Uşaqların peyvənd edilməsi isə zəruridir
Azərbaycanda COVID-19 pandemiyasından sonra ilk dəfədir ki, çox sayda qızılcaya yoluxma qeydə alınır. Sosial şəbəkələrdə və bəzi saytlarda yazılanlara inansaq, düşünə bilərik ki, ölkədəki uşaqların az qala, yarıya qədəri qızılcaya yoluxub. Xəstəlik, hətta tələbələrə də keçib və bəzi tədris müəssisələrində təhsil distant formada aparılır. Bəs reallıq necədir?
Əvvəla, onu deyək ki, qızılca uşaq xəstəliyi olduğundan erkən yaşda bütün uşaqlar bu xəstəliyə yoluxur. Özünü dəridə səpkilərlə göstərsə də, mütəxəssislər qızılcanı dəri xəstəliyi hesab etmirlər. O, törədici virusdur. Xəstəliyin ağırlaşmaları ölümə səbəb olduğundan, ötən əsrdən başlayaraq, kütləvi immunitet üçün peyvənddən istifadə edilir. İnsan qızılcaya yoluxduğunu ağız və əllərdə, kürəkdə yayılan səpkilərdən hiss edir. Amma yoluxma anı bir neçə gün əvvəldən baş verir.
Qızılcanın əlamətləri bir çox viruslarda olduğu kimi qızdırma, titrətmə, öskürək, ağızda, dəridə, boğazda qızartı, qaşınma, baş, bədən, əzələ ağrısı, halsızlıq, iştahsızlıq, zəiflikdir.
İnfeksionistlərin fikrincə, qızılca çox asanlıqla yayılan və bəzi insanlarda orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq, ciddi problemlər yarada bilən bir infeksiyadır. Tibbdə Rubeola və ya Morbilli kimi də tanınan bu xəstəlik tənəffüs sisteminin viral infeksiyası kimi də təyin edilə bilər. Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın inkubasiya dövrü 10–14 gün arasındadır. Qızılcaya, əsasən, uşaqlar yoluxsa da, digər yaş qruplarında olan insanlar da bu virusla xəstələnə bilir. Qızılca virusunun törətdiyi xəstəliyin yeganə məlum mənbəyi insandır. Yəni xəstəlik insandan insana keçərək onu yoluxdurur. Xəstənin öskürməsi və ya asqırması, o cümlədən yoluxmuş şəxslə fiziki təmasda olmaq xəstəliyin ötürülməsinə səbəb olur. Yoluxmuş insan asqırdıqda ətrafa yayılan virus bir saat havada asılı vəziyyətdə qalır. Buna görə də tənəffüs yolu ilə təmas xəstəliyin ötürülməsində mühüm amildir. Sağlam bir insanın qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, geyim, boşqab, çəngəl və ya oyuncaq kimi əşyalara toxunması böyük risk yaradır. Əgər insan bu əşyalara toxunarsa, sonra əlini sabunlamadan ağzına, burnuna və ya gözünə sürtərsə, virusa yoluxma ehtimalı yaranır.
Ləkə, səpki əvvəlcə ağızda, alında başlayır, sonra bütün bədənə yayılır. Onları qaşımaq, yod sürtmək, qopartmaq, yumaq olmaz. Əgər uşaq və ya gənc insan peyvənd olunmayıbsa, ətrafında 1 nəfər belə qızılcalı xəstə olsa, onun 90 faiz yoluxacağı dəqiqdir. Zəif və əlavə xəstəliyi olan uşaqlar, 20–40 yaş arası insanlar qızılcanı daha çətin keçirir. Qızılcanın inkubasiya dövrü 14 gündür. Çox vaxt adi qriplə səhv salınır və xəstə aktiv şəkildə virusu yayır. Qızılcanın ağırlaşması ağciyər, böyrək, ürək, beyində özünü göstərir. Hamilə qadınların qızılcaya yoluxması, xüsusilə, təhlükəlidir. Bütün xəstələr sahə ailə həkimi nəzarətində evdə tam təcrid olunmalıdır.
Mediada yayılan xəbərlərə görə, qızılca ilə mübarizə məqsədilə orta və ali təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb. İnfeksionistlərin fikrincə isə, qızılcaya qarşı tədbirlər koronavirusdan fərqli olmalıdır. COVID-19 pandemiyasında küçə və binaların dezinfeksiyasının elə də əhəmiyyətli təsir etmədiyini gördük. Qızılca o qədər yoluxucu infeksiyadır ki, hətta bir binada 1 xəstə uşağın olması kifayətdir ki, sakinlərin əksəriyyəti yoluxsun. Bu zaman evin, binanın, hətta əllərin dezinfeksiyası yoluxmamaq üçün əsas vermir.
Qızılcadan maska da qorumur. Onunla mübarizənin yeganə yolu karantin və peyvənddir. Hazırda yoluxma aktiv olduğu üçün peyvəndləmə də risklidir. Çünki yoluxan uşağın xəstəliyi gec, 10–14 gün keçəndən, səpkilər əmələ gələndən sonra bilinir. Yoluxmanın gizli dövründə peyvənd vurulsa, bu, ağır fəsadlar yaradar. Peyvəndin özü də virusun zəif törədicisi olduğundan, sağlam uşağa vurulması vacib şərtdir. Ona görə də məktəb, bağça və universitetlərdə xəstəlik riskini həm də orta yaşlı təbəqə daşıyır. Qızılca 30–40 yaş qrupu üçün xüsusilə ağır keçir. 20–30 yaşlı şəxslər, hətta uşaqlıqda peyvənd olunsalar da, qızılcaya yoluxa bilərlər. Lakin orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq, kimin bu xəstəliyi necə keçirməsi öncədən proqnozlaşdırıla bilməz.
