Ulu öndər Mingəçeviri müasir sənaye şəhərinə çevirdi

post-img

Əsası su elektrik stansiyasının tikintisi ilə qoyulan Mingəçevir 1948-ci ildə şəhər statusu alsa da, gənc şəhərin inkişaf dövrü Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlamışdır. Azərbaycanın gələcək müstəqilliyini görən Heydər Əliyevin təşəbbüsü və gərgin səyi nəticəsində 1974-cü ildə Cənubi Qafqazın ən iri elektrik enerjisi istehsalı müəssisəsi olan Azərbaycan İES-in tikintisinə başlanmış və 1981-ci il oktyabr ayının 20-də Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilmişdir. 

Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mər­hələnin əsasını qoymuşdur. Sovetlər İttifaqında həcminə və görülən işlərin miqyasına görə nəhəng tikililər sırasında duran Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası Cənubi Qafqazın ən böyük enerji müəssisəsidir. Bu müəssisənin Azərbaycanda tikilməsi keçmiş Sovet rəhbərliyində heç də birmənalı qarşılan­mayıb. Stansiyanın Gürcüstanda və ya Özbəkistanda tikilməsinin tərəfdarları daha çox olub. Lakin Heydər Əliyevin bu məsələlərlə bağlı qətiyyətli mövqeyi res­publikada bir deyil, iki güclü elektrik stan­siyasının tikintisinə imkan yaratdı. Azər­baycan DRES-lə bərabər Şəmkir SES-in də tikintisinə razılıq verildi. 

Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevin yeni Azərbaycan DRES-nə diqqət və qayğısı böyük olmuşdu. Ulu öndər dəfələrlə respublika partiya təşkilatlarının ali məclislərində, fəallar yığıncağında DRES-in iqtisadiyyatımız üçün çox mühüm rol oynayacağını qeyd etmişdi. DRES-in tikintisi eyni zamanda respublikada bu sahə üzrə yerli energe­tik, mühəndis, inşaatçı heyət üçün böyük təcrübə məktəbi oldu. 

“Mingəçevir təkcə energetiklərin şəhəri deyil, kimyaçıların, toxucuların deyil, bütün Azərbaycanın gözəl şəhəri­dir”, –deyən Ümummilli liderin mingəçe­virlilərə göstərdiyi bu diqqət hər birimizin qəlbində əbədi və silinməz izlər buraxıb. 

Respublikada həmin dövrdə kimya sənayesinin inkişafına xüsusi diqqət ye­tirilirdi. Bakı və Sumqayıtla yanaşı, regi­onlarda da kimya müəssisələri tikilib isti­fadəyə verilirdi. Mingəçevirdə bu sahədə istifadəyə verilən yeni müəssisələrdən biri də Texniki-rezin məmulatları zavodu idi. Zavod 1971-ci ildə tam gücü ilə isti­fadəyə verilmişdi. Zavodda sənaye, kənd təsərrüfatı, dəmir yolu nəqliyyatı, neft sənayesi və xalq təsərrüfatının başqa sahələri üçün 300-dən artıq müxtəlif növ texniki-rezin məmulatları hazırlanırdı. Zavod fəaliyyətə başladığı ildə 3 milyon 410 min manatlıq məhsul istehsal etdiyi halda, 1975-ci ildə istehsal olunan məh­sulun dəyəri 25 milyon manatlıqdan çox olmuşdu. 1971-1975-ci illərdə zavodda məhsul istehsalı 8 dəfədən çox artmış, əmək məhsuldarlığı 7,6 faiz yüksəlmiş­dir. Müəssisə SSRİ-dəki bu yönümlü 58 zavod arasında məhsul istehsalına görə 5-ci yerə çıxmışdı. 

Mingəçevirdə fəaliyyət göstərən kimya profilli digər müəssisələrdən biri də şüşə mahlıc zavodu idi. Bu zavodda əsasən elektroizolyasiya, istilik izolya­siyası və hidroizolyasiya təyinatı üzrə parçalar və elektrik mühərriklərinin daxili sarğılarının izolyasiyası üçün şüşə lentlər istehsal edilirdi.

