabağ Qaziləri İctimai Birliyinə rəhbərlik etdi, geniş hərbi vətənpərvərlik işi apardı. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev mərhum qazinin sağlığın­da xalqın etimadını qazandığını bildirdi. 2018-ci ildə dünyasını dəyişən, Bakıda qaçqın qəbiristanlığında dəfn olunan, bir ayağı isə Ağdamın Paprəvənd kəndində qalan Vətən fədaisinin çox sevdiyi mah­nılardan biri də “Cənab leytenant” olub. Bunu söyləyən Şəmistan Əlizamanlı dillər əzbəri həmin mahnını ifa edəndə bütün salon coşqu ilə ona qoşuldu.

Sonra Əməkdar artist Qoçaq Əs­gərovun ifasında “Turan” şərqisi səsləndi və bu musiqiyə çəkilmiş klip göstərildi. “Mərd” musiqi qrupunun qazilərin iştira­kı ilə oxuduğu, nəqəratı “Şəhid də var, yaralı da, ölənimiz yoxdur, Ana!” xitablı vətənpərvərlik mahnısı isə alqışlarla mü­şayiət olundu. “Odlar yurdu” qrupunun rəqsi yurd sevgisinin aşıb-daşdığı məra­simi daha da rövnəqləndirdi.

Bədii qiraət ustası, “Əmək” ordenli Əməkdar artist Azad Şükürov qarabağlı şair Rəfael Tağızadənin Etimad Əsədo­va həsr etdiyi şeiri təntənə ilə ifa etdi. Mərhum qazinin həyat yoldaşı Məlahət xanım həyat yoldaşının xatirəsinə ehti­rama görə razılığını bildirdi, təsirli çıxı­şı isə hamıya öyünc duyğuları yaşatdı. Əvvəldən sonadək zəfər coşqusu, fəxarət hissi ilə müşayiət olunan mərasim Əməkdar artist Babək Niftəliyevin ifasın­da “Cənab Ali Baş Komandan” mahnısı ilə yekunlaşdı.

İ.HƏSƏNQALA
XQ

Sosial həyat