Saytlarda və sosial şəbəkələrdə yayılan xəbərlərdə deyilir ki, paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb. Buna görə, liseyin 5-ci sinfi bağlanıb. Dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.
Faktı dəqiqləşdirmək məqsədilə məktəb-lisey kompleksin direktoru İlahə Carçıyeva ilə əlaqə saxladıq. Direktor yazılanları təkzib edərək dedi:
– Gəlib baxa bilərsiniz. Məktəbdə heç bir sinif bağlanmayıb, distant təhsilə keçilməyib. Şagirdlər arasında qızılcaya yoluxma faktının olması barədə, ya poliklinikadan, ya da rayon epidemiologiya mərkəzindən rəsmi təsdiq almalıyam. Əlimzdə yoluxmanın olması barədə heç bir rəsmi, təsdiq olunmuş sənəd yoxdur. Doğrudur, 5-ci sinif şagirdlərinin birində qızdırma olduğundan dərsə gəlməyib. Amma hələ onun da qızılca olduğu təsdiqlənməyib. Qızılca olduğu haqda rəsmi sənəd olmasa da evdə müalicə alır. Elm və Təhsil Nazirliyinə bu barədə məlumat vermişəm. Çünki hər hansı sinfin distant təhsilə keçməsi, yaxud məktəbdə karantin rejiminin elan edilməsi birbaşa nazirin səlahiyyətindədir. Əldə də qızılca təsdiqi ilə bağlı sənəd olmadığından heç bir distant təhsildən söhbət gedə bilməz. Biz gözləyirik. Uşaqların dərsə davamiyyəti yerindədir.
Direktor yayılan şayiələrə də münasibət bildirdi:
– Bilmirəm, nəyə görə bu il qızılca yayılmasından panika yaranıb? Qızılcanı bütün uşaqlar keçirir. Həmişə olub, olacaq da. Nəvələrim bu məktəbdə oxuyurlar. Qızılca söhbəti yayılan kimi evdə tapşırdım ki, onların peyvəndini gecikdirmisinizsə, saxlamayın. Gedib vaksinasiya olundular. Mütəxəssislər də belə fikir bildirir, illərin təcrübəsinə əsaslanıb biz də deyirik ki, yoluxmalardan ən yaxşı çıxış yolu peyvənd olunmaqdır. Biz valideynlər arasında təbliğat aparırıq ki, “ay hörmətli valideyn, uşaqları vaxtında peyvənd etdirin ki, virusa yoluxanda da xəstəliyi yüngül keçirsinlər. Peyvənd vurdurandan sonra nə problem ola bilər? Uşaq 2 həftə müalicəsini alacaq, xəstəliyi yüngül keçirib məktəbə qayıdacaq”.
İllərdir ki, təhsil müəssisəsində işləyirəm. Şagirdlər arasında qızılca da olur, suçiçəyi də, müxtəlif infeksion uşaq xəstəliklərinə yoluxanlar da. Valideynlər nahaqdan vahiməyə düşməkdənsə, şayiələrə inanmaqdansa, uşaqları vaxtında peyvənd etdirsinlər. Bəziləri vaksin əleyhinə, onun fəsad törədə biləcəyinə dair xəbərlər yayırlar. Fakta əsaslanmayan, mənbəyi olmayan yalan xəbərlərə inanlar daha çox olur.
Poliklinikaya müraciət etmişəm, maraqlanmışam ki, vaksinasiya necə gedir? Deyirlər ki, valideynlər gəlib peyvənddən imtina edirlər. Axı, nə səbəbə? Bilinmir. Qəribə şayiələr yayırlar, təhsil müəssisələri də qalır pis vəziyyətdə. Amma məktəbimiz, siniflər qaydasında, dərslərimiz də davam edir. Siniflərdən 1–2 nəfər dərsə gəlməyən varsa, bu, o demək deyil ki, həmin gəlməyən şagirdlər qızılcaya yoluxublar, yaxud qızılca olsa belə, sinif bağlanmalıdır. Hələ heç o bir nəfər xəstələnən şagirdimizin qızılca olduğu təsdiqlənməyib. Hansı distant təhsildən söhbət gedə bilər?
Qəzetiniz vasitəsilə valideynləri bir daha uşaqlarını peyvənd etdirməyə çağırıram. Uşaqlar qızılcanı keçirməlidirlər. Biz də uşaqlıqda qızılca olmuşuq, amma yüngül keçirmişik. Yalnız peyvəndin hesabına. Kimsə narahat olub həyəcan keçirməsin ki, övladım yoluxsa nə edəcəyəm? Vəziyyətdən çıxış yolu vaksinasiyadır. Peyvənd vurduran da yoluxacaq, vurdurmayan da. Fərq xəstəliyin yüngül və ya ağır keçməsində olacaq.
Direktorun fikirlərinə əlavə olaraq deyək ki, insanlar hazırda qızılca xəstəliyinin artımı ilə bağlı narahat olmasınlar. Uşaqları qızılcanın ağırlaşmasından yalnız milli peyvənd təqviminə uyğun olaraq, 1 və 6 yaşlarında peyvənd etdirməklə qorumaq olar. Səhiyyə Nazirliyinin dekabrın 5-də yaydığı müraciətdə deyilir ki, hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar peyvəndin 2-ci dozasını, hər iki dozanı vurdurmayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Z.HÜSEYNOVA
XQ