“Nurlar şəhəri”ndə fəaliyyət göstərən “Azərelektroizolyasiya” zavodu respub­likanın xalq təsərrüfatında mühüm əhə­miyyət kəsb edən müəssisələrdən sa­yılırdı. Zavodun tarixində 1970-1980-ci illər ən məhsuldar dövr olmuşdu. Bu illər ərzində zavodda yeni texnologiya və tex­nikanın, mütərəqqi iş üsullarının tətbiqi sahəsində əmək məhsuldarlığı xeyli art­mışdı. Hər cür iş şəraitinə davam gətirən şüşə borular da respublikada ilk olaraq bu zavodda istehsal olunmuşdu. Zavod­da 1971-1975-ci illər arasında məhsul is­tehsalı 76 milyon manatlıq təşkil etmişdi. Bu göstərici əvvəlki beşilliyə nisbətən 44 milyon manat çox olmuşdu. 1970-ci ildə zavodda əmək məhsuldarlığı 112,5 faiz olduğu halda, bu göstərici 1975-ci ildə 206,4 faiz olmuşdu. 

Əsas sexlərin yenidən qurulması, qabaqcıl iş metodlarının istehsala tət­biqi, texnoloji proseslərin ardıcıl surətdə təkmilləşdirilməsi zavodun məhsul is­tehsalında yüksək göstəricilərin qaza­nılmasına səbəb olmuşdu. Müəssisədə müxtəlif profilli izolyasiya materiallarının istehsalını genişləndirmək üçün SSRİ Elektrotexnika Sənayesi Nazirliyi 1975-ci ildə bu zavodun nəzdində elmi şöbə yaradılmasını məqsədəuyğun hesab et­mişdi. Müəssisənin əməkdaşları keçmiş İttifaqın Dnepropetrovsk Kimya-Texno­logiya və Leninqrad (Sank-Peterburq) Politexnik İnstitunun əməkdaşları ilə qar­şılıqlı təcrübə mübadiləsi aparırdı. Elmi şöbənin fəaliyyəti müddətində 27 mühüm ixtira barədə Moskvaya məlumat veril­miş, bunun 9-u müəlliflik şəhadətnaməsi almışdır. Səksəninci illərin ortalarına qə­dər zavodun ümumi istehsalının 70 faizə qədərini fəxri beşguşəli emblem vurul­muş elektrik izolyasiya məmulatları təş­kil edirdi. Bu sahədə zavod Ümumittifaq Elektroizolyasiya Birliyinin tabeliyindəki müəssisələr içərisində fərqlənirdi.

Mingəçevirin sənaye şöhrətini artıran digər müəssisələrdən biri də “Azərkabel” zavodu olmuşdu. Şəhərin ən böyük sə­naye obyektlərindən biri olan bu zavod, həm də, respublikada kabel istehsal edən yeganə müəssisə idi. Heydər Əliyev bu zavodun fəaliyyətini yüksək qiymət­lədirərək qeyd etmişdi ki, bu müəssisə ölkəmizi neft lampalarından xilas edib. Zavod keçmiş İttifaqın xalq təsərrüfatına 10 milyondan manatlıqdan çox müxtəlif markalı məhsul verdi. Dünyanın 16 ölkə­sinə zavod öz məhsullarıni ixrac edirdi. Bunlar arasında Türkiyə, Vyetnam, İran, Əfqanıstan, Almaniya Demokratik Res­publikasI, Əlcəzair və sair ölkələr də var idi . 

