Tanınmış şair-publisist Əbülfət Mədətoğlunun 65 yaşı tamam olur. O, ömrünün az qala, yarısını – 30 ildən çoxunu məcburi köçkün kimi yaşayıb. Əbülfət müəllim Qarabağın ən qədim türk obalarından biri olan Tuğda doğulub-böyüyüb.
Adı tarixlərə düşmüş ulu oğuz yurdunun 30 il doğma el-obasından perik salınmış şair oğlu Prezident İlham Əliyevin Xocavəndin azad edilməsinin birinci ildönümündə rayon ictimaiyyətinin təmsilçiləri ilə bu torpaqda keçirdiyi görüşdən sonra dövlət başçısı ilə birlikdə doğma kəndində də olub, onun qədim tarixi və zəngin təbiəti barədə qalib Komandana məlumat verib. Əbülfət Mədətoğlu həmin görüşü və doğma kəndini ölkə rəhbəri ilə bir yerdə ziyarət etməsini çəkdiyi ağrı-acıların qarşılığında talenin ən böyük qisməti və misilsiz bir mükafat kimi qəbul edib.
Bu yurdsevər soydaşımız, istedadlı şair və yetkin publisist barədə düşünəndə ilk olaraq yadıma düşən belə bir müdrik kəlam olur: “Xalq qarşısında söz söyləyən insan yaxşı bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa malik olmalıdır”. Bu sözlər Əbülfət Mədətoğlunun da boyuna biçilib. Onun poetik və publisistik yaradıcılığının ictimai məzmunu və bədii-estetik özəlliyi barədə zaman-zaman Bəxtiyar Vahabzadə, Elçin, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bəhmənli, Vaqif Yusifli kimi görkəmli şair-yazıçılar, tənqidçilər gənclik illərindən bəri dəyərli fikirlər söyləyiblər.
Bunlar barədə əvvəldən məlumatlı olsam da, onunla tanışlığım BDU-nun jurnalistika fakültəsini bitirib “Ədalət” qəzetində işlədiyim vaxtdan başlayıb. Qəzetin o zaman ilk və yeganə qadın müxbiri olduğumdan, hamıdan hörmət-ehtiram görürdüm. Qəzetin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlunun həssaslığı və köməyi isə “bir pay” artıq idi. Onunla hadisələrə yanaşmamızda, üslub tərzimizdə olan uyğunluq bizi daha da yaxınlaşdırmışdı. Gözü-könlü toxluğu, mənliyini ehtiyacdan uca tutması bu duyğusal insanı kollektivin sevimlisi eləmişdi. Qəlbində davamlı olaraq daşıdığı Qarabağ ağrısı, yurd itkisi, köçkünlük ehtiyacları onu əyməmiş, əksinə, daha güclü və çalışqan eləmişdi.
İllər keçəndən sonra – Şuşa mənfur düşməndən azad olunduğu günün səhəri redaksiyaya getdim. Yenə illər əvvəlki kimi kiçik otağında yazı-pozu ilə məşğul idi. Bu dəfə üz-gözündə illər boyu yox olmuş xoşbəxtlik, öyünc aşıb-daşırdı. Artıq qarşımda ilk dəfə 1992-ci ildə gördüyüm, kədər yükü altında inləyən Əbülfət müəllim deyil, Qarabağ zəfərindən qanad taxıb uçmaq istəyən məğrur bir insan dayanmışdı.
Şair-jurnalist dostumuzu təbrik edərək dedim: “Bitdi qardaş, səni ağrıdan o ağrı-acılar”. O, bir-necə dəqiqə danışa bilmədi. Sevincdən qəhər onu boğdu. Gözləri danışdı, birdən uşaq kimi hönkürdü və dedi: “Qərənfil qızım, min şükür, Tanrı bu günü görməyi mənə qismət etdi”. Bu bəxtəvər və şükran görkəmi Vaqif Yusiflinin onun barəsində dediyi yığcam və mənalı bir deyimi yada saldı: “Əbülfət Mədətoğlu kiçik bir otaqda böyük dünyanı görür”. Əlavə edək ki, o “böyük dünya” 30 il Əbülfət müəllimin də Qarabağ harayını eşitmədi. İndi isə onun dünyaya sığmayan sevincindən həmin “dar ürəklər” qəm dəryasına batmışdı.
Əbülfət müəllim hələ məktəb illərində mətbuatda çıxış etməyə başlayıb. “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlərində müxtəlif mövzularda yazıları çap olunub. Bədii yaradıcılığa da o illərdə başlayıb. Onda hələ Vaqif müəllimin sonralar deyəcəyi “bircə misrasından tanınan şair” deyildi. Onda hələ çoxsaylı kitabların, saysız- hesabsız bədii və publisistik yazılarında müəllifi deyildi. Şeirləri Türkiyədə, İranda çap olunmamışdı. Onda Əbülfət müəllim nə Əməkdar jurnalist idi, nə də “Qızıl qələm”, “Qızıl kəlmə”, “Məmməd Araz”, “Media açarı” və s. mükafatlara layiq görülmüşdü. O zaman arzularına doğru uzanan ümidli-işıqlı bir yolun lap başlanğıcında idi.
İllər kecdi, Əbülfət Mədətoğlu çox istəyinə qovuşdu. İmzası tanındı, sevildi, söz aləminin sayılıb-seçilən qələm sahiblərindən biri oldu. Ağrı-acılarını əridib oxucularında sabaha inam yaratmağa çalışdı. Bir gün haqqın qalib gələcəyinə inandı.
Türk dünyasının sevimli şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında yana-yana yazmışdı: “Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim”. Sabir Rüstəmxanlı isə onun şeir dünyası barədə demişdi: “Bu poeziya güzgüdür və müəllifin bütün ruh aləmini, həyatını, yaşam tərzini nümayiş etdirir”.
Əbülfət Mədətoğlu həyatda, mətbuatda olduğu kimi, poetik dünyasında da sadədir, səmimidir. Yazı və ifadə tərzi aydın və lakonik olduğundan oxucusunun qəlbinə tez yol tapır, onun ruhunu duruldur, əqidəsini saflaşdırır. Odur ki, bu gün Azərbaycanın söz məkanında, musiqi dünyasında özünəməxsus yeri olan bir qələm əhlidir. Onun onlarla şeirinə musiqilər bəstələnib.
2016-cı ildə qələmə aldığı “Təqdimatdan sonrakı təqdimat” başlıqlı məqaləsindəki sonuncu cümlə isə bu gün Əbülfət müəllimin necə uzaqgörən bir qələm, söz əhli olduğuna sübutdur: “Biz öldürülmüş torpaqlarımızı çiynimizdə tabut kimi yox, əllərimizin üstündə millətimizə, bütövlüyümüzə qaytarıb qovuşduracağıq!” Bəli, ürəklə, inamla deyilən bu söz bizə 44 günlük Böyük Zəfərimizin sevincini yaşatdı və öldürülmüş o torpaqlarımıza zəfərlə qayıdaraq, həyat verdik, işğaldan azad etdik.
Qərənfil DÜNYAMINQIZI,
Əməkdar jurnalist