“Gülüstan” Sarayında Ümummilli liderin 100 illik yubileyi çərçivəsində Mədəni irs forumu işə başlayıb.
İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri –sərgisi ilə tanış olublar. Forumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır.
Qarabağ və Şərqi Zəngəzurun irs nümunələri haqqında söz açan nazir müavini burada 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb: “Aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur. İşğal dövründə onlar ermənilər tərəfindən vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də dövlət qeydiyyatında olmayan 182 obyektin monitorinqi aparılıb”.
Sonra Səadət Yusifova mədəni irsimizin beynəlxalq aləmdə təbliği barədə danışıb. Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirilib. O, deyib ki, son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər sırasında mədəni irs də var. Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır. İki gün ərzində forumda müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq və 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq”.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə forumun əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, zəngin mədəni irsimiz dünya xalqları sırasında özünəməxsusluğumuzun göstəricisidir.
Forum İştirakçılarının fikirlərini təqdim edirik.
Fərhad Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı:
– Hesab edirəm ki, aparılan müzakirələr ümumi işə öz töhfəsini mütləq verməlidir. Forum iki gün davam edəcək, mən onun faydalı olacağına inanıram və iştirakçılarına uğurlar arzulayıram.
Səbinə Hacıyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəisi:
– Çoxdan bu foruma hazırlıq işləri gedirdi, çünki mədəni irs hamını düşündürən məsələdir. Problemlərindən, gələcək işlərdən danışıldı, maraqlı müzakirələr oldu. Forumda daşınar, daşınmaz mədəni irsin problemlərini açmağa çalışdıq. Böyük gözləntilərimiz var. Mədəni irsə aid olan hər kəs burdadır. Bir araya gəlməyin özü də böyük əhəmiyyət kəsb edir.
Nurəddin Mehdixanlı, Xalq artisti:
– Çox böyük məsələlər müzakirə olundu. Azərbaycanda təsviri sənətin, dekorativ tətbiqi sənətin vəziyyəti, memarlığın inkişaf istiqamətləri, ümumilikdə mədəni irs barədə maraqlı fikirlər səsləndirildi, müzakirələr keçirildi. Düşünürəm ki, bu forum mənəvi-əxlaqi dəyərlərimizin qorunub inkişaf etdirilməsi istiqamətində böyük addım olacaq. Mədəniyyətinə sahib çıxan millət tarixinə və taleyinə sahib olar.
Forum işini bu gün də davam etdirəcək.
Ramilə QURBANLI
XQ