Zavodda iş prosesi zamanı əmələ gələn tullantılardan məişətdə istifadə məqsədilə təkrar emal sexi yaradılmışdı. 1970–1975-ci illərdə kabel məhsullarının istehsalında böyük uğurlar qazanılmışdı: məhsul istehsalı 148 faizə çatmış, əmək məhsuldarlığı 158,2 faiz olmuşdu. Za­vodda yeni texnika və texnologiyanın tət­biqi məhsulun keyfiyyətinin yaxşılaşma­sına da öz təsirini göstərmişdi. Zavodun geofiziki məqsədlər üçün istehsal etdiyi kabellər xarici ölkələrə də uğurla satılır­dı. Həmin kabellər üçün zavod bir sıra ölkələrdən böyük həcmdə sifarişlər alırdı. “Azərkabel” zavodu Ümumittifaq əhəmiy­yətli müəssisələr səviyyəsinə yüksələrək “Zaqafqaziyakabel” Birliyinə daxil edil­mişdi. 1979-cu ildə zavodda 381 adda yüksək keyfiyyətli məhsul hazırlanmış və 8 adda məhsul dövlət keyfiyyət nişanı ilə istehsal edilmişdi. 

1970-1980-ci illərdə respublikada kənd təsərrüfatının sənaye təməli üzərin­də qurulmasına, əl əməyinin yüngülləşdi­rilməsinə kömək edən ən müasir texniki vasitələrin işə tətbiq olunmasına xüsusi diqqət yetirilirdi. Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhə­miyyətli müəssisələrin yaradılması sahə­sində ciddi işlər görülürdü. Bu baxımdan Mingəçevir yol maşınları zavodu mühüm əhəmiyyət kəsb edirdi. Bu zavodda isteh­sal olunan müxtəlif markalı maşınlar SS­Rİ-nin onlarca kənd təsərrüfatı rayonuna göndərilirdi. Respublikada ilk dəfə olaraq bu zavodda “USP” (rəqəmlə idarə olunan avadanlıq) markalı universal yığma qur­ğusu işə salınmışdı. Bu qurğu texnoloji quruluşundan asılı olmayaraq, hər cür ehtiyat hissələri hazırlamağa imkan ve­rirdi. 

Zavodda hazırlanan çalaqazan ma­şınlar, avtoyükləyicilər, su nasosları, bul­dozerlər müxtəlif təsərrüfat sahələrində çox uğurla istifadə edilirdi. Hətta bu za­vodda istehsal edilən “KYAU-100”marka­lı xəndəkqazan maşınlar təkcə respubli­ka daxilində deyil, onun hüdudlarından kənarda da tanınırdı. Bu maşın 1972-ci ilin oktyabrında Moskvada keçirilən “Kənd Təsərrüfatı Texnikası-73” sərgisin­də 1-ci dərəcəli diploma layiq görülmüş və bir sıra ölkələrin diqqətini cəlb etmişdi.Elə həmin ildə Macarıstan və Qvineyaya sifariş əsasında 30 ədəd xəndəkqazan maşın göndərilmişdi. Yeni texnika və tex­nologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi nəticəsində zavodda əmək məhsuldarlığı artmış, müəssisə min manatlarla əlavə iqtisadi səmərə əldə etmişdi.

Respublikada bu dövrdə kənd təsər­rüfatının inkişafına olan diqqəti 1972-ci ildə Mingəçevirdə açilmış daha bir müəs­sisənin fəaliyyətində görmək olardı. Min­gəçevir Tikinti yol maşınları təmiri zavodu 1972-ci ildə Azərbaycan SSR Kənd Tikin­tisi Nazirliyinin dəstəyi ilə yaradılmışdır. 1973-cü ildə tam gücü ilə fəaliyyətə baş­layan zavod xüsusilə kənd təsərrüfatında istifadə olunan maşın və mexanizimlərin təmiri üzrə ixtisaslaşdırılmışdır. Zavodda kənd təsərrüfatı üçün müxtəlif maşınlar, mexanikləşdirilmiş yedəklər, eləcə də heyvandarlıq və quşçuluq fermaları üçün metal konstruktorlar istehsal olunurdu. Zavodda istehsal olunan yüksək məhsul­darlığa malik kiçik qabaritli susoyuducu qurğuların böyük təsərrüfat əhəmiyyəti vardı.

