Günəş sevdalı – Nurəngiz Gün

post-img

Yazıçılar Birliyində müasir Azərbaycan ədəbiyyatının parlaq ismi, mərhum Nurəngiz Günün 85 illiyi münasibətilə “Nurəngiz Gün-85 – Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı” adlı tədbir keçirilib. 

Onun özünəməxsus dəsti-xətti, həs­sas qəlbi, yolu olub. Şeirlərində səmimi­liyi, ideya aydınlığı ilə seçilən Nurəngiz xanım XX əsrin 70-ci illər ədəbi nəslinə mənsubdur. Əsərlərində artıq bir söz, yersiz bir cümlə, məntiqsiz bir misra yox­dur. Nurəngiz Günün elə ilk tanışlıqdan adamı qanadlarına alıb ənginliklərə apa­ran poeziyası yaşarı mövzuların məc­musudur. Hay-küydən, pafosdan uzaq, həyat hadisələrini reallıqla əks etdirən bu yaradıcılıq ampluası son dərəcə cəlbedi­cidir. 

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Nurən­giz Günün müasir poeziyada xüsusi yeri olduğunu vurğuladı. O, Nurəngiz Günə həsr edilən nəşrlər haqqında da danışdı. 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısıAnar Nurəngiz Günlə bağlı xatirələrini danışdı, onun bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs etdi. 

Məclisdə çıxış edən akademik Tey­mur Kərimli, Milli Məclisin deputatı, ya­zıçı Aqil Abbas, yazıçı Seyran Səxavət, Səyyad Aran, Əməkdar jurnalist Flora Xəlilzadə, şair-publisist Elçin İskəndərza­də və başqaları təqdim edilən nəşrlərin ədibin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat və mənbə xarakteri daşıdığını, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc alimlər üçün sanballı bir qaynaq olduğunu ifadə etdilər. 

Sonra Nurəngiz Günə həsr edilən “Günəşin elçisi” esse-monoqrafiyası, “Nurəngiz Gün Beynəlxalq Ödül” ya­rışmasının qaliblərinin, həmçinin şairin xarici ölkələrdə yayımlanan şeirlərindən ibarət Antalogiyası və şair Maşallah Məf­tunun Nurəngiz Gün haqqında qələmə aldığı “Güllərin soyqırımı” kitabları tədbir iştirakçılarına təqdim edildi. 

Şairin qızı – Milli Məclisin deputatı Jalə Əliyeva bu nəşrlərin Nurəngiz Gün yaradıcılığının əhəmiyyətini bir daha or­taya qoyduğunu söylədi. Eyni zamanda, Həsən bəy Zərdabi İrsi Mərkəzinin təsis etdiyi “Nurəngiz Gün Beynəlxalq Ödül” yarışmasının laureatı olan 6 ölkə şairlə­rinin əsərlərini yüksək dəyərləndirdi. Bu günlərdə “Qobustan” jurnalının yeni sa­yında Nurəngiz Gün haqqında yazılan məqalələrin müəlliflərinin poeziya sev­dalı tələbə qızlar olduğunu məmnunluqla qeyd etdi. 

Texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadə XQ-yə müsahibəsində bildirdi: 

– Bu gün 85 illik yubileyi qeyd olunan Nurəngiz Günün necə müstəsna isteda­da, qeyri-adi yaradıcılıq maneralarına malik bir şair olduğu bir daha təsdiqləndi. Onun bəşəri yaradıcılığı, özəlliklə də türk dünyasının ruhunu özündə ehtiva edən yaradıcılığı haqqında çox danışmaq olar. Təkcə onu demək istəyirəm ki, nə qədər Türk dünyası oxucuları var, müharibəyə, savaşa dur deyən insanlar var, Nurəngiz Gün yaradıcılığı o qədər yaşayacaq, oxu­nacaq və seviləcək.

Fidan HÜQUQQIZI
XQ

Mədəniyyət