Mingəçevirdə istehsal olunan məh­sulların əksəriyyəti kənd təsərrüfatı ob­yektlərində geniş şəkildə tətbiq olunur­du. Burada kənd təsərrüfatı sahəsində ixtisaslaşan və yenidən qurulan müəs­sisələrdən biri də Təcrübi Eksperimental Sınaq zavodudur. Bu müəssisə şəhərdə respublika rəhbəri Heydər Əliyevin şəxsi təşəbbüsi ilə açılmışdır. Zavod müxtə­lif kənd təsərrüfatı və digər maşınların əsaslı təmiri ilə məşğul idi. 

Mingəçevir 5 nömrəli kənd tikinti tresti, 5 nömrəli avtonəqliyyat kontoru, 5 nömrəli mexanizasiya idarəsi, 5 nöm­rəli dəmir-beton məmulatı və ağac emalı zavodları bilavasitə kənd təsərrüfatına xidmət edən idarə və müəssisələrdən idi.

1970–1980-ci illər Azərbaycanda ti­kinti kompleksinin daha çevik işlədiyi bir dövr, sosial-iqtisadi inkişafın təmin olunmasından ötrü tikinti-quruculuq işlə­rinin geniş miqyas aldığı bir mərhələdir. Respublikada bu illərdə tikinti materialları istehsalının artırılmasına və bu sahədə yeni sahələrin tikilib istifadəyə verilmə­sinə xüsusi diqqət yetirilirdi. Azərbaycan KP MK-nin 1971-ci ilın iyulunda keçirilmiş plenumunda əsaslı tikintinin vəziyyəti xü­susi müzakirə edilmişdi. Mingəçevirdə fəaliyyət göstərən qum-çınqıl zavodu, iri panellərdən evtikmə kombinatı, də­mir-beton konstruksiyaları zavodu və di­gər oxşar profilli müəssisələr həm şəhərin özündə, həm də digər rayon və kənd­lərdə sürətli tikinti işləri aparmaq üçün imkanlar yaradırdı. Mingəçevir mənzil tikintisinin həcminə görə respublikada fərqlənən şəhərlərdən idi. Sosial həyatın ən mühüm göstəricilərindən olan mən­zil tikintisinin həcmi 1970-1980-ci illərdə şəhərdə xeyli artmışdı. Hər il Mingəçe­virdə təqribən 35-40 min kvadratmetrdən çox mənzil tikilib istifadəyə verilirdi.

Bu dövrdə Ulu öndər Mingəçevirdə təhsilə, yeni tədris binalarının tikintisinə, təhsil müəssisələrinin müəllim kadrları ilə təmin edilməsinə də ciddi diqqət yetirirdi. “Gənclərin ümumi orta təhsilə keçmə­sinin başa çatdırılması və ümumitəhsil məktəblərinin işinin daha da inkişaf etdi­rilməsi haqqında” 10 avqust 1972-ci il ta­rixli Azərbaycan KP və Nazirlər Sovetinin qəbul etdiyi qərar Mingəçevir Xalq Maarif Şöbəsində də müzakirə edilmiş və bun­dan irəli gələn məsələlər müəyyənləşdi­rilmişdi. 1972-ci ildə şəhərdə 1000 yerlik məktəb binası tikilib istifadəyə verilmiş, 13 məktəb binasından 6-da əsaslı təmir işləri aparılmış, şəhər tabeli Tərəvəzçilik sovxozunda 5 nömrəli səkkizillik məktəb üçün 120 şagird yeri olan 3 sinif otağı və 2 yardımçı otaq istifadəyə verilmişdi. Şəhər ZDS İcraiyyə Komitəsi tərəfin­dən Gənc Texniklər Stansiyası üçün 17 otaqdan ibarət yeni bina ayrılmış, şəhər müəllimlər evi və Səhər Maarif Şöbəsi üçün də yeni bina istifadəyə verilmişdi. 1973-cü ildə Mingəçevirdə 21 ümumtəh­sil məktəb var idi ki, onların 6-sı gündüz, 6-sı axşam, 8-i səkkizillik, 1-i isə qiyabi məktəb kimi fəaliyyət göstərirdi. Şəhərin ümumtəhsil məktəblərində 14 mindən çox şagird təhsil alırdı ki, onlara da 751 müəllim dərs deyirdi. Şəhərdəki 13 uşaq bağçası və körpələr evində 2 mindən çox uşaq tərbiyə olunurdu. Mingəçevirdə Politexnik Texnikumu, Tibb Məktəbi, tex­niki peşə məktəbləri, musiqi və mühasib məktəbləri də fəaliyyət göstərirdi. Min­gəçevir gəncləri arasında idmanın avar­çəkmə, baydarka, sərbəst güləş, yüngül atiletka kimi növləri geniş yayılmışdır. Şəhər idmançılarının ən çox uğur qazan­dığı idman növü avarçəkmə idi. 

Ötən əsrin 70-80-ci illərində respub­likada sosial və mədəni quruculuğun bü­tün sahələrində böyük nailiyyətlər əldə edilmişdi. Artıq 1972-ci ildə şəhərdə 9 kitabxana, 4 klub, Dövlət Dram Teatrı və Tarix Diyarşünaslıq Muzeyi fəaliy­yət göstərirdi. Həmçinin 5 kinoteatr, 4 kinoqurğu, 3 səyyar kinoqurğu da əha­liyə xidmət edirdi. 1978-ci ildə şəhərdə mərkəzləşdirilmiş kitabxana sistemi ya­radılmışdı.

Mingəçevir şəhərində uzun müddət fəaliyyət göstərən Xalq teatrının bazası əsasında Azərbaycan SSR Nazirlər So­vetinin 13 yanvar 1969-cu il tarixli qərarı ilə Dövlət Dram Teatrı yaradılmışdı. 

Şəhərdə fəaliyyət göstərən tarix-di­yarşünaslıq muzeyində qədim və müasir dövrləri əks etdirən maddi-mədəniyyət nümunələri, ev əşyaları, təsərrüfat alətlə­ri, şəhər sənaye müəssisələrinin istehsal etdiyi məhsullar nümayiş etdirilirdi. 

Şəhərin səhiyyə sistemi də həmişə Heydər Əliyevin diqqət mərkəzində olan sahələrdən olub. Mingəçevirdəki tibb müəssisələri təkcə şəhər sakinlərinə deyil, ətraf rayon və kəndlərin əhalisinə xidmət göstərirdi. Bu dövrdə xəstəxana xidmətinin yaxşılaşdırılmasında bir sıra tədbirlər görülmüş, stasionarlar yum­şaq və bərk invertarlarla təchiz edilmiş, biokimyəvi və endokrin analizlər üçün laborotoriya təşkil edilmişdi. 1977-ci ildə şəhərdə yeni xəstəxana tikilib istifadəyə verilmişdi. Yeni xəstəxanada travmalo­ji, qulaq-burun, əsəb xəstəlikləri şöbəsi, seroloji laboratoriya fəaliyyətə başladı. 1980-cı ildə Mingəçevirdə 199 həkim, 655 tibb işçsi, beş xəstəxana, iki polik­linika iki stasionar-səhiyyə hissəsi, tib­bi-bədən tərbiyəsi dispanseri, zavod və fabriklərin nəzdində yaradılmış həkim məntəqələri, xüsusi stomatoloji profilak­tika əhalinin xidmətində idi. 

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu Mingəçevirə də təsirsiz ötüşmədi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş "Azər­baycan" İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təc­hizatında ciddi problemlər yaşana bilər­di. Beləliklə, Azərbaycanı o illərdə qurub yaradan, respublikanı bütün sahələr üzrə kənar asılılıqlardan çıxararaq döv­lət müstəqilliyi üçün zəruri əsasları for­malaşdıran Ulu öndərin enerji sektoruna diqqət və qayğısının əsl səbəbləri Azər­baycan müstəqilliyə qovuşduqdan sonra daha aydın və dolğun şəkildə duyuldu.

1998-ci ilin oktyabrında Heydər Əliyevin Mingəçevirə növbəti gəlişi, vətəndaşlarla görüşü, Məscid kompleksi­nin açılış mərasimindəki çıxışı mingəçe­virlilər üçün bir proqram olmuşdur. Mingə­çevirlilərlə görüşdən məmnun olduğunu dilə gətirən Ulu öndər demişdir: “Mingə­çevirin tikilməsində, qurulmasında, inki­şaf etməsində mən vaxtilə çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hün­dür binaları, gözəl meydanları, gözəl ya­şıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycana rəhbər­liyə başlayarkən biz Azərbaycanın hər yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə bura­ya xüsusi fikir verirdik. Mən çox şadam ki, bizim gördüyümüz işlər yaşayır, inkişaf edir və insanlar burada yaranmış bütün imkanlardan istifadə edirlər, yaşayırlar”. 

Mingəçevir inkişaf yoluna yenidən qə­dəm qoydu. Bugünkü inkişaf və tərəqqi, həyata keçirilən regionların sosial iqtisa­di inkişafı Dövlət Proqramı da məhz Ulu öndərin başladığı fəaliyyət istiqamətinin davamıdır. 

2018-ci il iyulun 3-də “Azərbaycan İES” MMC-də baş vermiş məlum qəza hadisəsindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstə­rişlərinə uyğun olaraq maliyyə vəsaiti ay­rılmış, stansiyanın reablitasiya, təmir və bərpa proqramı hazırlanmış, dərhal icra­sına başlanmışdır. 2020-ci il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində reablita­siya proqramı çərçivəsində yenidən qu­rulmuş “Azərbaycan” İstilik Elektrik Stan­siyasında Ulu öndərin abidəsi önündə demişdir: “Ulu öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik”. 

13 fevral 2023-cü il tarixində Bakı­da “Gülüstan” sarayında Azərbaycanın energetiklər şəhəri olan Mingəçevirdə tikiləcək 1300 MVt gücündə istilik elekt­rik stansiyasının təməlqoyulma mərasimi keçirildi. Prezident İlham Əliyev bildirdi ki, indi Mingəçevir şəhərinin Azərbay­canın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə ola­caq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektro­energetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sər­fiyyatı kifayət qədər aşağıdır və bu, im­kan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanın­da Azərbaycan qazına böyük tələbat ol­duğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə ola­caqdır. Yaxın gələcəkdə Azərbaycanın elektrik enerjisi də neft və qaz kimi Avro­pa məkanına çatdırılacaq.

Ümummilli liderin əsasını qoydu­ğu quruculuq prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin edir. Ulu öndərin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsasını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi və möhkəmlən­dirilməsi təşkil edir. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqti­sadiyyatına inteqrasiyası ölkəmizi sürətli tərəqqi yoluna aparmışdır. 

Biz mingəçevirlilər fəxr edirik ki, müa­sir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, xalqımızın böyük oğlu, Ümum­milli lider Heydər Əliyevin başladığı uğur­lu siyasəti ləyaqətlə davam etdirən, ölkə­mizin yeni inkişaf tarixini yaradan, dünya miqyasında nüfuzunu artıran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbəriyi altında bütün respublikamız, o cümlədən Mingəçevir şəhəri sabaha doğru inamla addımlayır.

 

Almaz ƏLİYEVA,
Mingəçevir Dövlət Universiteti mühəndislik fakültəsinin dekanı, dosent



Sosial həyat